Fərəh Əliyeva: “Tələbələrlə rektordan çox valideyn kimi davranıram”


Əvvəli: http://www.muallim.edu.az/news.php?id=591

 

II hissə

 

“Rektor danışır” layihəsinin qonağı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, sənətşünaslıq üzrə elmlər doktoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyevadır.

 

- Azərbaycanda xeyli ali təhsil müəssisəsi saxta diplomlarla uzun müddət mübarizə apardı. Sizdə bu məsələ hansı səviyyədədir? Yəni hansısa problemlər yaşadınızmı?

 

 

- Bizdə bu problem olmadı. Çünki bütün işlər, nəticələr göz qabağında olur. Yəni, aktyorsan oynamalısan, rəssamsan çəkməlisən və sair. O ayrı məsələ ki, kim nəyi, necə və hansı keyfiyyətdə edir. Mən bizim universitetin belə bir problem yaşamasını nəinki görməmişəm, heç eşitməmişəm də. Sizə bir söz deyim, bizdə elə adamlar işləyir ki, xüsusən sənətlə bağlı olan insanlar, onlarla saxta iş görmək mümkün deyil. Yəni standartları başqadır. Onlara bu işi gördürə bilməzsən.

 

- Kollektivdən söz düşmüşkən, pedaqoji heyətinizin vəziyyəti nə yerdədir?

 

- Gözəl müəllimlərimiz var. Tələbələr onlara bağlanır, maraqla dinləyirlər. Amma bunu da etiraf edim ki, təsadüfi insanlarımız da var.

 

- Təsadüfi olanlarla necə başa çıxa bilirsiniz? Əslində, indi təsadüfi adamların yaratdığı problemləri sonra digərləri aradan qaldırmaq məcburiyyətində qalır. Bəzən bu, çox uzun zaman tələb edir. Bir də düzü, hərdən adama elə gəlir ki,  adını təsadüfi qoyduğumuz adamlar heç təsadüfi deyil. Onlar sadəcə, problemi yaradacaqları anı gözləyirlər...

 

- Düzü, biz yollarımızı təsadüfilərlə ayırmağa çalışırıq. Hətta o halda belə çalışıram ki, xoşluqla ayrılaq. Yəni hamımız insanıq, ona görə də istəyirəm ki, elə ayrıldıqlarımızla da insan kimi ayrılaq. Bəlkə də o vəziyyətə düşmələri öz günahlarıdır...

 

- Neçə belə “təsadüfiniz” olub?

 

- Statistikasını deməyək, amma olub və var. Bilirsinizmi, bizdə nə vəziyyət yarandı? Biz sistemi, yanaşmanı dəyişməyə başlayanda, təbii olaraq, elə adamlar başlayırlar özlərini pis hiss etməyə. Çünki edilən dəyişikliklər onlar üçün münbit şəraiti məhdudlaşdırır, əvvəlki kimi hərəkət edə bilmirlər. Özlərini mütləq hansısa mərhələdə büruzə verirlər. Onda biz də onlara heç demirik ki, sizin savad və səriştəniz bu situasiyada yetərli deyil. Diskomfortda olacaqlarını ehtiyatla anladırıq. Məsələn, elə hal olur ki, imtahanda tələbə cavabını yazılı formada verir və aşağı qiymət alır. Nəticədə şikayət edir və biz hər tələbənin şikayətinə baxırıq. Araşdıranda məlum olur ki, əslində, tələbə müəllimindən öyrəndiyi qədər cavab yazıb. Özü də deyir ki, yazdıqlarımın hər birini müəllimdən öyrənmişəm. Müəllim öyrədən məsələlərlə bağlı hər şeyi yazmışamsa, niyə qiymətim aşağı olsun? Məntiqlə tələbə haqlıdır. Və bu situasiyada məsuliyyət altında qalan müəllimdir. Çünki o, tələbəyə lazım olan qədərini öyrətməyib, öyrədə bilməyib. Nəticədə əziyyəti tələbə çəkir, aşağı qiymət alır. Müəllimin diskomfortu burdan başlayır. Heç biz deməmiş, o, hiss edir ki, tələbə haqlıdır. Və artıq bu situasiyada o, davam edə bilməz. Bəzən də tələbə gəlib deyir ki, biz filan müəllimdən dərs almaq istəyirik. Hətta elə müəllimlərimiz var ki, tələbələrimiz arasında onun sinfinə düşmək üçün daxili müsabiqə edirik.

