BSU-da maarifləndirici təlim
Aprelin 20-də Bakı Slavyan Universitetində (BSU) Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti və Bakı Regional Mərkəzinin əməkdaşları birlikdə “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçiriblər.
BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov tədbiri gənclərin fövqəladə hallar zamanı təhlükəsizlik qaydaları istiqamətində maarifləndirilməsinə yönəlmiş mühüm addım kimi qiymətləndirib. Prorektor BSU-da fövqəladə halların qarşısının alınması üçün hər cür şəraitin yaradıldığını, universitetdə yanğından mühafizə sisteminin olduğunu qeyd edib. Təhlükəsizlik hallarına inzibati-təsərrüfat işləri üzrə prorektorluq tərəfindən ciddi nəzarət edildiyini deyən T.Cəfərov bildirib ki, universitetdə yanğından ilkin mühafizə üçün könüllü dəstə yaradılıb.
Universitet kollektivinin iştirak etdiyi tədbirdə Dövlət Yanğın Nəzarəti Xidmətinin nümayəndəsi Nizami Fərəcov yanğın təhlükəsizliyi barədə geniş məlumat verib. FHN nümayəndəsi bildirib ki, yanğınların təqribən 4-5%-i təbii fəlakətlər, 95%-i isə insan faktorunun ehtiyatsızlığı nəticəsində baş verir. Qaz və elektrik cihazlarından istifadə qaydalarına riayət olunmaması, o cümlədən qaz cihazlarının nəzarətsiz qalması zamanı baş verən fövqəladə hallardan danışan Nizami Fərəcov tüstü bacalarının işlək və təmiz vəziyyətdə olmasının, standartlara uyğun qaz və elektrik cihazlarından istifadə etməyin əhəmiyyətini qeyd edib.
Tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları, fövqəladə hallar zamanı baş vermiş hadisələr, bu hallardan çıxış yolu tapmaq üçün lazımi qaydalar haqqında slayd və video nümayiş olunub.
Bakı Regional Mərkəzinin sektor müdiri Anar İbrahimov tədbir iştirakçılarına mobil cihazlar vasitəsilə elektron formada yanğından və digər fövqəladə hallardan mühafizə ilə bağlı mövcud proqramlar barədə məlumat verib. O vurğulayıb ki, istənilən şəxs mövzu ilə bağlı FHN-nin rəsmi saytından daha ətraflı məlumat əldə edə bilər.
Sonda tədbir iştirakçılarına mövzu ilə bağlı yaddaş vərəqələri paylanılıb və “Təhsil müəssisələrinin yanğın təhlükəsizliyi” və “İnzibati binaların yanğın təhlükəsizliyi” mövzularında yaddaş kitabçaları universitet rəhbərliyinə təqdim edilib.