Universitetlər arasında əməkdaşlıq protokolu imzalanıb
Türkiyənin Yıldız Teknik Universitetinin rektoru, professor Bahri Şahin və dekanı dr. Sezgin Bakırdere Bakı Mühəndislik Universitetində olub.
Görüşdə BMU-nun rektoru, professor Havar Məmmədov Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə olduğu kimi təhsildə də yüksək səviyyədə olduğunu qeyd edib. Rektor qonaqlara Bakı Mühəndislik Universitetinin fəaliyyəti və hədəfləri barədə ətraflı məlumat verib. Qeyd edib ki, universitetin kadr potensialı və maddi-texniki bazası yüksək səviyyədədir. İxtisasların əksəriyyətində tədris ingilis dilində aparılır və universitetdə geniş imkanları olan texnopark da fəaliyyət göstərir. “Bu göstərdiklərim müsbət amil olsa da gənc universitet olduğumuz üçün inkişafımızın sürətlənməsində beynəlxalq əməkdaşlığın rolu böyükdür. Bu baxımdan düşünürəm ki, sizinlə əməkdaşlıq bizim nəaliyyətlərimizə töhfə olacaq”-deyə rektor bildirib.
Yıldız Teknik Universitetinin rektoru, professor Bahri Şahin rəhbərlik etdiyi universitet haqqında məlumat verib. Bildirib ki, 37915 tələbənin təhsil aldığı universitetdə 11 fakültə, hər fakültənin tərkibində də bir neçə ixtisas fəaliyyət göstərir. Adından göründüyü kimi texniki universitet olsa da iqtisadi və pedoqoji ixtisaslar da mövcuddur. Universitet dünya üzrə 661 ali məktəblə əməkdaşlıq edir ki, bunlardan da 6-sı Azərbaycan universitetidir. Rektorun sözlərinə görə, bu gündən onların sırasına Bakı Mühəndislik Universiteti də qoşulacaq. Əməkdaşlıq çərçivəsində müəllim–tələbə mübadiləsi, birgə elmi konfranslar, seminarlar, texnoparklararası layihələr və s. kimi fəaliyyətlər həyata keçiriləcək.
Sonda rektorlar universitetlər arasında əməkdaşlıq protokolunu imzalayıblar.