60 minə yaxın namizədin arasından rekord balla seçilən gənc müəllimlər
Məktəb həmin məktəbdir, müəllimi yenidir. Gələn hər yeni müəllim isə yeni nəfəsdir. Elə bir nəfəs ki, məktəbin ruhunu, rəngini, simasını dəyişir. Dəyişə bilirlər, çünki onlar seçilənlərdir. Hər biri müəllimlərin işə qəbulu üzrə müsabiqənin 4 mərhələsindən uğurla keçib “namizəd”likdən müəllimliyə yüksələnlərdir.
Xatırlayırsınızsa, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqə iyulun 2-8-də aparılan elektron sənəd qəbulu ilə başladı. 50697 namizəd qeydiyyatdan keçərək bu yarışa qatılmaq istəyini bildirsə də, ilk süzgəcdən keçən 46839 namizəd imtahanlarda iştirak hüququ qazandı. Müəllim olmaq istəyən hər namizədi həyəcanlandıran o gün çatanda iddialıların sıraları bir az da seyrəldi və müəllim adı uğrunda mübarizəyə 39 min 163 namizəd qoşuldu. İyulun 16-da başlayan imtahanlar 31-də başa çatdı. 17 gün davam edən imtahanların nəticələrinə görə, namizədlərin sırası seyrəldi. Növbəti mərhələdə Təhsil Nazirliyinin elan etdiyi 7300 vakant yer uğrunda mübarizə aparanların sırasında cəmi 3737 nəfər vardı. Bu mərhələdən də uğurla çıxanlardan biri isə o oldu, Aida Sadıqova. O, iyunun 22-də keçirilən kimya fənni üzrə imtahanlarda 60 bal toplayaraq maksimum nəticə göstərdi. İndi isə 16 nömrəli Texniki-Humanitar Liseyin müəllimidir.
İki körpəyə rəğmən müəllimlik
2019-cu ildə keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqədə ən yüksək bal toplayan bir müəllim də var. A.Sadıqovadan fərqli olaraq nəinki təcrübə toplayıb, əksinə, tələbəlikdən ana adına sahiblənən vətənə iki oğul böyüdüb. Hər ikisini məktəb yaşına çatdırar-çatdırmaz təhsil aldığı ixtisas üzrə işləyə bilmək üçün müsabiqəyə baş vurub. Budur, sınaq günü gəlib çatıb.
Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq istəyən namizədlər imtahan verib. İyunun 24-də keçirilən həmin imtahanda o da iştirak edib. Söhbət Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu Süsən Məmmədovadan gedir. O S.Məmmədovadan ki, bu il mümkün olan ən yüksək balı toplayan 2-3 namizəddən biri olub. Girdiyi sınaqdan üzüağ çıxacağına inanıb. Ən yüksək nəticə göstərərək 60 bal toplayıb və Sumqayıt şəhərindəki Y.Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbin müəllimi olub.
Özü də müəllimlərin işə qəbulu üzrə müsabiqədə hər hansı hazırlıq kursunda iştirak etmədən uğur qazanıb: “Kurikulumla tanış deyildim. Biz təhsil alanda yeni metodika tətbiq edilmirdi. Bakalavr təhsilində də kurikulumla bağlı heç nə keçmədik. Ona görə də müəllimlərin işə qəbulu imtahanlarına qatılanda bu barədə məlumatsızlığım öz sözünü dedi. İlk dəfə test imtahanında 38 bal topladım”.
Növbəti imtahanlarda - 2017-ci ildə 45, 2018-ci ildə 46 bal toplayaraq getdikcə nəticələrini yaxşılaşdırıb. İştirak etdiyi imtahanlar da S.Məmmədovanın istiqamət verəni olub: “Hər imtahandan sonra sualları özüm üçün təhlil etdim. Hansı mövzular salınır, hansı məqamlara diqqət yetirmək lazımdır, araşdırdım. Mövzuların hansı vəsaitlərdən düşdüyünü müəyyənləşdirdim. Əvvəllər ənənəvi vəsaitlərlə hazırlaşırdım. Ona görə də yüksək nəticə əldə edə bilmirdim. Sonra yeni vəsaitlər tapdım. Uşaqlar yatandan sonra oxudum. Gündüzlər birini məktəbə, digərini bağçaya aparırdım, sonra böyük oğlumun dərslərinə kömək edirdim. Ona görə gündüz oxumağa vaxtım qalmırdı. Ancaq gecələr məşğul ola bilirdim. Bu da mənə kifayət etdi”.
