“Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsi çərçivəsində pilot peşə təhsili müəssisələrinin I kurs tələbələrinin yay təcrübəsi davam edir.

 

Yay təcrübəsi “özəl sektor nümayəndələrinin iştirakı ilə hazırlanmış “Duala bənzər PTT konsepti”ndə əks olunan təcrübə proqramına əsasən həyata keçirilir.

 

Pilot peşə təhsili müəssisələrinin (Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, İsmayıllı Peşə Tədris Mərkəzi, Qax Peşə Liseyi) tələbələri qeyd olunan bölgələrdəki bir sıra müəssisələrdə mühəndis-pedaqoji heyətin, eləcə də müəssisə tərəfindən təyin olunmuş mütəxəssislərin müşayiətilə iş prosesində yaxından iştirak edir, istifadə olunan maşın və avadanlıqların iş prinsiplərini, texnoloji prosesləri öyrənir, həmçinin peşəkar mütəxəssislərlə birlikdə çalışaraq onların təcrübələrindən faydalanmaq imkanı əldə edirlər. Təcrübə avqustun 30-dək davam edəcək.

 

Qeyd edək ki, layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında 3 peşə təhsili müəssisəsində kənd təsərrüfatı və turizm sahələrində duala bənzər PTT pilotlarının yaradılması, peşə təhsili və təliminin cəlbediciliyini, eyni zamanda  əmək bazarının tələblərinə uyğunluğunu artırmaqdan ibarətdir.

 

 

Sifai SƏFƏROVA