Qax rayonunda Elçin Şahmərdanov adına Tasmalı kənd və Şota Rustaveli adına Əlibəyli kənd tam orta məktəblərinin açılış mərasimi keçirilib.

 

Tədbirdə Təhsil nazirinin müavini İdris İsayev, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Açılış mərasimində çıxış edən nazir müavini İdris İsayev bildirib ki, son bir neçə ildə ölkəmizdə 4 500-ə yaxın məktəbdən təxminən 3 mini əsaslı təmir olunub və yeni məktəb binaları istifadəyə verilib. Nazir müavini qeyd edib ki, təhsilə dövlət səviyyəsində göstərilən diqqət və qayğı nəticəsində tədrisin keyfiyyəti yüksəlib və müəllimlərin əməkhaqqının sentyabrın birindən 20% artırlması bu qayğının bariz göstəricisidir.

 

Nazir müavini müəllim, şagird və valideynləri “Bilik günü” münasibətilə təbrik edib, yeni tədris ilində hər birinə uğurlar arzulayıb.

 

Tədbirdə iştirak edən kənd sakinləri müasir infrastruktura malik məktəblərin inşasının tədrisin səviyyəsinin daha da yüksəlməsinə müsbət təsir edəcəyini qeyd ediblər.

 

Sonra tədbir iştirakçıları məktəbin sinif otaqları, fənn kabinetləri, laboratoriya və idman zalı ilə yaxından tanış olublar.

 

Qeyd edək ki, Tasmalı kəndində 264, Əlibəyli kəndində isə 216 şagird yerlik  məktəb binalarında  sinif otaqları ilə yanaşı 11 fənn kabineti, kompüter, texnologiya otaqları, laboratoriyalar, kitabxana, akt və idman zalları, xidməti otaqlar fəaliyyət göstərir. Məktəb binalarında müasir istilik və müşahidə sistemləri quraşdırılıb.

 

Elçin Şahmərdanov adına Tasmalı kənd tam orta məktəbində 273 nəfər şagirdin təlim-tərbiyəsi ilə 30  müəllim, Şota Rustaveli adına Əlibəyli kənd tam orta məktəbində isə 161 nəfər şagirdin təlim-tərbiyəsi ilə 35 müəllim məşğul olur. 2018-2019-cu tədris ilində Elçin Şahmərdanov adına Tasmalı kənd tam orta məktəbini bitirən 16 məzundan 10-u ali təhsil müəssisələrinə, 3 nəfəri isə orta ixtisas təhsil müəssisələrinə qəbul olunub. Şota Rustaveli adına Əlibəyli kənd tam orta məktəbini ötən il bitirən 16 məzundan 7-si Gürcüstanın ali təhsil müəssisələrinə qəbul olunublar.