Azərbaycanlı qonaqlar burada keçirilən “Транспорт, наyка и образование -2018” konfransında iştirak ediblər
Azərbaycan Texniki Universitetinin (AzTU) nəqliyyat fakültəsinin bir qrup tələbəsi 9-20 aprel 2018-ci il tarixlərində “Dəmiryol nəqliyyatının istismarı” kafedrasının dosenti İsrail Elyazovun rəhbərliyi ilə Rusiyanın Rostov Dövlət Dəmir Yolu Universitetində (RDDYU) ezamiyyətdə olub.
Ezamiyyət dövründə tələbələr RDDYU-nun “Vaqonlar və vaqon təsərrüfatı”, “Elektrik hərəkət vasitələri”, “Lokomotivlər və lokomotiv təsərrüfatı” və “Daşıma prosesinin idarə olunması” kafedralarının maddi-texniki bazaları ilə tanış olub, ixtisas qruplarının dərslərində iştirak ediblər. Səfər çərçivəsində, həmçinin, universitetin bazasında yaradılan “Sapsan”, “Lastoçka” və “Virtual Dəmiryolu” laboratoriya-trenajor komplekslərində aparılan sınaq dərslərinin metodikasına baxış keçirilib.
Səfərin növbəti günlərində tələbələr tədrisin istehsalatla qarşılıqlı əlaqəsini genişləndirmək məqsədi ilə yaradılan “Bataysk Vaqon təmiri deposunda” yük vaqonlarının təmir texnologiyası və deponun istehsal-idarəetmə strukturuna baxış keçiriblər. Burada mühəndislər tərəfindən vaqon təsərrüfatında yaradılan yeni innovativ texnologiyalar haqqında tələbələrə məlumatlar verilib.
Tələbələr 19 aprel tarixində RDDYU-də keçirilən “Транспорт, наyка и образование -2018” konfransında da iştirak ediblər. Konfransda tələbələrə rəhbərlik edən dosent İsrail Elyazov “Azərbaycan dəmir yolunda vaqon təsərrüfatının perspektiv inkişafı” mövzusunda çıxış edib. Konfrans iştirakçılarının diqqətini cəlb edən məruzədən sonra Azərbaycan və Rusiya dəmiryolu sahələrinin, o cümlədən vaqon təsərrüfatının qarşılıqlı əlaqələri və inkişaf meyarları müzakirə olunub.
Bundan əlavə, universitetdə Rusiya, Azərbaycan və İran nümayəndələrinin iştirak etdiyi “dəyirmi masa” da təşkil olunub. “Dəyirmi masa”da “VII Beynəlxalq sosial-iqtisadi forum”, həmçinin “Rusiyanın cənubunda nəqliyyat dəhlizləri sistemi: rəqəmli transformasiya və təhsil potensialı” mövzusunda müzakirələr keçirilib.
11 gün davam edən ezamiyyət çərçivəsində tələbələr Rusiyanın Rostov və Taqanqoq şəhərlərinin tarixi abidələri ilə tanış olub, muzeylərə, bəzi elmtutumlu sənaye komplekslərinə səfər ediblər.