Sentyabrın 4-də Şirvan şəhəri, Beyləqan, Qax və Sabirabad  rayonlarında təhsil işçilərinin sentyabr konfransının plenar müşavirələri keçirilib.
 
Qax şəhər 2 nömrəli məktəb-liseyin akt zalında keçirilən Qax, Zaqatala və Balakən rayonlarının təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsində Təhsil Nazirliyinin şöbə müdirinin müavini Əsgər Quliyev, Qax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova, sözügedən rayonların təhsil şöbələrinin müdirləri və əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və praktik psixoloqlar iştirak ediblər.
 
Müşavirədə hər üç rayonun 2018-2019-cu tədris ilinə dair hesabat məruzəsi təqdim edilib.
 
Daha sonra Təhsil Nazirliyinin şöbə müdirinin müavini Əsgər Quliyev çıxış edərək hesabatlara öz münasibətini bildirib. Əsgər Quliyev çıxışında buraxılış və qəbul imtahanlarının nəticələri, şagirdləri zəif nəticə göstərən ümumtəhsil məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması, təhsil sahəsində tətbiq olunan yeniliklərin təhsil ictimaiyyətinə çatdırılması kimi məsələlərə toxunub. Təmayülləşmənin tətbiqinin, bu işə diqqət və nəzarətin artırılmasının vacibliyini xüsusi vurğulayan Əsgər Quliyev təmayül siniflərini bitirən şagirdlərin imtahan nəticələrini müqayisəli şəkildə təhlil edib.
 
Əsgər Quliyev çıxışının sonunda təhsil işçilərinə 2019-2020-ci dərs ili ilə bağlı tövsiyələrini verib və uğurlar arzulayıb.
 
Konfrans müzakirələrlə davam etdirilib, hər üç rayonun təhsil içilərini maraqlandıran suallar cavablandırılıb.          
 
***
 
Sabirabad şəhər Heydər Əliyev Mərkəzində Sabirabad, Saatlı və İmişli rayonlarının təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib.
 
Müşavirədə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər şöbəsinin sektor müdiri Firidun Həmzəyev, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siracəddin Cabbarov, Sabirabad, Saatlı və İmişli rayonlarının təhsil şöbələrinin müdirləri, məktəb direktorları və təhsil işçiləri iştirak ediblər.
 
Konfransda sözügedən rayonların təhsil şöbələrinin müdirləri 2018-2019-cu tədris ilinə dair hesabatla geniş çıxış ediblər.
 
Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Firidun Həmzəyev çıxış edərək hesabatlara öz münasibətini bildirib. Firidun Həmzəyev təhsil sahəsində bu ildən tətbiq olunan yeniliklər və perspektiv məsələlərdən danışıb.  Firidun Həmzəyev bölgələrdə yeni açılması nəzərdə tutulan lisey siniflərə uşaqların cəlbi, eləcə də məktəbəhazırlıq qruplarına qəbulla bağlı tövsiyələrini verib.
 
Firidun Həmzəyev çıxışının sonunda təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb.
 
Sonda 2019-2020-ci tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb.
 
***
 
Beyləqan rayon Heydər Əliyev Mərkəzində Beyləqan, Füzuli və Xocavənd rayon təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib.
 
Konfransda Təhsil Nazirliyinin baş məsləhətçisi Əhliyət Adıgözəlov, Beyləqan, Füzuli və Xocavənd rayonlarının təhsil şöbələrinin müdirləri, məktəb direktorları və təhsil işçiləri iştirak ediblər.
 
Hər üç rayonun təhsil şöbələrinin müdirləri hesabat məruzəsi ilə çıxış ediblər. 
 
Daha sonra Təhsil Nazirliyinin baş məsləhətçisi Əhliyət Adıgözəlov hesabatlara öz münasibətini bildirib. Əhliyət Adıgözəlov ötən tədris ilində görülən işlərdən danışıb, yeni tədris ilinin əsas fəaliyyət istiqamətlərini, qarşıda duran hədəfləri konfrans iştirakçılarının diqqətinə çatdırıb.
 
Əhliyət Adıgözəlov 2019-2020-ci tədris ilində görüləcək işlərlə bağlı təhsil işçilərinə tövsiyələrini verib, hər birinə uğurlar arzulayıb.
 
Sonda konfrans iştirakçılarının rəy, təklif və sorğuları dinlənilib və cavablandırılıb.
 
***
 
Şirvan şəhər Gənclər Evində Şirvan şəhəri, Hacıqabul və Kürdəmir rayon təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib.
 
Müşavirədə Təhsil Nazirliyinin baş məsləhətçisi Rövşən Ağayev, sözügedən rayonların təhsil şöbələrinin müdirləri, məktəb direktorları və təhsil işçiləri iştirak ediblər.
 
Hər üç rayonun təhsil şöbələrinin müdirləri 2018-2019-cu dərs ilinin yekunları və qarşıdan duran vəzifələr mövzusunda hesabatla çıxış ediblər.
 
Daha sonra Təhsil Nazirliyinin baş məsləhətçisi  Rövşən Ağayev çıxış edərək hesabatlara münasibətini bildirib, konfrans iştirakçılarının rəy və təkliflərini dinləyib.
 
Sonda yeni tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb, konfrans iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilib və konfransın qərar layihəsi hazırlanıb.
 
Qeyd edək ki, təhsil işçilərinin sentyabr konfransları Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən keçirilir. Təhsil işçilərinin sentyabr konfransları plenar müşavirə və metodiki bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində keçiriləcək. Plenar müşavirələr 2-6 sentyabr 2019-cu il tarixlərində təşkil ediləcək. Plenar müşavirələrin zonalar üzrə keçirilməsi məqsədəmüvafiq hesab olunub.
 
Metodik bölmə iclasları hər bir zona üzrə plenar müşavirə başa çatdıqdan sonra yerli təhsili idarəetmə orqanlarının müəyyən etdiyi tarixdə təşkil olunacaq və sentyabrın 10-dək başa çatacaq.