 

- Ali məktəblərin fəaliyyəti haqda danışılanda həmişə diqqət mərkəzində saxlanılan məsələlərdən biri də rüşvətdir...

 

- Bu halların qarşısını almağa çalışmışıq, çalışırıq. Universitetlərdə ədalətli mühit olmalıdır. Tələbənin haqqını da qorumalıyıq, ondan lazım olanı tələb eləməyi də bacarmalıyıq. İndiki halda tələbədən tələb olunan yaxşı oxumaq, problemi zamanında xəbər vermək, haqqını tələb etməyi bacarmaqdır. Eyni zamanda, tələbədən dərs tələb edən müəllimlərin də haqları qorunmalıdır. Siz deyən qanundankənar hallar nə zaman yaranır? Sadaladıqlarım arasında hansısa halqada zəiflik yarananda. Ola bilər, nə zamansa belə bir adət olub. Kimsə düşünüb ki, gedim nəsə verim, qiymət yazdırım. İndi mən çalışıram ki, bu vəziyyət sıfıra ensin, olmasın.

 

- Daha səmimi cavab istəyirəm. Belə vəziyyətləri sıfırlamaq mümkündürmü? Təkcə sizin sahədən getmir söhbət, ümumiyyətlə, soruşuram, maraqlıdır...

 

- Bu, insanın mənəviyyatına bağlı məsələdir. Bəzən deyirlər, müəllimlərin maaşı aşağıdır, dolana bilmir. Yəni guya rüşvət buna bağlı məsələdir. Amma mən bunu qəbul etmirəm. İstənilən neqativ hal insanın mənəviyyatına bağlıdır və o, istəsə etməyə də bilər. Bacardıqca yumşaq demək istəyirəm, kəskin səslənməsini istəmirəm...

 

- Amma elə məsələdir ki, yumşaq danışsaq da, sərt səslənir...

 

- Ona görə bir kəlmə ilə dedim ki, bu, mənəviyyat məsələsi, göstəricisidir. Tələbənin cibinə baxan müəllim mənim nəzərimdə, ümumiyyətlə, müəllim deyil. Mən onu vətəndaş kimi də ən aşağı səviyyəli biri bilirəm. Bu hallar olmamalıdır. Çünki o müəllim nə zamansa xəstələnib, rüşvətlə qiymət alan bisavad həkimin əlinə düşəcək. Sonra hər yana yazacaq ki, həkimlər savadsızdır. Mən həkimləri bir misal olaraq dedim. Həkimlərimizin xətrinə dəymək istəmirəm. Baxın, olsun savadsız bir müəllim, nəvəsinə, övladına dərs keçəcək. Ya da bir müəssisədə işləyəcək, yararsız kadr olacaq. Elementar səhvi faciəyə gətirəcək. Yəni gələcəyi düşünən yaxşı müəllim tələbəylə münasibətdə o hala yol verməməlidir. Tələbələr də bilməlidirlər ki, diplomu almaq xatirinə nəsə vermək olmaz. İndi bütün müəssisələr savadlı, ağıllı və bacarıqlı kadr, mütəxəssis axtarır.

 

- Siz gələndən bəri neçə belə hadisə olub və qarşısı necə alınıb? Tələbəmi cəzalanıb, müəllimmi?

 

-Bu il mənim üçün çox ağrılı bir məsələ oldu. O qədər ağır hadisə idi ki, başqa rəqəmlər saymaq lazım deyil. Gəlin heç ad da çəkməyək. O müəllim əməlindən xəcalət çəkdi. Universitetdə kimsənin üzünə baxa bilmədi. Demək olar ki, üzünü əli ilə qapamış halda çıxdı burdan. Rəhbərlik o yana qalsın, öz müəllim həmkarları onu biabır elədi. Hamı bir nəfər kimi yığışdı dedi ki, bu boyda biabırçılıq olmaz.  Böyük mübahisə yaranmışdı. Həmin müəllim gedəndən sonra aldadılmış tələbə və valideynlərə də dedik ki, o adamla mübahisələrini gedib kənarda etsinlər. Dediyim şəxs övladlarını qabiliyyət imtahanında keçirmək üçün valideynlərdən rüşvət almışdı. Onu da deyim ki, hansı adamlara görə ki, o müəllimə nəsə verilmişdi, onların bir xeylisi imtahanı şəxsi bacarıq və istedadı ilə keçmişdi. Mən ona məəttəl qalıram ki, axı adamlar niyə belə edir? Yəni sənin övladının bacarığı, istedadı ola-ola niyə kiminsə sözünə inanıb nəsə verirsən ki?! Sonra da məlum olsun ki, səni aldadıblar. Bilirsinizmi, dələduzlar var, deyirlər qabiliyyət imtahanında səni kiməsə mütləq tapşırmaq lazımdır. Uşaq da, valideyn də belə sözdən çəkinir. O halda məlum söz-söhbətlər yaranır. Mən elə burdan səslənirəm hər kəsə ki, bizim universitet haqda kimsə sizə nəsə desə, inanmayın. Qabiliyyət imtahanından ancaq bir halda və yüz faiz keçmək mümkündür: əgər siz bacarıqlı, savadlı və istedadlısınızsa.

