Şəbnəm Əsgərli: “Müsabiqələrə qatıldıqca təcrübəm artır”
Qarşımda olduqca səmimi, bir az da dilli-dilavər qız dayanmışdı. Biz onunla tez bir zamanda dostlaşdıq. Olduqca maraqlı həmsöhbət idi. Adı Şəbnəm, soyadı isə Əsgərlidir. Rəssamlıq Akademiyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasında təhsil alır. Bu sənətə necə bağlandığı ilə əlaqədar fikir və düşüncələrini dinləmək arzusunda olduğumu bildirəndə xoş bir təbəssüm qondu onun üzünə və tərəddüd etmədən hələ erkən yaşlarında ikən rəsm çəkməyə necə həvəs göstərdiyi, eləcə də ötən bu illər ərzində qazandığı uğurlar barədə qürur hissi ilə danışmağa başladı.
Hələ sənətdə sözünü tam deməyən, ancaq bu əsrarəngiz rəng çalarlarının qovşaqlarında yaradıcılıq manevrləri etməklə öz xəyal dünyasının sözlə ifadə olunmayan məqamlarını fırçanın qüdrəti və istedadın məharəti ilə canlı obrazlara çevirərək tamaşaçıların müzakirəsinə təqdim etməyə canla-başla çalışan tələbə rəssam qız danışdıqca dahi rəssamların, heykəltəraşların, musiqiçilərin, bir sözlə, bütün karifeylərin həyat tarixçələrinin təkrarlandığı qətiyyətində oldum. Sanki bir tələbənin dilindən deyil, qeybdən eşidilirdi bu səs, bu tanış sözlər, bu tanış ifadələr. Sən demə tarix təkrarlandığı kimi, yaradıcı insanların həyat tarixçələri, yaradıcılıq taleləri də eynilə yeni rakursda təzələnir, təkrarlanırmış.
Rəngli karandaşlardan özümü bir an belə ayrı hiss etmirdim
Uşaq yaşlarımdan oyuncaqlarım da elə rəngli karandaşlarım olub. Sonradan öyrəndiyimə görə elə bütün uşaqlarda erkən yaşlarında şəkil çəkməyə həvəs çox olur. Amma təvazökarlıqdan kənar olsa da deməliyəm ki, bu həvəs məndə bir balaca başqa cür baş verdi və mən rəngli karandaşlardan özümü bir an belə ayrı hiss edə bilmirdim, hətta gecələr yastığıma başımı qoyanda da karandaşlarım mənimlə yanaşı düzülməliydi balıncımın üstünə.
Rəsm çəkməyə natürmortdan başlamışam
Bir əşyanın şəklini normal çəkənə qədər bəlkə on vərəqi korlayırdım, məqsədimə nail olandan sonra ancaq ürəyim rahatlaşırdı. Bax, beləcə, bu minvalla mən ətrafımda olan nə varsa, bitkilərin, meyvələrin, sonra isə çətin də olsa insanların rəsmlərini, portretlərini kağız üzərinə köçürməyə başladım. Bu minvalla mən rəssamlıq sənəti sahəsində qazandığım uğurlara beləcə erkən yaşlarımda tədricən imza atmağa başladım. Atam mənə o qədər rəngli karandaşlar alırdı ki! İlk öncə rəsm çəkməyə natürmortdan başlamışam. Sonra isə yavaş-yavaş Azərbaycan nağıllarındakı sevdiyim obrazları rəsmlərimdə canlandırmağa çalışırdım.
Rəsmlərimə tamaşaçı gözü ilə baxıram
Rəsm müəllimim Vaqif Ucatay mənə rəngkarlıq sənətinin sirlərini böyük ustalıqla və əzmkarlıqla öyrədir. Bu gün mən yaradıcılıq potensialımdan məharətlə istifadə etməyə çalışıram ki, gələcəkdə mahir fırça ustalarından biri kimi tanınım, həm özüm məşhur olum, həm də müəllimimin üzünü ağ edim. Mən hər hansı bir əsəri işləyib qurtardıqdan sonra ona tamaşaçı gözü ilə də baxıram, əgər zövqümü oxşamırsa, gözüm onu tutana qədər üzərində işləməli, çatışmayan elementləri əlavə etməliyəm.Yeri gəlmişkən deyim ki, rənglər portret cizgilərində xarakteri təzahür etdirən ən mühüm amildir. Rəssamlıq peşəsi təsviri incəsənətin ən qədim növlərindən biridir. Bu peşənin sahibləri rənglərdən ustalıqla istifadə etməklə öz hisslərini, arzu və duyğularını, yaradıcılıq potensiallarını ortaya qoyurlar.
