Bu il 500-dən çox bal toplayan abituriyentlərin 25 faizi müəllimlik ixtisasını seçib ki, bu da müəllim peşəsinin rəqabətliliyi, təhsilin keyfiyyəti haqqında müsbət proqnozlar verməyə imkan verir. Bu fikirləri Təhsil naziri Ceyhun Bayramov Təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib.

 

Təhsil naziri müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində görülən işlərdən danışaraq vurğulayıb ki, həyata keçirilən bütün tədbirlər cəmiyyətdə müəllimlərin işə qəbulunun obyektivliyinə inam formalaşdırıb.

 

Nazir diqqətə çatdırıb ki, 2019-ci ildə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən bir qədər də artıb, müraciət edənlərin sayı 55 mini ötüb. Ümumilikdə, son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub. C.Bayramov əlavə edib ki, növbəti tədris ilində icma əsaslı məktəbəqədər qrupların sayının artırılaraq 300-ə, uşaqların isə 6000 nəfərə çatdırılması nəzərdə tutulur.

 

Məktəbəqədər təhsilin əhəmiyyətindən danışan nazir UNİCEF və Avropa Birliyinin maliyyə dəstəyi ilə 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunması layihəsi həyata keçirilir.