2019/2020-ci tədris ili üçün Lənkəran Dövlət Universitetinin (LDU) əyani və qiyabi şöbələrinə I-ci turda 30 ixtisas üzrə 1226 tələbə qəbul olunub. 4 ixtisas-fizika müəllimliyi, riyaziyyat müəllimliyi, təsviri incəsənət müəllimliyi, bağçılıq və tərəvəzçilk ixtisasları üzrə universitetə ilk dəfə qəbul aparılıb. 5 ixtisas - torpaqşünaslıq və aqrokimya, aqronomluq, baytarlıq, meşəçilik, bağçılıq və tərəvəzçilik ixtisasları üzrə yalnız dövlət sifarişi üzrə qəbul həyata keçirilib. Hazırda sənədlərin qəbulu həyata keçirilir.
Avqustun15-dən 4 fakültə və 30 ixtisas uzrə aparılan prosesin asan və rahat keçməsi üçün bütün zəruri tədbirlər görülüb. Universitetdə fəaliyyət göstərən fakültələrin tyutor xidməti və əməkdaşlarından ibarət işçi qrupun nəzarət ilə həyata keçirilən qeydiyyat zamanı növbəlilik prinsipi, qayda-qanun və nizam-intizam qorunur.
Universitetdən “Azərbaycan müəllimi” qəzetinə verilən məlumata görə, prosesi LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov yaxından izləyir. Bu məqsədlə o, yeni qəbul olunanlarla və valideynlərlə də görüşüb. Görüş zamanı təhsil almaq məqsədi ilə ölkəmizin müxtəlif şəhər və rayonlarından, o cümlədən paytaxtdan Lənkərana gələn gənclər və onların valideynləri LDU-nu seçmələrinin təsadüf olmadığını deyiblər. Onlar LDU-da tam şəffaf və obyektiv təhsil mühitin yaradıldığına, təlim-tədris və təcrübə bazasını yenilədiyinə, yüksək ixtisaslı pedaqoji kadrları tədris prosesinə cəlb edildiyinə, yeni tikilmiş tədris korpuslarına və yataqxana binasına görə minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, sənədlərin qəbulu avqust ayının 27-dək şənbə və bazar günləri istisna olmaqla, hər gün saat 9.00-dan 17.00–dək universitetin əsas binasının 1-ci mərtəbəsində keçirilir.
Universitetdən verilən məlumata görə, qəbul olunanların yarısı artıq qeydiyyatdan keçib.
Ruhiyyə