Rəsmlərdə milli üsluba, qrafikaya daha çox üstünlük verirəm və rəng çalarlarını mövzuya uyğun seçirəm. Mürəkkəb kompozisiyalar yaratmaq üçün müxtəlif üsullardan istifadə etmək hobbimdir. Həm respublika, həm də beynəlxalq rəsm müsabiqələrinə qatıldıqca təcrübəm çoxalır, necə deyərlər, püxtələşirəm.
“Qoy həmişə günəş olsun!”
Uğurlarım artdıqca məsuliyyətim də artır. İçərişəhərdə “Nur Art House” qalereyasında Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr edilmiş “Qoy həmişə günəş olsun!” adlı uşaq və gənclərin rəsmlərindən ibarət sərginin açılışı oldu. Azərbaycan Rəssamlar İttifaqının üzvü, keçəçi-rəssam Rauf Əbdülhüseynoğlunun rəhbərlik etdiyi Uşaq yaradıcılıq qrupunun birgə layihəsi olan bu sərgidə mənim də on rəsm əsərim nümayiş olundu. Rənglərdən düzgün istifadə etməyimi alqışladılar və diplom qazandım. Münsiflər heyəti diplomu mənə təqdim edəndə sevincimin hədd-hüdudu yox idi. Böyük sənətkar Rauf Əbdülhüseynoğlundan öyrəndiyimiz sənət sirlərini rənglərin dili, qələmin, fırçanın gücü ilə ifadə edərək rəngkarlıq, qrafika və batika janrlarında əl işlərimizi tamaşaçılara nümayiş etdirdik. Rəsmlərim bir-birindən mövzuca fərqli və maraqlı idi. Daha çox isti rənglərdən istifadə etmişdim.Yaratdığım kompozisiyalarımın əksəriyyəti mövzu etibarı ilə mürəkkəb olsa da başadüşülən idi.
“Dünyanın səsini duyaq”
“Dünyanın səsini duyaq” Beynəlxalq festival keçiriləcəyini eşitdikdə çox sevindim və festivala qatıldım. Festivala dünyanın müxtəlif ölkələrindən - Amerika Birləşmiş Ştatları, Kanada, İngiltərə, İtaliya, Çexiya, Ukrayna, Polşa, Belarus, Qazaxıstan, Bolqarıstan, Gürcüstan, İspaniya, Şimali Kipr Türk Respublikasından çoxlu sayda istedadlı uşaqlar, tələbələr qatılmışdılar. “Bir səma altında yaşayırıq, işləyirik, yaradırıq” gənc istedadların XVI beynəlxalq festivalı Ukraynanın Mijqore şəhərində keçirildi. Bu beynəlxalq festivalın təşkilatçıları UNESCO-nun nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (Təşkilatın rəhbəri yazıçı-jurnalist, Ukraynanın əməkdar jurnalisti Vasili Fyodoroviç Tarçinetsdir), eləcə də UNESCO-nun Beynəlxalq Layihələrin Tətbiqi Mərkəzi, “NUR Art House”, “Resurs” Gənclərin İnkişafı Mərkəzi İctimai birlikləri və “Educenter” təşkilatı, “Təhsil dünyası” qəzeti idilər. Festivalda istedadlı rəssamlarımız öz əl işlərini nümayiş etdirirdilər. Mənim də “İçərişəhər”, “Eyfel qülləsi”, “Dnepr sahilində axşam”, “Bakı”, “Köhnə Bakı”, “Qobustan”, “Karvan” və digər rəsmlərim münsiflər tərəfindən dəyərləndirildi. “Muğam” adlı rəsmim münsifləri, ümumiyyətlə, heyrətləndirdi.
Qran-pri mükafatı qazandım
Festivalda iştirak edən müxtəlif ölkələrin rəssamları öz milli üslublarında fərqli mədəniyyət və adət-ənənələrini öz rəsmlərinin dili ilə tərənnüm etmişdilər. Sevindim ki, bu festivaldan üzüağ çıxdım və Qran-pri mükafatı aldım. Çalışacağam ki, gələcəkdə Azərbaycanın dünyaşöhrətli rəssamlarından olan Səttar Bəhlulzadənin, Tahir Salahovun, Mikayıl Abdullayevin, Toğrul Nərimanbəyovun və digər klassiklərimizin davamçılarından biri də mən olum.
Şəbnəmin rəsmlərini seyr edərkən onun böyük istedad sahibi olduğuna məndə zərrəcə şübhə yeri qalmırdı. Bu dilli-dilavər qız qazandığı bütün uğurlara yalnız gərgin əməyi, işgüzarlığı, ən başlıcası isə bu peşəyə olan hədsiz sevgisi, məhəbbəti sayəsində imza atmışdı. Bir saat öncə rəssamlıq sənətinin sirlərinə həvəslə yiyələnməkdə davam edən bir tələbə qızla tanış olmuşdum, ancaq ayrılanda mahir peşə sahibi ilə həmsöhbət olduğuma şübhəm qalmadı.
Sifai SƏFƏROVA