Pis oxuyanlar universitetdən kənarlaşdırılacaq
Təhsil sistemində süni intellektin təsir dairəsi genişlənməkdədir. Tamamilə mümkündür ki, yaxın vaxtlarda süni intellekt təhsildə geridə qalan tələbələrin ali məktəbdən kənarlaşdırılmasına cəlb olunacaq. Rəqəmsal məlumatlara istinad edən süni intellekt tələbələrin davamiyyətini, mühazirələrdə fəallığını, ictimai həyatda iştirakını və davranışlarını qiymətləndirəcək.
Əldə olunmuş informasiyanın təhlilindən sonra ali məktəblərin rəhbərliyi pis oxuyan tələbəyə davranışları ilə bağlı xəbərdarlıq olunmasına və ya universitetdən kənarlaşdırılmasına, yaxşı oxuyanların isə həvəsləndirilməsinə, onlar üçün əlavə məşğələlərin təşkil olunmasına qərar verəcək.
Rusiyanın EDCrunch Elmi Tədqiqat Texnologiyalar Universitetinin direktoru Nurlan Kiyasov hesab edir ki, süni intellekt müəllimlərdə tələbələrə qarşı qabaqcadan mənfi rəyin formalaşması kimi halları aradan qaldırmağa imkan verəcək.
Sistemin yoxlanması üçün bir neçə ali məktəb seçiləcək. Sistemin tətbiqinə artıq bu ildən başlanılacaq, 2021-ci ildən isə ayrı-ayrı universitetlərdə qüvvədə olacaq. N.Kiyasov qeyd edir ki, süni intellektin tövsiyələri icraya məcburi olmayacaq, tələbənin taleyi haqqında qəti qərarı dekanatlar qəbul edəcək.
Rusiyanın Təhsil Nazirliyinin məlumatına görə, ötən il müxtəlif səbəblərdən ali məktəblərdən kənarlaşdırılmış tələbələrin sayı 16,8 faiz təşkil edib. Ekspertlər hesab edirlər ki, süni intellektin tətbiqi bu göstəricini 10 faizə qədər azaltmağa imkan verəcək.
Oruc MUSTAFAYEV