Onlar xaricdə təhsil alacaqlar. Xarici ölkələrin nüfuzlu ali məktəblərində  təhsil almaq imkanı əldə edən həmsöhbətlərimiz üçün  bu şansı isə Təhsil Nazirliyi yaradıb. Hökumətlərarası Təqaüd Proqramları  (HTP) çərçivəsində 2019-2020-ci tədris ilində  Macarıstan, Çin və Latviyada təhsil almaq hüququ qazanmış gənclər təəssüratlarını “Azərbaycan müəllimi” qəzeti ilə bölüşüblər. 

 

 

Məqsədim ixtisasım üzrə müəyyən təcrübə toplamaq, yeni-yeni bilgilər əldə etməkdir

 

 

Nərminə Ağayeva: - Xaricdə oxumaq mənim çoxdankı arzum idi. Fikirləşirdim ki, bakalavr təhsilimi öz vətənimdə alaram, magistraturanı xarici ölkələrin birində davam etdirərəm. ADA Universitetində İnformasiya texnologiyaları ixtisası üzrə təhsil aldığım dönəmdə gördüm ki, bir semestrlik də olsa xaricdə oxuyub təcrübə qazanmaq şansı var və bunu dəyərləndirmək istədim. Təqaüd proqramı ilə tanış olduqdan sonra  tələb olunan sənədləri topladım və təqdim etdim. Təqaüdü qazananlar arasında adımı görəndə olduqca sevindim. Təhsilimi  bir semestr Latviya Universitetində Hesablama fakültəsində davam etdirəcəyəm.

 

Düşünürəm ki, xaricdə təhsil almaq mənə yalnız akademik yox, həm də digər cəhətlərdən gözəl təcrübə olacaq. Müxtəlif millətlərdən olan gənclərlə  tanış, müxtəlif mədəniyyətlərdən xəbərdar olacağam. Həmişə ailəmlə birgə olmuşam. Getdiyim ölkədə isə  tək yaşamaq təcrübəm olacaq, orada müəyyən çətinliklərim olarsa  müstəqil olaraq  hər şeyin öhdəsindən gəlməyi öyrənəcəyəm.

 

Mənim üçün ən önəmli məsələ,  getdiyim ölkədə  öz ixtisasım üzrə müəyyən təcrübə toplamaq, yeni-yeni bilgilər əldə etməkdir.

 

Təhsil nazirinin müavini Firudin Qurbanovun biz gənclərlə görüşü mənim üçün çox xoş oldu.  Xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almağımıza belə imkan və şərait yaradıldığına görə Təhsil Nazirliyinə təşəkkür edirəm. 

 

 

Mükəmməl bir mütəxəssis kimi Azərbaycana qayıtmaq istəyirəm

 

 

Ülvi Şəkixanlı: - Azərbaycan Dövlət Neft ve Sənaye Universitetində bakalavr, sonra Macarıstanın Szeged Universitetində  magistratura təhsili almışam. Təqaüdü qazanmaq üçün proqrama müraciət etdim. Müsahibə və digər mərhələləri keçərək Macarıstanın Szeged Universitetinin bu dəfə  doktoranturasına qəbul olundum. İxtisasım kompüter elmləridir. İxtisasım üzrə biliklər əldə etmək, bu sahədə Macarıstanın təcrübəsini yaxından öyrənmək istəyirəm. Düşünürəm ki, əldə edəcəyim məlumatlar və öyrənəcəyim bir sıra  yeniliklər mənim   gələcəkdə peşəkar kadr olaraq vətənimə fayda verəcəyimə böyük kömək olacaq.   

 

Müraciət edən çoxsaylı tələbələr arasından bu təqaüdü qazandığım üçün özümü çox şanslı sayıram. Mükəmməl bir mütəxəssis kimi Azərbaycana qayıtmaq istəyirəm.

 

 

 

 

 

Hədəfim doktorantura təhsilini də məhz  xaricdə almaq idi

 

Nigar Talıbova: - Gəncə Dövlət Universitetində  Ekologiya ixtisası üzrə təhsil almışam. Sonradan təhsilimi Macarıstanın ali məktəblərinin birində  magistratura pilləsində davam etdirmişəm. Macarıstanın istər təhsili,  professor-müəllim heyəti, istərsə də mühiti məni qane etdiyindən doktorantura təhsilimi də məhz bu ölkədə davam etdirmək qərarına gəldim. Sentyabrdan Macarıstanın Eötvös Lorand Universitetində  doktorantura təhsilinə başlayacağam. İxtisasım Ətraf mühit elmləri, mövzum “Macarıstanla müqayisədə Azərbaycanda bərpa olunan enerji siyasəti və onun tətbiqi” adlanır. Ümid edirəm ki, işləyəcəyim mövzu ölkəmiz üçün yeni və  önəmli araşdırma olacaqdır.

 

Onu da xüsusi vurğulayım ki, xaricdə təhsil həyatımda, dünyagörüşümdə, insanlarla münasibətimdə və gələcəkdə atacağım addımlarda müsbət mənada ciddi rol oynayır. Necə deyərlər, “çox oxuyan yox, çox gəzən bilər”. Biz isə  həm oxuyuruq, həm də gəzirik. Yeni insanlarla tanış oluruq, fikir mübadiləsi aparırıq, Azərbaycanımızı tanıtmaq üçün kiçik də olsa addımlar atırıq.

 

Harada oluruqsa olaq, ilk növbədə, ölkəmizi layiqincə təmsil etməliyik. Dövlətimiz tərəfindən biz gənclərə göstərilən diqqət və qayğını hər zaman hiss edirik.

 

 

Dünya reytinqində “Top 50”-də olan bir universitetdə təhsil almaq xəyalım gerçəkləşdi

 

 

Vaqif Məmmədzadə: - Bakıdakı akademik Zərifə Əliyeva adına liseyin məzunuyam. Pekin Universitetinin Clinical Medicine (klinik tibb) proqramında bakalavriatura təhsili alacağam.

 

9-cu sinifdən xaricdə təhsil ilə maraqlanırdım.  Çinin təhsili məni daha çox cəlb edirdi. Dünya reytinqində “Top 50”-də olan bir universitetdə təhsil almağı xəyal edirdim.

 

Son bir neçə ildə müxtəlif  beynəlxalq və yerli olimpiadalarda iştirak etmişəm və birinci, ikinci, üçüncü yerlərə layiq görülmüşəm. Bu il də ABŞ-ın Johns Hopkins Universitetində “Xərçəng biologiyası” kursunu xüsusi imtahanlar verərək fərqlənmə sertifikatı ilə bitirdim. Nəticələrimi Təhsil Nazirliyinə təqdim etməklə və müsahibədən keçməklə Çinin 1-ci, dünyanın isə 30-cu ən nüfuzlu universiteti sayılan Pekin Universitetində tam təqaüdlə təhsil almaq imkanını qazandım. Çox sevinirəm ki, Təhsil Nazirliyi  dünya reytinqində “Top 50”-də olan bir universitetdə təhsil almaq xəyalımı  gerçəkləşdirdi.

 

Xaricdə təhsil almaq ilk öncə bizə yaxşı mütəxəssis kimi yetişməkdə kömək edir. Gələcəkdə  tibbin onkologiya sahəsi  üzrə təhsilimi davam etdirmək istəyirəm. Bilirsiniz, bu gün  onkologiyada həddindən artıq qaranlıq məqamlar var və bu da həmin  sahəni elmi araşdırmalara açıq edir. Həmçinin, fikrimcə, onkologiya tibbin molekulyar biologiya və genetikaya ən sıx inteqrasiya edən sahəsidir. Gələcəkdə Azərbaycanın müxtəlif tədris mərkəzlərində pedaqoji fəaliyyət göstərməyi planlaşdırıram. 

 

Bizim üçün yaradılan bu imkanlara görə dövlətimizə minnətdaram.

 

 

Samirə KƏRİMOVA