Senytabrın 14-də Ağstafa rayonunda Böyük Kəsik kənd tam orta məktəbinin yeni binasının açılış mərasimi keçirilib.
Mərasimdə Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov, Ağstafa Rayon İcra Hakimiyyətin başçısı Nizaməddin Quliyev, Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri Kamran Abbasov, məktəb rəhbərliyi və pedaqoji kollektivi, şagird və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov məktəbin açılışı və yeni tədris ilinin başlaması münasibəti ilə təhsil işçilərini, məktəbliləri və valideynləri təbrik edərək onlara uğurlar arzulayıb.
Muxtar Məmmədov ölkənin hər bir bölgəsində müasir standartlara cavab verən təhsil ocaqlarının tikildiyini, bunun gənc nəslin savadlı və vətənpərvər ruhda formalaşmasına xidmət etdiyini diqqətə çatdırıb. Aparat rəhbəri ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb, təhsil sahəsində qazanılan uğurlardan söz açıb və yeni tədris ilində qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Ağstafa Rayon İcra Hakimiyyətin başçısı Nizaməddin Quliyev də çıxışında məktəbin pedaqoji kollektivini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Açılış mərasimindən sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar.
Bildirilib ki, 2 mərtəbəli məktəb binasında sinif otaqları, informatika kabineti, laboratoriya, idman və akt zalları, hərbi otaq və yeməkxana var. Sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Məktəbdə 264 şagird təhsil alacaq.
***
Sentyabrın 14-də Tovuz rayonu N.Sadıqov adına Alakol kənd 1 nömrəli tam orta məktəbin yeni tədris binasının da açılış mərasimi keçirilib.
Məktəbin açılışında Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Tovuz Rayon Təhsil Şöbəsinin müdir əvəzi Məhəbbət Hüseynova, məktəbin pedaqoji kollektivi, şagirdlər və yerli sakinlər iştirak ediblər.
Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov yeni tədris ilinin əvvəlində bir neçə müasir standartlara cavab verən təhsil ocaqlarının istifadəyə verildiyini bildirib, təhsilə dövlət səviyyəsində göstərilən qayğı və diqqətin nəticəsi olaraq tədrisin keyfiyyətinin yüksəldiyini vurğulayıb.
Pedaqoji kollektivi tədrisin keyfiyyətini daha da yaxşılaşdırmağa, gəncləri milli ruhda tərbiyə etməyə səsləyən Muxtar Məmmədov şagird və müəllim kollektivinə yeni tədris ilində uğurlar arzulayıb.
Çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonun təhsil uğurlarından söz açıb.
Açılış mərasimindən sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar.
Qeyd edək ki, yeni tikilən məktəb binası 624 şagird yerlikdir. Məktəb kimya, fizika və biologiya daxil olmaqla 6 laboratoriya otağı, 1 kompüter otağı, 1 linqafon otağı, tibb otağı, yeməkxana, kitabxana, akt zalı, idman zalı, ərazisində geniş idman meydançası, sanitar qovşağı və qazanxana ilə təchiz olunub.