Qonaq universitetdəki İndoneziya Araşdırmalar Mərkəzi ilə tanış olub


İndoneziyanın gənclər və idman naziri İman Nahravinin rəhbərlik etdiyi nümayəndə heyəti   aprelin 20-də Azərbaycan Dillər Universitetində (ADU) tələbələrlə görüşüb. Görüş ADU-nun İndoneziya Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

 

Tədbiri giriş sözü ilə açan tərbiyə işləri üzrə prorektor Sərraf Hüseynov qonaqlara universitetin tarixi haqqında məlumat verib. ADU-da altı mindən çox tələbənin təhsil aldığını deyən prorektor beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin “İndoneziyaşünaslıq” ixtisasında ümumilikdə təhsilin bakalavr pilləsi üzrə 77 nəfər və magistratura pilləsi üzrə isə 7 nəfərin təhsil aldığını qeyd edib. ADU-da mövcud olan İndoneziya Araşdırmalar Mərkəzinin fəaliyyətindən söz açan prorektor bu yaxınlarda İndoneziya Respublikasının İndoneziya Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin yaradıldığını, orada “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğunu xatırladıb.

 

İndoneziyanın gənclər və idman naziri İman Nahravi universitetdə olmaqdan məmnunluğunu söyləyib. ADU-nun fəaliyyəti və tədris olunan dillər haqqında məlumata sahib olduğunu deyən İ.Nahravi İndoneziya dili və bu dilin işlək olduğu ərazilər haqqında danışıb. Nazir, həmçinin, Azərbaycan-İndoneziya əlaqələrindəki inkişafdan söz açıb.

 

Sonra nazir İ.Nahravi İndoneziya Araşdırmalar Mərkəzi ilə tanış olub. Mərkəzdə tələbələri maraqlandıran sualları cavablandırıb.

 

Görüşdə İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan bəy Fənani  iştirak edib.