Universitet beynəlxalq əlaqələrini genişləndirir
Qarşılıqlı müqavilə əsasında Kabardin-Balkar Dövlət Aqrar Universitetinin 7 nəfərdən ibarət tələbə heyəti və müəllimləri Azərbaycan Dövlət Aqrar Universitetinə səfər edib. Qonaq tələbələr həftə müddətində universitetin baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin 3-cü kurs tələbələri ilə birgə tədris prosesində iştirak edəcək, qonaq müəllimlər isə baytarlıq və baytarlıq sanitar ekspertizası üzrə müvafiq kurslarda mühazirələr söyləyəcəklər.
Qonaqları qəbul edən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov təhsil müəssisəsinin tarixi və bu günü haqqında məlumat verib, aqrar sektorun kadr təminatında universitetin rolundan danışıb, qonaqları maraqlandıran sualları cavablandırıb. Qonaqlar səmimi qəbula görə minnətdarlıqlarını bildirib və iki universitet arasında qarşılıqlı münasibətlərin daha da genişləndirilməsi üçün təkliflərini veriblər. Bakalavr və magistr hazırlığı, müəllim mübadiləsi, ikili beynəlxalq konfransların təşkili və s. barədə konkret razılıq əldə edilib.