 

- Həmin uşaqların valideynləri ilə görüşdünüzmü?  O tələbələrin sonu necə oldu? Kimsə cəzalandırıldımı?

 

 

- Valideynləri qəbul etdim, uşaqlarla da görüşdüm. Kim ki qiymət almışdı, valideyninə izah etdim ki, uşağın öz halal qiymətini alıb. Ona görə kiməsə nəsə çatmayıb və bunu kimsə sizdən tələb də etməyib. Düzdür, onlar sonra gedib həmin müəllimi tapıb məsələlərini həll etmişdilər. Bu hadisə məncə, uşaqlara da, valideynlərə də, müəllimlərə də əməlli dərs oldu.

 

- O müəllimin yenidən pedaqoji fəaliyyətə qayıtması mümkündürmü, məhz sizin universitetdə?

 

- Qətiyyən qaytarmaram. Hətta mənə elə gəlir bizim ali təhsil müəssisələrimizin hamısı belə insanlardan mütləq xilas olmalıdır. İnsanlar təhsil almağa gənc yaşlarında gəlir. Biz burada onlara nə öyrətsək, o cür formalaşıb gedirlər. Biz onlara neqativləri öyrətməməliyik. Müəllim peşəsi həmişə müqəddəs olub, biz onu niyə ucuzlaşdırırıq ki?!.. O gənclər gedib sonra düşmən qarşısında mübarizə aparır, bizi qoruyur. Biz onları niyə kiminsə qabağında sındırıb, alçaldırıq ki? Olmaz və qətiyyən olmaz... Sadəcə, ədalətli olmaq lazımdır. Müəllim hər hansı işini uşaqdan aldığı haram pulla həll etməməlidir. İnsan bilməlidir ki, etdiyi haram mütləq haradansa bir gün vurub çıxacaq.

 

- Bu cür hallar rektorların da nüfuzuna xələl gətirə bilər. Narahat deyilsiniz ki?

 

 

- Qətiyyən narahat deyiləm və indiyə qədər məni daxili qərarlarıma görə narahat edən belə olmayıb. Bəlkə bu barədə həm də mənim bəxtim gətirib. Bir məsələni də qeyd edim. Mənə elə gəlir ki, bu məsələ bizdə müəyyən bir dövr üçün aktual idi və mərhələli şəkildə bitib gedəcək. Sadəcə, ədalətli olmağı bacarmaq lazımdır. Ədalətli ortam yaradılmalıdır. Əgər o ortam yaradılmasa, bunun çox ağır fəsadları olar.

 

- Nə qədər ədalətlisiniz? Sizin ədalətlidir dediyiniz qərar başqasına ədalətsiz görünə bilər. Yəni o balansı hansı standartla tənzimləyirsiniz? 

 

 

- Ədalət elə bir məsələdir ki, dünya var olduğu qədər onun standartını bilən olmayıb. Mənə görə ədalətli olmaq vicdanının səni narahat etməməsidir. Əgər vicdanın qarşısında narahat olmursansa, demək ədalətli ola bilmisən. Bəzən ağrılı məqamlar olur. Baxırsan tələbə ödənişini edə bilməyib, ya da məsələn, imtahanının nəticəsindən narazıdır. Mən bu hallarda çox pis oluram. Çətindir, amma qarşındakına izah etməlisən, o da anlamalıdır ki, bu, səndən asılı deyil.  Bizim universitetdən heç vaxt davamiyyətə görə tələbə qovulmasına yol vermirəm. Bəzən olur müəllimlər gəlib tələbənin elə göstəricilərini deyir və tələb qoyur ki, bu uşaq qovulmalıdır, qalırsan baxa-baxa. Ona da razı olmuram. Mənə görə kimisə qovmaq ən axırıncı variant, ən son həddir. Ona qədər yola gətirməyə, tərbiyə etməyə dəfələrlə cəhd etməlisən. Bütün cəhdlərin boşa çıxarsa, o halda vadar olub qovulma qərarı verilə bilər. 

