Sənəddə elm, təhsil sahəsində əməkdaşlıq nəzərdə tutulur


Ukraynanın Kiyev və Xarkov şəhərlərinin aparıcı texniki ali məktəblərinin ölkəmizə səfərə gəlmiş nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub.

 

Görüşdə Xarkov Milli Texniki Universiteti ilə AzTU arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb. Sənəddə elm, təhsil sahəsində əməkdaşlıq, müəllim, tələbə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi və digər məsələlər nəzərdə tutulur.

 

AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov ölkəmizdə təhsil sahəsinə xüsusi önəm verildiyini vurğulayıb. AzTU-da təhsilin inkişafı istiqamətində reallaşdırılan tədbirlər, qazanılan uğurlar, universitetin beynəlxalq əlaqələri barədə məlumat verən professor X.Yahudov bildirib ki, doqquz fakültə və 35 kafedranın fəaliyyət göstərdiyi bu ali məktəbdə 9 mindən çox tələbə təhsil alır. Universitet dünyanın ayrı-ayrı ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirir.

 

Görüşdən məmnun qaldığını bildirən Xarkov Milli Texniki Universitetinin rektoru, Ukrayna Milli Elmlər Akademiyasının müxbir üzvü Yevgeni Sokol rəhbərlik etdiyi ali təhsil müəssisəsinin inkişaf mərhələlərindən danışıb. Qeyd edilib ki, 22 fakültəsi və 20 mindən çox tələbəsi olan bu təhsil müəssisəsində müxtəlif ixtisaslar üzrə mütəxəssislər hazırlanır. Universitet Almaniya, ABŞ, Fransa, Böyük Britaniya və digər ölkələrin ali məktəbləri ilə əməkdaşlıq edir.

 

Y.Sokol əsasən mühəndis kadrların hazırlığı ilə məşğul olan iki ali məktəb arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.

 

Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq Münasibətlər İnstitutu beynəlxalq hüquq kafedrasının professoru, hüquq elmləri doktoru, Ukraynanın əməkdar təhsil işçisi, Ukrayna Elmlər Akademiyasının həqiqi üzvü Arif Quliyev Azərbaycan-Ukrayna təhsil əlaqələrindən və bu əlaqələrin əhəmiyyətindən danışıb, universitetlərarası əməkdaşlığın elmə, təhsilə töhfə verəcəyinə əminliyini bildirib.