Səmayə Məmmədova: “Uğurlarımın təməlində müəllimlərimin əməyi danılmazdır”
İstedadının sorağı ifa etdiyi bir-birindən gözəl mahnıların qanadlarında bizim qəzetə də gəlib çıxan Səmayə Məmmədova 2003-cü ildə Bakıda anadan olub. 6 yaşından paytaxtdakı 12 nömrəli musiqi məktəbində fortepiano şöbəsində Sveta Mövlazadədən dərs alıb. Hazırda isə istedadlı yeniyetmə Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının 10-cu sinfində oxuyur. Təəccüblü görünsə də Səmayə artıq müxtəlif musiqi alətlərində məharətlə ifa etməyi bacarır. Necə deyərlər, tarı, kamançanı, pianinonu, qarmonu onların öz dillərində dilləndirə və sevdirə bilir. Ancaq onun ən çox sevdiyi bir musiqi aləti də var ki, onun da adı fortepianodır. Nə az, nə çox, düz doqquz ildir ki, Səmayə öyrəndiyi bütün ecazkar mahnıları fortepianonun şirmayı dillərinin köməyi ilə öz yaddaşına köçürür və musiqi dünyasına qovuşdurur. Təhsil aldığı Gimnaziyada yeniyetmə fortepiano ifaçısı bu gün həvəslə musiqişünaslıq ixtisasına yiyələnir. Onunla dərsdən sonra elə təhsil ocağında görüşdük . Gəlişimin səbəbini bilməsə də, “Azərbaycan müəllimi” qəzetindən olduğumu biləndə sevinc hissi yaşadığını etiraf etdi. Söhbətimiz gözlədiyimdən də maraqlı keçdi. Doğrudan da əsl istidad sahibi ilə həmsöhbət olmaq necə də rahat olurmuş. Gənc istedad təhsil aldığı illərdə bir çox uğurlara imza atıb. Belə ki, o, dəfələrlə məktəbdə təşkil olunan hesabat konsertlərində, Azərbaycan Dövlət Filarmoniyasında keçirilən konsertlərdə istedad və bacarığını nümayiş etdirib.
Beynəlxalq yarışlara qatılmaq uşaqlıq arzum idi
2017-ci ilin dekabr ayı idi. Direktorumuz Aytən Əhmədova məni otağına çağırıb, Polşada keçiriləcək “Vavel xəzinəsi” musiqi festivalında iştirak edəcəksən, - deyəndə, çox sevindim. Fərəhimin hədd-hüdudu yox idi. Valideynlərimə bu şad xəbəri çatdırmaq üçün evə necə getdiyimi bilmədim. 4 gün vaxtım vardı. Gecələr yatmır, dünya bəstəkarlarının - İ.S.Baxın, L.V.Bethovenin, V.A.Motsartın, V.Y.Haydnın əsərlərindən parçalar üzərində ciddi hazırlaşmağa başladım. Evdə ifalarımı atam, anam, bacım dinləyir, öz iradlarını bildirirdilər. Ailəmizin bütün üzvləri musiqi vurğunları olduqları üçün onların verdikləri qiymətlər də önəmli olurdu. Şübhəsiz, fortepianoda ifa etmək həm şərəflidir, həm də məsuliyyətli. Möhtəşəm konsert salonlarında özünü sınayırsan, hamının diqqəti sənin ifanda olur, tamaşaçıların rəğbətini qazanırsan. Mənim bütün uğurlarımın təməlində həm təhsil aldığım məktəbin, həm də müəllimlərimin əməyi danılmazdır. Onların üzərimdə çəkdikləri əməyin nəticəsi olaraq mən də müxtəlif vaxtlarda Moskvada, Ukraynada, Bolqarıstanda keçirilən beynəlxalq müsabiqələrə qatılaraq birincilik qazanıb, diploma və fəxri fərmanlara layiq görülmüşəm.
Çox həyəcanlı idim
Nə isə... Atam aldığı bileti mənə göstərdi və tapşırdı ki, istirahət edim, çünki sabah tezdən yola düşməliyik. Əşyalarımı yığdıqca həyəcanım birə-beş artırdı. Sanki başım fırlanırdı... Nəhayət ki, atam, anam, bacım və qardaşım ailəvi Polşaya yola düşdük. Çox həyəcanlı idim. İfalarımın necə qarşılanacağı məni rahat olmağa qoymurdu. Bu, sözlə ifadə edilməsi mümkün olmayan hisslər idi. Artıq yersiz fikirlər məni yormuşdu. Ən çox isə xarici ölkədə Azərbaycanımızı təmsil etməyim məni həyəcanlandırır, məsuliyyətimi artırırdı.
Nəticə sevindirici oldu
... Münsiflər heyəti məni səhnəyə dəvət edəndə özümü ələ aldım. Bir anlıq həyəcan məni tam tərk etdi. Qürur hissim elə məqamındaca qorxu hissimi üstələdi və səhnəyə cəsarətlə çıxdım. Ailə üzvlərimizin gözləri mənə dikilmişdi. Anam hamıdan çox həyəcanlı idi. Dünya bəstəkarlarının əsərlərini səsləndirdikcə, tamaşaçıların baxışlarında razılıq hisslərini oxuduqca sanki coşur, daha da cəsarətlənirdim. Anam, atam, qardaşım tez-tez durur və əl işarələri ilə “bravo”, “bravo”- deyə qışqırırdılar. Nəticə də sevindirici oldu və mən Qran -pri mükafatına layiq görüldüm.
