Azərbaycan Milli Olimpiya Komitəsi, Təhsil, Gənclər və İdman nazirlikləri, “Bakı 2019” Əməliyyat Komitəsinin dəstəyi ilə “Olimpiya mədəniyyəti və təhsil proqramı”nın iyulun 22-də Atletlər kəndində pavilyonunun açılış mərasimi olub.

 

Pavilyonda Atletlər kəndində məskunlaşan idmançılara, rəsmi nümayəndələrə və qonaqlara proqram vasitəsilə Bakıdan seçilmiş 49 təhsil müəssisəsinin nümayəndələri tərəfindən Avropa ölkələrinin mədəniyyəti, incəsənəti, tarixi və idmanı barədə məlumat təqdim edilir. Pavilyonun qarşıya qoyduğu digər məqsəd gənc idmançılar arasında Olimpiya dəyərləri, mədəniyyətlərarası əlaqə, sülh və dostluğu təşviq etməkdir.

 

Mərasimdə Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil naziri Ceyhun Bayramov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, MOK baş katibinin müavini Azər Əliyev, üzv ölkələrin Milli Olimpiya komitələrinin rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, müxtəlif ölkələrdən olan qonaqlar iştirak ediblər.

 

Çingiz Hüseynzadə tədbirdə çıxış edərək dostluğu, qarşılıqlı hörməti, sülhü və mükəmməlliyi özündə ehtiva edən Olimpiya hərəkatının Avropa Gənclər Olimpiya Festivalında təşəkkül tapdığını bildirib. O deyib ki, idmançılar və məktəblilər Olimpiya dəyərlərinin təbliğində əsas aspektləri təşkil edirlər.

 

Gənclər və İdman naziri Azad Rəhimov “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının nəinki Azərbaycanda, Avropanın bütün ölkələrində bədən tərbiyəsi və idmanın inkişafı baxımından töhfəsini yüksək qiymətləndirib. “Biz Avropa Gənclər Olimpiya Festivalı və “Olimpiya mədəniyyəti və təhsil proqramı” vasitəsilə mümkün qədər daha çox uşağın idmana maraq göstərməsini və sağlam həyat tərzi sürməsini istəyirik”, - deyə nazir əlavə edib.

 

Təhsil naziri Ceyhun Bayramov məktəblərin və şagirdlərin bu proqramdakı rolundan danışıb. Bildirib ki, belə layihələr məktəblilərdə sağlam həyat tərzinin formalaşmasında, idmanın kütləviliyinin təmin olunmasında, ölkələr və mədəniyyətlərarası dostluğun inkişafında və istedadlı gənclərin üzə çıxarılmasında misilsiz rol oynayır. Nazir Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi ilə Təhsil Nazirliyinin daha bir uğurlu və tarixi layihəyə imza atdıqlarını vurğulayıb.

 

Çıxışlardan sonra tədbir iştirakçıları pavilyonla tanış olublar.

 

Sonda məktəblilərin hazırladıqları bədii hissə təqdim edilib.