Dərslər başlamadan S.Məmmədova “müəllim”liyə başlayıb. Müəllim olmaq istəyənlərin yolgöstərəninə çevrilib: “Düşünürəm ki, hər hansı kursa getməyə, xüsusi hazırlığa ehtiyac yoxdur. Məndən soruşurlar ki, yüksək nəticəni necə əldə etdim. Bunun sirri yoxdur. Dərsliklər ən yaxşı hazırlıq vəsaitləridir. Sadəcə ən xırda məqamlara belə diqqət yetirmək lazımdır. İmtahanda salınan suallar məhz bu qənaətə gəlməyimə səbəb oldu. Hamı deyirdi ki, suallar asandır. Ancaq suallar asan görünürdü, əslində asan deyildi. Məhz buna görə də yaxşı yazdığını düşünüb aşağı nəticə göstərənlər oldu. Nəticədə imtahan suallarını asan bilib, kompüterin onların ballarını azaltdığını iddia belə etdilər. Halbuki sualı asan hesab edib düşünmədən cavab yazmışdılar. Əslində, cavab başqa idi. Odur ki, növbəti illərdə imtahan verəcək şəxslərə məsləhət görürəm ki, nə soruşulduğuna diqqət etsinlər. Hazırlaşanda isə mövzunu incəliklərinə qədər öyrənmək lazımdır”.
Bir yanlış, bir doğru seçim...
Sumqayıtda doğulub, böyüyüb, məktəbə gedib. Onu bu peşəyə həvəsləndirən müəllimini bu şəhərdə tanıyıb. İndi özü də Sumqayıtda dərs keçəcək: “2005-ci ildə tələbə ola bilmədim. Balım az deyildi. 400-dən yuxarı bal toplamışdım. Ancaq seçimim yanlış idi. Keçid balı yuxarı olan yerlər seçmişdim. Ona görə də müsabiqədən kənarda qaldım. 2006-cı ildə səhvimi düzəltdim. Daha yüksək balla, ən önəmlisi, doğru seçim edərək Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə Azərbaycan Müəllimlər İnstitutuna qəbul olundum”.
2010-cu ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirsə də, əldə etdiyi nəzəri bilikləri təcrübədən keçirmək qismət olmayıb. Çünki qismətinə ailə qurmaq yazılıb. “Yazıya pozu yoxdur”, - deyib qismətinin arxasınca gedib. O da gənc Süsəni Goranboy rayonuna aparıb çıxarıb. Bu müddət ərzində Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yaşayan ailə illər sonra gələcəyi ilə bağlı həlledici qərarlar verib: “Həyat yoldaşım hərbçidir. Sərhəd bölgəsində xidmətdə olduğu üçün iş barədə düşünə bilmədim. Sonra uşaqlar doğuldu. Yaxınlarımız yanımızda olmadığından onları etibar edəcəyimiz adam tapmadım və uşaqlar böyüyənə qədər iş barədə düşünə bilmədim”.
İş barədə düşünməyə başlayanda seçiminə xüsusi diqqət yetirib. Tələbə olmaq üçün etdiyi yanlış seçim onun özünün bir ilini itirməsinə səbəb olmuşdusa, yanlış iş yeri seçimi başqalarının işini itirməsinə səbəb ola bilərdi: “Mövcud olan vakansiyalar yaşadığım yerdən uzaq idi. Gedib-gəlməyim problem yaradacaqdı. Aşağı Ağcakənddən uzaqda olan məktəbə getməkdənsə, Sumqayıtdakı vakansiyaları seçmək əlverişli idi. Yoldaşımın da təqaüd yaşı yaxınlaşdığından, Goranboyda uzun müddət qalmayacaqdıq. Ona görə də Sumqayıtda olan vakansiyaları dəyərləndirdim. Məndən çox soruşurlar, niyə Bakını seçmədiyimlə maraqlanırlar. Ancaq işləməyəcəyim yeri seçmək istəmədim. Başqasının işləyə biləcəyi yeri tutub sonradan işləməmək doğru olmaz. Goranboyda uzaqda yerləşən məktəbə gedə bilməyəcəkdim. Bakıya da gedib-gəlmək çətin olacaqdı. Ona görə də seçim edərkən hər şeyi ölçüb-biçdim, düzgün qərar verməyə çalışdım”.
Öz müəllimi kimi müəllim olacaq
Artıq qərarını verib. İndi qalıb sinfə girib dərs demək. Görəsən, Süsən necə müəllim olacaq? İndiyədək heç sinfə girməyən yeni müəllimin xəyalındakı müəllim obrazı necədir?
Dediyinə görə, müəllim olmağa müəllimini sevib qərar verib. Müəllimi kimi müəllimlik edəcək: “Oğluma necə müəllim axtarıramsa, necə müəllimin dərs deməyini istəyirəmsə, özüm də elə müəllim olmağa çalışacağam”.