“Əhsən, qızım, üçrəngli bayrağımızı göylərə qaldırdın”
Bu festivalda, dediyim kimi, ölkəmizi mən təmsil edirdim. Polyaklar, bolqarlar çox mehriban idilər. Onlarla ünsiyyət qurduq. Gimnaziyamızda təhsil alan, çoxlu sayda beynəlxalq yarışlarda qalib olan istedadlı dostlarım barədə onlara məlumat verdim. Azərbaycandan apardığımız hədiyyələri onlara bağışladıq. Ayrılarkən çox məyus olmuşduq. Beynəlxalq yarışlara qatılmaq sevindirici olduğundan qat-qat artıq məsuliyyətlidir. Daha böyük uğurlara imza atacağıma həm müəllimlərimə, həm də valideynlərimə söz vermişəm. Anamın qaliblər sırasında adımı eşidən vaxt gözlərindən axan yaşı heç vaxt unutmaram. Düzdür, bu sevinc göz yaşları idi, ancaq eyni zamanda, müqayisəolunmaz dərəcədə təsirləndirici idi. O, - əhsən, qızım, sən üçrəngli bayrağımızı göylərə qaldırdın! - deyərək qeyri-ixtiyari qışqırırdı.
Tarixi abidələr haqqında məlumatlar topladıq
Polşanın Krakov şəhərində 3 gün qaldıq, orada park və xiyabanlarda olduq. Şəhərin mədəniyyəti ilə tanış olduq, incəsənəti və tarixi abidələri haqqında məlumatlar topladıq. Qeyd edim ki, Krakov Polşanın elm, incəsənət və mədəniyyət mərkəzi, eləcə də bir çox tarixi hadisələrin şahidi olduğuna görə bu ölkənin qəlbi hesab olunur. Şəhər öz gözəlliyi ilə turistləri də özünə cəlb edir. Dünyanın ən qədim ticarət mərkəzlərindən biri olan Cloht Hall burada yerləşir.
Sinfimizdə 10 nəfər musiqi ilə məşğul olur
Sinfimizdə təhsil alan 29 şagirdin 10 nəfəri musiqi ilə məşğul olur. Bəzən dərsdən sonra biz yığışıb milli və dünya bəstəkarlarınin əsərlərindən parçalar ifa edirik. Qonşu sinfin uşaqları da bizə qoşulurlar. Onlar üçün də ritmik mahnılar ifa edirik. Sinif rəhbərimiz İnarə Hümmətova ifa etdiyimiz mahnıları dinlədikcə bizimlə qürrələndiyini dilə gətirir. Deyir ki, mən sizinlə fəxr edirəm, çünki əvəzsiz istedad sahiblərisiniz.
Bacım və qardaşım da gimnaziyada təhsil alırlar
Qeyd edim ki, bacım Samidə və qardaşım Mirxətai də bizim gimnaziyada oxuyurlar. Onlar da qeyri-adi istedad sahibləridir. Bacım da mənim kimi fortepiano ixtisası üzrə təhsil alır. O da beynəlxalq müsabiqələr qalibidir. Qardaşım isə klarnetdə ifa edir.
İlk baxışda asan görünən, əslində isə nəfəs alətləri içərisində ən çətini sayılan, xüsusi bacarıqla nəfəs ötürmələri, notlarla üfürülən havanın ahəngini düzgün müəyyənləşdirmək bacarığı tələb olunan bu alətin sirlərinə hər şagird asanlıqla yiyələnə bilmir. Mirxətai ilk gündən bu alətin öhdəsindən gəlib. O, həm bacarıqlıdır, həm də inadkardır. O, sübut edir ki, gərgin əmək sayəsində çətinlikləri dəf etməklə, klarnet ifaçılığı sahəsində də uğurlara imza atmaq olar.
Onun 8 medalı var
Qardaşım eyni zamanda idmanın qılıncoynatma növü ilə məşğul olur. 8 qızıl medalı var. Bir çox ölkələrdə qılıncoynatma yarışlarına qatılaraq birincilik qazanıb. 2019-cu ildə Türkiyədə keçirilən qılıncoynatma yarışlarında iştirak edərək III yeri qazanıb və bürünc medalla mükafatlandırılıb. Gürcüstanda, Avropada uşaqlar arasında keçirilən qılıncoynatma yarışlarında həmişə qalib olaraq I yeri tutub.
Nadir istedad sahiblərindən olan bu yeniyetmə qızın öz uğurları ilə bərabər ailəsinin başqa üzvlərinin-bacı və qardaşının da müxtəlif sahələrdə qazandıqları nailiyyətlər barədə ürəkdolusu danışığı ruhuma rəng qatır, sevinc hissimi coşdururdu. Çünki belə mötəbər yarışlarda qələbə sevincini bütöv bir xalq yaşayır - Azərbaycan xalqı!
Sifai SƏFƏROVA