Ədəbiyyat İnstitutu ilə Pekin Xarici Dillər Universiteti arasında memorandum imzalanıb


AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkəmizdə səfərdə olan Çinin Pekin Xarici Dillər Universitetinin (PXDU) rektoru, professor Penq Lonqun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

AMEA Rəyasət Heyətində keçirilən görüşdə akademik Akif Əlizadə Azərbaycan-Çin tarixi əlaqələrindən söz açaraq bildirib ki, iki ölkə arasında elm, təhsil və mədəniyyət sahəsində uzun illərdir mövcud olan əməkdaşlıq bu gün də inkişaf etməkdədir.

 

Ötən il Çin İctimai Elmlər Akademiyasının vitse-prezidentinin Bakıya səfərini xatırladan alim rəhbərlik etdiyi qurum ilə Çin İctimai Elmlər Akademiyası arasında elmi əlaqələrin möhkəmləndirilməsi və  birgə fəaliyyətin təşkili məqsədilə imzalanmış əməkdaşlıq müqaviləsindən danışıb. O, müqavilənin hər iki qurumun elmi fəaliyyətinə müsbət təsir etdiyini, Çinin müvafiq sahələrdə təcrübəsinin öyrənilməsində mühüm nailiyyətlərin əldə olunduğunu, Azərbaycan alimlərinin bu ölkənin müxtəlif şəhərlərində keçirilən elmi tədbirlərdə iştirak etdiyini qeyd edib.

 

AMEA rəhbəri Pekin Xarici Dillər Universiteti ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu arasında imzalanacaq müqavilə əsasında PXDU-da Azərbaycan dili və ədəbiyyatının öyrənilməsinə dair kafedranın yaradılmasını yüksək dəyərləndirib.

 

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli PXDU-ya ötən ilki səfərini xatırladıb. Alim bu nüfuzlu universitetin alim və mütəxəssisləri ilə müxtəlif səpkili görüşlərin keçirildiyini, elmi müzakirələrin aparıldığını diqqətə çatdırıb. Ali məktəbin nəzdində “Azərbaycan ədəbiyyatı” kafedrasının və Azərbaycanşünaslıq Elmi Mərkəzinin yaradılmasını yüksək qiymətləndirərək, bu işdə lazımi köməkliyi göstərməyə hazır olduğunu qeyd edib.

 

Alim rəhbərlik etdiyi Ədəbiyyat İnstitutunda Çin Mərkəzinin fəaliyyət göstərdiyini deyərək, qurumun bir neçə əməkdaşının Çin dilini öyrəndiyini, bu ölkə ilə bağlı tədqiqatlar apardığını bildirib. O, Ədəbiyyat İnstitutunun 4 əməkdaşının PXDU-ya dil kursları və elmi təcrübəyə göndəriləcəyini qeyd edib.

 

İ.Həbibbəyli iki qurum arasında imzalanacaq əməkdaşlıq müqaviləsinin həm Çin, həm də Azərbaycan elminin inkişafı baxımından faydalı olacağına əminliyini ifadə edib.

 

Görüşdə PXDU-nun rektoru, professor Penq Lonq  rəhbərlik etdiyi qurum barədə məlumat verib. O, universitetdə 98 dil üzrə təhsilin həyata keçirildiyini, prioritet istiqamətlərdə tədqiqatların aparıldığını nəzərə çatdırıb. Rektor Çinin Azərbaycandakı səfiri də daxil olmaqla, 400-dən çox səfirin Çinin bu ali təhsil müəssisəsinin məzunu olduğunu qeyd edib.

 

Daha sonra PXDU ilə AMEA-nın Ədəbiyyat İnstitutu arasında birgə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənədi professor Penq Lonq və akademik İsa Həbibbəyli imzalayıblar.

 

Sənəddə davamlı olaraq kadr və təcrübə mübadiləsinin aparılması, tədqiqat əməkdaşlığı, birgə seminar və konfransların təşkili və s. kimi tədbirlərin həyata keçirilməsi öz əksini tapır.

 

Sonda çin dilində çapdan çıxmış “Dədə-Qorqud dastanı” akademik Akif Əlizadəyə təqdim olunub.