O, artıq işləyən müəllimdir. Tezliklə ən çox etibar olunan müəllimlərdən də sayılacaq. Çünki ölkədə nəticələrinə ən çox etibar olunan müəllimlərin işə qəbulu üzrə müsabiqənin seçdiklərindəndir: “Artıq neçə ildir ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin iştirakçısıyam. İlk mərhələsindən son mərhələsinə qədər bütün prosesin elektron qaydada həyata keçirilməsi müsabiqənin nəticələrinə güvəni artırır. Elə buna görə də ölkəmizdə məktəbə də, müəllimə də münasibət dəyişir. Müəllimə inanır, güvənirlər”.
S.Məmmədova deyir ki, bu yay Təhsil Nazirliyinin 3 ən uğurlu elektron xidmətinin istifadəçisi olub: “Müəllimlərin işə qəbulu üzrə müsabiqədən başqa, şagird yerdəyişməsi və məktəbəhazırlıq qruplarına qəbulun həyata keçirildiyi elektron xidmətlərdən də istifadə etdim. III sinifdə oxuyan oğlumu yaşayış yerimi dəyişməyimlə əlaqədar olaraq Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı şəhər 4 nömrəli orta məktəbindən Sumqayıt şəhər 28 nömrəli tam orta məktəbinə uğurla, heç bir problem yaşamadan dəyişdirdim. İkinci oğlumun isə 5 yaşı var. Bu il məktəbəhazırlıq təlimlərinə başlayacaq. Ona da elektron qaydada məktəb və sinif seçdik. 28 nömrəli məktəb təhsil aldığım təhsil müəssisəsidir. İndi uşaqlarım da orda oxuyacaqlar. Məktəbəhazırlıq təlimlərinə cəlb edilən oğlumun müəllimini də oxuduğum illərdən tanıyıram və sevirəm”.
“Başqa müəllimlərin dərsindən çıxartdığım nəticələr sayəsində yüksək bal toplaya bildim”
Aida Sadıqova Suraxanı rayonundakı 141 nömrəli tam orta məktəbi bitirəndən sonra Bakı Dövlət Universitetinin (BDU) tələbəsi olub. Tələbə biletini qürurla daşıyıb. Əvvəlcə universitetdə qalmaq, taleyini universitetlə bağlamaq istəyib. BDU-da kimya müəllimliyi üzrə bakalavr, kolloid kimya ixtisası üzrə magistraturanı bitirib: “2013-cü ildə bakalavrı bitirib, təhsilimi magistratura pilləsində davam etdirəndə niyyətim bu idi. Universitetdə qalmaq istəyirdim. Bir neçə dəfə BDU-ya müraciət etsəm də, müraciətlərim cavabsız qaldı. Bundan sonra, MİQ müsabiqəsində iştirak etmək qərarına gəldim”.
Müsahibim deyir ki, birinci dəfə MİQ müsabiqəsində 2015-ci ildə iştirak edərək, 54 bal toplayıb: “Vakansiya seçimi mərhələsinin nəticələrinə uyğun olaraq, Qala qəsəbəsində yerləşən 185 nömrəli məktəbə təyinat alsam da, imtina etməli oldum. Çünki həmin vaxt magistraturada təhsilimi davam etdirirdim və məktəbin yolu uzaq olduğu üçün orada işləməyimin imkansız olacağını düşündüm”.
Elə həmin ərəfədə təcrübə qazanmaq üçün ikinci şansı yaranıb və onu dəyərləndirib. Nəticədə ilk iş təcrübəsi “Kaspi” liseyində olub: ““Kaspi” liseyinin elan etdiyi təcrübə proqramında imtahan verib iştirak hüququ qazandım. Orada 1 il təcrübəçi, ikinci il köməkçi müəllim, üçüncü il isə müəllim kimi fəaliyyət göstərdim. Liseyin müəllimi E.İbadova təhkim olunmuşdum. Onun dərslərində iştirak etdim, metodikasını öyrəndim, onun rəhbərliyi altında müəllimlik etdim, bilmədiklərimi öyrəndim.
Müsabiqədə ikinci dəfə 2017-ci ildə iştirak edib, bu dəfə 55 bal toplayıb: “Yenə Qala qəsəbəsində yerləşən Kəlbəcər rayonu, 19 nömrəli tam orta məktəbdə işləmək imkanı qazandım. Ancaq bu dəfə imtina etmədim. Çünki artıq magistratura təhsilimi tamamlamışdım. Daha sonra həmin balla yerdəyişmə müsabiqəsində iştirak edib, Laçın rayon, Pircahan kənd məktəbində işə başladım. Bu, mənə paralel olaraq hazırlıq kurslarında və Xəzər Universitetinin “Dünya” məktəbində fəaliyyət göstərmək imkanı qazandırdı”.
