Tədbirdə 5 ali məktəbi təmsil edən bakalavriat və magistrantların 220-dən çox məruzəsi dinləniləcək


Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU)   ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda bakalavriat və magistrantların xarici dillərdə (ingilis, alman, fransız, rus) ümumşəhər elmi-nəzəri konfransı keçirilib.

 

Konfransı açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov müasir Azərbaycanın qurucusu ümumilli lider Heydər Əliyevin gəncliyin inkişafındakı xidmətlərindən, qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələdə ölkəmizdə sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakının təmin edilməsinin zəruriliyindən və bu istiqamətdə görülən işlərdən danışıb. Rektor qeyd edib ki, ölkəmizdə aparılan gənclər siyasəti, ö cümlədən Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli sərəncamı İlə təsdiq edilmiş  “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluğu, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə, ölkədə könüllülük hərəkatını inkişaf etdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Rektor bu baxımdan konfransı gənclərin yaradıcılıq potensialının,  yeni ideyalarının aşkara çıxarılmasında mühüm rol oynayan tədbir kimi dəyərləndirib.

 

Konfransın müvafiq bölmələri üzrə Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialından 222 tələbənin məruzəsi  dinləniləcək. Plenar iclasda 11 məruzə dinlənilib. Konfrans öz işini 6-sı ingilis, 1-i rus, 1-i fransız, 1-i alman olmaqla 9 bölmə üzrə tədris korpuslarında və tələbə evində davam edəcək. Sonda iştirakçılara fəxri fərman və təşəkkürnamələr veriləcək.