Xaricdə təhsil Azərbaycan gəncliyi üçün geniş imkanlar açır | |
Onlar xaricdə təhsil alacaqlar. Xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almaq imkanı əldə edən həmsöhbətlərimiz üçün bu şansı isə Təhsil Nazirliyi yaradıb. Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2019-2020-ci tədris ilində Macarıstan, Çin və Latviyada təhsil almaq hüququ qazanmış gənclər təəssüratlarını “Azərbaycan müəllimi” qəzeti ilə bölüşüblər.
Məqsədim ixtisasım üzrə müəyyən təcrübə toplamaq, yeni-yeni bilgilər əldə etməkdir
Nərminə Ağayeva: - Xaricdə oxumaq mənim çoxdankı arzum idi. Fikirləşirdim ki, bakalavr təhsilimi öz vətənimdə alaram, magistraturanı xarici ölkələrin birində davam etdirərəm. ADA Universitetində İnformasiya texnologiyaları ixtisası üzrə təhsil aldığım dönəmdə gördüm ki, bir semestrlik də olsa xaricdə oxuyub təcrübə qazanmaq şansı var və bunu dəyərləndirmək istədim. Təqaüd proqramı ilə tanış olduqdan sonra tələb olunan sənədləri topladım və təqdim etdim. Təqaüdü qazananlar arasında adımı görəndə olduqca sevindim. Təhsilimi bir semestr Latviya Universitetində Hesablama fakültəsində davam etdirəcəyəm.
Düşünürəm ki, xaricdə təhsil almaq mənə yalnız akademik yox, həm də digər cəhətlərdən gözəl təcrübə olacaq. Müxtəlif millətlərdən olan gənclərlə tanış, müxtəlif mədəniyyətlərdən xəbərdar olacağam. Həmişə ailəmlə birgə olmuşam. Getdiyim ölkədə isə tək yaşamaq təcrübəm olacaq, orada müəyyən çətinliklərim olarsa müstəqil olaraq hər şeyin öhdəsindən gəlməyi öyrənəcəyəm.
Mənim üçün ən önəmli məsələ, getdiyim ölkədə öz ixtisasım üzrə müəyyən təcrübə toplamaq, yeni-yeni bilgilər əldə etməkdir.
Təhsil nazirinin müavini Firudin Qurbanovun biz gənclərlə görüşü mənim üçün çox xoş oldu. Xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almağımıza belə imkan və şərait yaradıldığına görə Təhsil Nazirliyinə təşəkkür edirəm.
Mükəmməl bir mütəxəssis kimi Azərbaycana qayıtmaq istəyirəm
Ülvi Şəkixanlı: - Azərbaycan Dövlət Neft ve Sənaye Universitetində bakalavr, sonra Macarıstanın Szeged Universitetində magistratura təhsili almışam. Təqaüdü qazanmaq üçün proqrama müraciət etdim. Müsahibə və digər mərhələləri keçərək Macarıstanın Szeged Universitetinin bu dəfə doktoranturasına qəbul olundum. İxtisasım kompüter elmləridir. İxtisasım üzrə biliklər əldə etmək, bu sahədə Macarıstanın təcrübəsini yaxından öyrənmək istəyirəm. Düşünürəm ki, əldə edəcəyim məlumatlar və öyrənəcəyim bir sıra yeniliklər mənim gələcəkdə peşəkar kadr olaraq vətənimə fayda verəcəyimə böyük kömək olacaq.
Müraciət edən çoxsaylı tələbələr arasından bu təqaüdü qazandığım üçün özümü çox şanslı sayıram. Mükəmməl bir mütəxəssis kimi Azərbaycana qayıtmaq istəyirəm.
Hədəfim doktorantura təhsilini də məhz xaricdə almaq idi
Nigar Talıbova: - Gəncə Dövlət Universitetində Ekologiya ixtisası üzrə təhsil almışam. Sonradan təhsilimi Macarıstanın ali məktəblərinin birində magistratura pilləsində davam etdirmişəm. Macarıstanın istər təhsili, professor-müəllim heyəti, istərsə də mühiti məni qane etdiyindən doktorantura təhsilimi də məhz bu ölkədə davam etdirmək qərarına gəldim. Sentyabrdan Macarıstanın Eötvös Lorand Universitetində doktorantura təhsilinə başlayacağam. İxtisasım Ətraf mühit elmləri, mövzum “Macarıstanla müqayisədə Azərbaycanda bərpa olunan enerji siyasəti və onun tətbiqi” adlanır. Ümid edirəm ki, işləyəcəyim mövzu ölkəmiz üçün yeni və önəmli araşdırma olacaqdır.
Onu da xüsusi vurğulayım ki, xaricdə təhsil həyatımda, dünyagörüşümdə, insanlarla münasibətimdə və gələcəkdə atacağım addımlarda müsbət mənada ciddi rol oynayır. Necə deyərlər, “çox oxuyan yox, çox gəzən bilər”. Biz isə həm oxuyuruq, həm də gəzirik. Yeni insanlarla tanış oluruq, fikir mübadiləsi aparırıq, Azərbaycanımızı tanıtmaq üçün kiçik də olsa addımlar atırıq.
Harada oluruqsa olaq, ilk növbədə, ölkəmizi layiqincə təmsil etməliyik. Dövlətimiz tərəfindən biz gənclərə göstərilən diqqət və qayğını hər zaman hiss edirik.
Dünya reytinqində “Top 50”-də olan bir universitetdə təhsil almaq xəyalım gerçəkləşdi
Vaqif Məmmədzadə: - Bakıdakı akademik Zərifə Əliyeva adına liseyin məzunuyam. Pekin Universitetinin Clinical Medicine (klinik tibb) proqramında bakalavriatura təhsili alacağam.
9-cu sinifdən xaricdə təhsil ilə maraqlanırdım. Çinin təhsili məni daha çox cəlb edirdi. Dünya reytinqində “Top 50”-də olan bir universitetdə təhsil almağı xəyal edirdim.
Son bir neçə ildə müxtəlif beynəlxalq və yerli olimpiadalarda iştirak etmişəm və birinci, ikinci, üçüncü yerlərə layiq görülmüşəm. Bu il də ABŞ-ın Johns Hopkins Universitetində “Xərçəng biologiyası” kursunu xüsusi imtahanlar verərək fərqlənmə sertifikatı ilə bitirdim. Nəticələrimi Təhsil Nazirliyinə təqdim etməklə və müsahibədən keçməklə Çinin 1-ci, dünyanın isə 30-cu ən nüfuzlu universiteti sayılan Pekin Universitetində tam təqaüdlə təhsil almaq imkanını qazandım. Çox sevinirəm ki, Təhsil Nazirliyi dünya reytinqində “Top 50”-də olan bir universitetdə təhsil almaq xəyalımı gerçəkləşdirdi.
Xaricdə təhsil almaq ilk öncə bizə yaxşı mütəxəssis kimi yetişməkdə kömək edir. Gələcəkdə tibbin onkologiya sahəsi üzrə təhsilimi davam etdirmək istəyirəm. Bilirsiniz, bu gün onkologiyada həddindən artıq qaranlıq məqamlar var və bu da həmin sahəni elmi araşdırmalara açıq edir. Həmçinin, fikrimcə, onkologiya tibbin molekulyar biologiya və genetikaya ən sıx inteqrasiya edən sahəsidir. Gələcəkdə Azərbaycanın müxtəlif tədris mərkəzlərində pedaqoji fəaliyyət göstərməyi planlaşdırıram.
Bizim üçün yaradılan bu imkanlara görə dövlətimizə minnətdaram.
Samirə KƏRİMOVA
|
|
23.08.2019 | 16:00 | |
|
|
|