A.Sadıqova MİQ müsabiqəsində uğur qazanmağında təcrübə prosesində rəhbər müəllimlərin rolunu xüsusi qeyd edib: ““Kaspi” liseyində dərsində iştirak etdiyim E.İbadova və mənə yol göstərən müəllimlərə minnətdaram. Çünki başqa müəllimlərin dərsində oturanda, onlardan bilmədiklərini öyrənirsən. Həmin dərsdən çıxartdığım nəticələr sayəsində bu il yüksək bal toplaya bildim”.
Yüksək bal toplamasının səbəblərindən biri də imtahan suallarının onun üçün çox asan olması olub: “Budəfəki imtahanda ixtisas sualları olduqca asan idi. Kurikulumda çaşdırıcı, iki variant arasında qaldığım suallar olsa da, sonda düzgün cavabları tapıb maksimum nəticəni əldə edə bildim”.
Bir şey də var ki, ən yüksək nəticə əldə edəcəyinə özündən çox ailəsi inanıb. Bu da ona istiqamət verən müəllimlərlə yanaşı, ailəsinin də həyatındakı əhəmiyyətini artırıb: “Müsabiqədə maksimum nəticə göstərməyimdə ailəmin böyük rolu var. Onlar mütəmadi olaraq 60 bal toplayacağımı deyərək məni də buna inandırdılar. İnandığım üçün də qazandım”.
“Məncə, ixtisası üzrə biliyi olan hər kəs, öz üzərində çalışaraq, istədiyi nəticəni göstərə bilər”, - deyən Aida müəllim hesab edir ki, hər şey insanın özündən asılıdır.
Lisey müəllimi 5 il sonra...
Gördüyünüz kimi, gərgin, fasiləsiz iş öz nəticəsini verib. A.Sadıqova bir tərəfdən nəzəri biliklərini artırıb, digər tərəfdən təcrübə toplayıb ki, Azərbaycan ümumtəhsil məktəblərindən birinin müəllimi olsun. Özü də şagirdlərinin nəticələri ilə öyünə bilən bir müəllimi: “Dövlət ümumtəhsil məktəbində də, özəl təhsil müəssisəsində də, hazırlıq kurslarında da dərs dedim. Şagirdlərimin mövzunu necə mənimsədiyinin bir müəllim üçün nə qədər önəmli olduğunu öyrəndim”.
A.Sadıqova şagirdlərinin nəticəsi zəif olanda “Görəsən, harda səhv etdim?”, - deyə özünə sual verib və cavabını tapıb: “Bu qənaətə gəldim ki, bütün mövzuları uşaqların hamısı eyni səviyyədə qavramır. Başqa bir tərəfdən, nəticənin yaxşı olması üçün ikitərəfli məsuliyyət olmalıdır. Məsuliyyəti, sadəcə müəllimin hiss etməsi ilə yüksək nəticə əldə etmək olmaz”.
Maraqlıdır, 4-5 il içərisində öz üzərində çalışaraq ən yüksək bal toplamağa nail olan A.Sadıqova yolunu yenidən miq.edu.az saytından salıb direktorluğa da iddia etmək barədə düşünürmü: “Müəllimlərin işə qəbul və karyera pilləsində yüksəlişinin müsabiqə yolu ilə təmin edilməsi, məncə, zəruridir. Bu, təhsildə obyektivlik və şəffaflığa səbəb olur. Universiteti yeni bitirən tələbənin imtahan vasitəsilə iş tapması, yüksək nəticə qazanarsa, yaxşı işlə təmin olunacağını bilməsi, hətta müsabiqə yolu ilə vəzifəyə təyin olunacağına əmin olması insanı stimullaşdırır. Oxumağa, oxuyaraq həyatını qazanmağa həvəsləndirir. Ancaq mən direktor yox, başqa bir ölkənin müəllimi olmağın xəyalını qururam. Bu xəyalımı gerçəkləşdirməyin də bir yolu olduğunu bilirəm. Bu yolda dövlətimin mənə dəstək olacağına inanıram. Finlandiya və Yaponiya təhsil sistemi mənim üçün çox maraqlıdır. Ancaq dünya təhsilinə yaxşı nəticələri ilə töhfələr verən istənilən ölkədə bir neçə il işləmək istərdim”.
Ruhiyyə DAŞSALAHLI