Bu il ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 900 nəfərədək qəbələli məzundan 485 nəfəri tələbə adını qazanıb. Məzunlardan 34 nəfəri 600 baldan yuxarı yüksək nəticə göstərib.
Bu barədə Qəbələ Rayon Təhsil Şöbəsinin müdiri Arifə Bayramova məlumat verib. O bildirib ki, ali məktəblərə qəbul imtahanlarında ümumi təhsili qızıl medalla başa vuran şəhər 4 nömrəli tam orta məktəbin məzunu Jalə Səfərəliyeva rayon üzrə hamıdan çox - 675 bal toplayaraq Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. İmtahanlarda 673 bal toplayan Vəndam qəsəbə 1 nömrəli tam orta məktəbin məzunu Sona Pənahlı Bakı Ali Neft Məktəbinin, şəhər 2 nömrəli tam orta məktəbin məzunu Natiq Kərimov isə 670 bal toplayaraq, Azərbaycan Tibb Universitetinin tələbəsi adını qazanıblar.
Tədris ilinin yekunlarına görə, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 4 məzun qızıl, 1 məzun isə gümüş medala layiq görülüb, 29 nəfərə fərqlənmə attestatı verilib.