 

- Qovulma qərarı verdiyiniz olubmu?

 

- Bizim tələbələr yaxşı tələbələrdirlər. Özləri də etiraf edər, mən onlarla rektordan çox valideyn kimi davranıram. Elə fakültələrimiz var ki, orada demək olar tələbələri adbaad tanıyıram. Şuluq tələbələri, ümumiyyətlə, dəqiq tanıyıram. Ən istedadlısını, istedadı olub tənbəl olanını, yəni hamısını bir-bir bilirəm.

 

- Tapşırılanlarınız necə, varmı? Bu da rektorların bir qisminin böyük çətinliyidir...

 

- Bəlkə də bu mənə ailədən, atadan keçmə bir keyfiyyətdir, bunu heç vaxt etməmişəm. Yəni tapşırığa əməl etməmişəm. Bir-iki tapşırıq oldu, məcbur oldum yox deyəm. Ondan sonra nəsə deyən yoxdur. Bilirsiniz, bu tapşırıq məsələlərində məni qıcıqlandıran nədir? Baxırsan, tələbə son dərəcə yaxşı cavab verir, amma onu sənə tapşırıblar. Bunu anlaya bilmirəm. Sığortalanmaq üçün nəyə lazımdır belə tapşırılmaq? Axı sən özün normal cavab verə bilirsən! O üzdən həmişə tapşırılan tələbənin cavabına maraqla baxıram. Bilmək istəyirəm ki, doğrudan da bu tapşırığa ehtiyac var idimi? Məncə, ümumiyyətlə, kimisə tapşırmağa ehtiyac yoxdur. Bu tələbə cavab verə bilmirsə, bilmir. Onu zorla oxutmaq olmaz! Minnətçi düşmək lazım deyil. Çünki qıraqdan baxanlar da var. Biri oxuyub layiq olduğunu alır, başqa biri tapşırılıb. Onda ədalətli mühitin balansı pozulur. Və bunu görən təkcə sən olmursan. Bunu özü oxuyub qiymət alan da görür. Bax onda həmin o tələbənin qol-qanadı qırılır, mənəvi zərbə alır.

 

- Prinsipial qadın, rəhbər və ailə xanımı, üçü bir arada çətindir. Sizdə bu necə alınır?

 

- Düzünü deyim sizə, rəhbər təyin olunmaq həyatımda heç nəyi dəyişməyib. Necə var idimsə, eləcə də qalmışam. Məişətimdə də heç nə dəyişməyib. Nə varlanmamışam, nə kasıb düşməmişəm. Ailəmdə də münasibətlər əvvəlkidir, dostlarım da əvvəlki dostlardır.

 

Universitetimizə gəlincə, burda xeyli yenilik arzulayıram. Məsələn, ilbəil bizim xarici tələbələrin sayı artır. Düşünürəm ki, unversitetdə təhsilin səviyyəsini daha da qaldıra bilsək, biz təkcə ölkə daxilində yox, həm də region üçün vacib ali təhsil müəssisəsi ola bilərik. Hazırda çalışıb nəticə əldə etmək istədiyimiz istiqamət budur. Ümid edirəm yaxşı nəticəsi olar. Özü də sizə deyim ki, bizdə bu potensial var. Məsələn, bizim bir yetirməmiz - Sara xanım müqavilə ilə Çində teatr sənətindən dərs deməyə gedir. Demək, bizdə belə nəticələri əldə etmək mümkündür. Sadəcə, o standartda mütəxəssisi yetişdirmək üçün həm də yüksək səviyyədə şərait yaratmaq lazımdır. Əminəm ki, biz daha yaxşı işləyib o nəticələrin hamısını əldə etməyi bacaracağıq.

 

Jalə MÜTƏLLİMOVA