"Biz təhsil böhranı ilə üz-üzəyik"
BMT-nin baş katibi Antoniu Quterreş 12 avqust Beynəlxalq Gənclər Günü münasibətilə bəyanat yayıb. BMT-nin rəsmi YouTube kanalı vasitəsilə yayımlanan bəyanatında baş katib təlimdə qlobal böhran yaşandığını qeyd etməklə dünya ölkələrini bu sahədə islahatlar aparmağa çağırıb. A.Quterreş təhsildə islahatların vacibliyindən və müasir təhsilin gənclərin texnoloji inqilablar erasına hazırlanması ehtiyacından bəhs edib. Bəyanatda bildirilir: "Bu gün biz təhsil böhranı ilə üz-üzəyik. Çox vaxt məktəblər texnoloji dəyişikliklərdən düzgün istifadə edə bilmək üçün gəncləri zəruri bacarıqlarla təmin edə bilmir".
Baş katib əmindir ki, "tələbələr yalnız öyrənməyi yox, həm də necə öyrənməyi öyrənməlidir". Onun fikrincə, müasir təhsil özündə bilikləri, həyati bacarıqları və tənqidi düşüncəni ehtiva etməlidir. "Gənclərə davamlı inkişafın, gender bərabərliyinin, insan hüquqlarının və dünya mədəniyyətini inkişaf etdirməyin əhəmiyyətini, eləcə də iqlim dəyişiklikləri təhlükəsini izah etmək lazımdır",-deyə A. Quterreş bildirib.
Onun sözlərinə görə, bütün bu elementlər BMT-nin "Gənclər 2030" strategiyasına daxil edilib. Məhz bu strategiya gənclərin ictimai işlərə cəlb olunmasını yüksəltməyə, öz hüquqları uğrunda mübarizədə onların səylərinin dəstəklənməsinə yönəlib.
A.Quterreş əlavə edib ki, bu il Beynəlxalq Gənclər Gününün əsas mövzusu da məhz təhsilin transformasiyası, onun daha da inklüzivliyi, əlçatanlığı və müasir dünya tələblərinə uyğunluğudur.
Qeyd edək ki, Beynəlxalq Gənclər Günü BMT tərəfindən 1998-ci ildə təsis edilib. Hər il bu gün müəyyən əsas mövzuya həsr olunur.
Oruc MUSTAFAYEV