İyulun 29-da "Azərbaycan üçün öyrət" təhsil proqramı çərçivəsində təşkil olunan "Təhsil avtobusu – Nəsimi" yay məktəbi İmadəddin Nəsiminin doğulduğu Şamaxı şəhərində yekunlaşıb.
Tədbirdə layihənin təşkilatçıları, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın Şamaxı filialının nümayəndələri, rayon təhsil şöbəsinin rəhbərliyi iştirak ediblər.
Bildirilib ki, "Təhsil avtobusu – Nəsimi" yay məktəbinin məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artmasına şərait yaratmaq və məktəblilərə Nəsimi yaradıcılığını tanıtmaqdır.
Yay məktəbinin sonuncu günündə Şamaxı rayonunun Mərzəndiyə, Göylər 1 nömrəli, Qaravəlli, Nüydü, Qızmeydan, Dəmirçi, Məlhəm, Meysəri, Muğanlı, Saqiyan, Ovuclu, Mədrəsə, Çaylı kənd tam orta məktəbləri, TT İnternat liseyi, 6 nömrəli tam orta, İnşaatçı, Şəhriyar, Sabir qəsəbə məktəblərinin 6-9-cu sinif şagirdləri iştirak edib. Şagirdlər üçün "Xəyal et və yarat", “Sabahı düşün”, "Gələcəyə addımla", "Mən uğurlu natiqəm”, “Cahanı kəşf et” komanda oyunu və "Nə? Harada? Nə zaman?" intellektual yarışı keçirilib. Təlimlər və oyunlarda fəal iştirak edən şagirdlərə sertifikatlar təqdim olunub.Tədbirin yekun mərasimində həmçinin yay məktəbinin iştirakçı, təlimçi və könüllü heyəti də təltif edilib.
İyulun 23-dən 29-dək davam edən “Təhsil avtobusu –Nəsimi” yay məktəbi Bakı-Qusar-Astara-Cocuq Mərcanlı-Qazax-Şamaxı-Bakı marşrutu üzrə səyahət edib. Yay məktəbi çərçivəsində bu bölgələrdəki məktəblərin akademik göstəriciləri zəif və orta olan 200-ə yaxın şagirdi hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən keçirilən peşə, natiqlik, incəsənət, fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edib.
Qeyd edək ki, “Təhsil avtobusu – Nəsimi” yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın əsas dəstəyi, “Bakcell”, “Paşa Həyat Sığorta” və “Optimal” şirkətlərinin dəstəyi, “Vitam Reklam”, “Şərq-Qərb” ASC əsas tərəfdaşlığı, Azərbaycan İntellektual Klublar Assosiasiyası, “Asmart” yaradıcılıq mərkəzi, “Bir” Tələbə-Könüllü proqramı, “BD Kids”, “Code Tusi” şirkəti, SABAH qrupları, “Sabah” Futbol Klubu, “Şəhanə” onlayn mağazasının tərəfdaşlığı ilə keçirilib.
Layihənin informasiya dəstəkçiləri İctimai TV, ARB TV, Təhsil TV, 1news.az, AZƏRTAC, “Edumap” Təhsil portalı, “Fam Tram”-dır.
“Təhsil avtobusu” yay məktəbi “Azərbaycan üçün öyrət” Milli Təhsil Proqramının ölkəmizin müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur.