23 aprel - "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" münasibətilə Ağstafa şəhər 2 nömrəli tam orta məktəbdə tədbir keçirilib. Məktəbin kitabxanasında təşkil edilən tədbirdə şagirdlər və müəllimlər iştirak ediblər. Rayon təhsil şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Nəcibə Vəliyevanın verdiyi məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd kitabların insan həyatındakı böyük əhəmiyyətini vurğulamaq, müəlliflik hüququnun mədəni irsin yaranmasında və qorunub saxlanmasındakı rolunu göstərmək, informasiya cəmiyyətinin formalaşmasındakı əhəmiyyətini diqqətə çatdırmaq, əqli mülkiyyətin yaradıcılarına olan hörmət və ehtiramı nümayiş etdirmək, diqqəti mədəni irsin və adət-ənənələrimizin qorunub saxlanmasına yönəltməkdir.
Məktəbin kitabxanaçıları çıxış edərək bildiriblər ki, mütaliə müasir dövrün və tarixi keçmişin hadisələri ilə yaxından tanış olmağa, həyata obyektiv baxışın formalaşmasına kömək edir.
Tədbir diskussiya şəklində başa çatıb.
Şakir CƏFƏROV