Sentyabrın 5-də Gəncə, Şəki, Biləsuvar və Cəlilabadda təhsil işçilərinin sentyabr konfransının plenar müşavirələri keçirilib.
Cəlilabad rayon Heydər Əliyev Mərkəzində keçirilən Cəlilabad, Masallı və Yardımlı rayonlarının təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsində Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Həsənova, sözügedən rayonların təhsil şöbələrinin müdirləri və əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və praktik psixoloqlar iştirak ediblər.
 
Müşavirədə hər üç rayonun 2018-2019-cu tədris ilinə dair hesabat məruzəsi təqdim edilib.
 
Daha sonra Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov çıxış edərək hesabatlara öz münasibətini bildirib. Aydın Əhmədov buraxılış və qəbul imtahanlarının nəticələri, təhsil sahəsində tətbiq olunan yeniliklərin təhsil ictimaiyyətinə çatdırılması kimi məsələlərə toxunub. Aydın Əhmədov ümumtəhsil məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması  ilə bağlı məsələləri konfrans iştirakçılarının diqqətinə çatdırıb.
2019-2020-ci tədris ilinin əsas prioritetlərindən söz açan Aydın Əhmədov təhsil işçilərinə yeni dərs ili ilə bağlı tövsiyələrini verib və uğurlar arzulayıb.
Konfrans müzakirələrlə davam etdirilib, hər üç rayonun təhsil içilərini maraqlandıran suallar cavablandırılıb. 
    
***
 
Gəncə Şəhər Heydər Əliyev Mərkəzində Gəncə şəhər, Göygöl və Kəlbəcər rayon təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib.
Plenar müşavirədə Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri, Təhsil İnstitutunun direktoru,  Emin Əmrullayev, Gəncə şəhər, Göygöl və Kəlbəcər rayonlarının təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və praktik psixoloqlar iştirak ediblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
 
Hər üç rayonun təhsil şöbələrinin müdirləri 2018-2019-cu dərs ilinin yekunları və qarşıda duran vəzifələr mövzusunda hesabatla çıxış ediblər.
 
Daha sonra Təhslilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev hesabatlara öz münasibətini bildirib. Emin Əmrullayev son dövrlər təhsildə qazanılan nailiyyətlər, əsaslı dəyişikliklər və həlli vacib məsələlər barədə danışıb, tədrisin inkişafının bütün təhsil işçiləri üçün əsas məqsəd olduğunu bildirib. Emin Əmrullayev öz çıxışında bölgələrdə yeni açılması nəzərdə tutulan lisey siniflər barədə geniş məlumat verib.
 
Emin Əmrullayev 2019-2020-ci tədris ilində görüləcək işlərlə bağlı təhsil işçilərinə tövsiyələrini verib, hər birinə uğurlar arzulayıb.
 
Sonda konfrans iştirakçılarının rəy, təklif və sorğuları dinlənilib və cavablandırılıb.
 
***
Şəki, Qəbələ və Oğuz təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib.
 
Müşavirədə Təhsil Nazirliyinin şöbə müdirinin müavini Əsgər Quliyev,  Qəbələ Şəhər İcra Hakimiyyətin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Ətayə  Osmanova, Şəki, Qəbələ şəhər və Oğuz rayon təhsil şöbələrinin müdirləri, məktəb direktorları və təhsil işçiləri iştirak ediblər.
 
Konfransda iştirak edən Şəki, Qəbələ şəhərlərinin və Oğuz rayonunun təhsil şöbələrinin müdirləri ötən tədris ilinə dair hesabat məruzəsi ilə çıxış ediblər.
 
Təhsil Nazirliyinin şöbə müdirinin müavini Əsgər Quliyev çıxış edərək hesabatları təhlil edib,  dövlətin təhsil sahəsinə diqqət və qayğısından, ötən tədris ilində qazanılan uğurlardan, qarşıda duran vəzifələrdən ətraflı bəhs edib. Əsgər Quliyev bildirib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasəti hazırda  ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezidentin diqqət və qayğısı sayəsində uğurlu, eləcə də sistemli şəkildə həyata keçirilir.
 
Əsgər Quliyev ümumi təhsilin prioritet istiqamətlərini diqqətə çatdırıb,  təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb.
 
Sonra yeni tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb.
 
***
 
Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayon təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib.
 
Müşavirədə Təhsil Nazirliyinin baş məsləhətçisi Rövşən Ağayev, Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl təhsil şöbələrinin rəhbərləri və əməkdaşları, ümumi təhsil müəssisələrinin direktorları, müəllimlər iştirak ediblər.
 
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayonların təhsil şöbələrinin müdirləri hesabat məruzəsi ilə çıxış ediblər.
 
Daha sonra Təhsil Nazirliyinin baş məsləhətçisi Rövşən Ağayev “2019-2020-ci dərs ilində yerli təhsil idarəetmə orqanları və ümumtəhsil məktəblərinin pedaqoji kollektivləri qarşısında Təhsil Nazirliyinin müəyyən etdiyi vəzifələr haqqında” geniş məruzə ilə çıxış edib.
 
Təqdim edilən hesabatlar ətrafında fikir mübadiləsi aparılıb. 
Qeyd edək ki, təhsil işçilərinin sentyabr konfransları Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən keçirilir. Təhsil işçilərinin sentyabr konfransları plenar müşavirə və metodiki bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində keçiriləcək. Plenar müşavirələr 2-6 sentyabr 2019-cu il tarixlərində təşkil ediləcək. Plenar müşavirələrin zonalar üzrə keçirilməsi məqsədəmüvafiq hesab olunub.
Metodik bölmə iclasları hər bir zona üzrə plenar müşavirə başa çatdıqdan sonra yerli təhsili idarəetmə orqanlarının müəyyən etdiyi tarixdə təşkil olunacaq və sentyabrın 10-dək başa çatacaq.