2019-cu il üzrə Azərbaycan universitetlərinin ən gənc tələbəsi Lənkəran Dövlət Universitetində (LDU) təhsil alacaq. Lənkəran rayonunun Şilavar kənd sakini, 15 yaşlı Miryusif Feyzullazadə LDU-nun turizm və otelçilk ixtisasına dövlət sifarişi əsasında qəbul olunub.
Bu gün M.Feyzullazadə LDU-da qeydiyyatdan keçib. Ölkənin ən gənc tələbəsini təbrik edənlər arasında LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov da olub. Universitet rəsmisi yeniyetmə gənci qazandığı uğura görə təbrik edib.
M.Feyzullazadə bu ali təhsil ocağında yaradılan şəffaf, qərəzsiz mühit, yaradıcı ab-hava, tələbələrə obyektiv yanaşma barədə eşitdiyini və LDU-nun tələbəsi olmağı ilə qürur duyduğunu deyib. 15 yaşlı gənc seçdiyi ixtisası gələcəyin peşəsi adlandıraraq, zəngin turizm potensialına malik cənub bölgəsində hazırkı durumda ixtisaslı turizm kadrlarına böyük ehtiyac duyulduğunu bildirib.
Qeyd edək ki, LDU tələbə qəbulu səviyyəsinə görə son illərdə ölkədə öncül yerlərdən birini tutur. Gənclərin seçimlərində LDU-ya üstünlük vermələri isə burada tədrisin səviyyəsinin yüksək olması, yeni ixtisasların açılması, modern yataqxananın inşa olunması, ən əsası isə, tədris prosesində şəffaf və obyektiv mühitin təmin edilməsidir.
Xatırladaq ki, sənədlərin qəbulu avqust ayının 15-dən 27-dək şənbə və bazar günləri istisna olmaqla, hər gün saat 9.00-dan 17.00-dək universitetin əsas binasında keçirilir.