Abşeron Rayon Təhsil Şöbəsində rayonun ümumtəhsil məktəblərinin psixoloqları ilə görüş keçirilib.

 

Rayon təhsil şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Aysel Tahirovanın verdiyi məlumata görə, görüşdə təhsil şöbəsinin əməkdaşları, “Psixoloq” qəzetinin baş redaktoru Tahir Heydərov iştirak edib.

 

Metodkabinet müdiri Sevil Əliyeva bildirib ki, məktəb psixoloqlarının başlıca vəzifələri psixoprofilaktik və psixodiaqnostik iş prosesində təhsildə çətinliklərlə qarşılaşan, inkişafı və davranışında çatışmazlığı olan uşaqların üzə çıxarılması məqsədi ilə şagirdlərin intellektual və şəxsi emosional inkişafının fərdi-psixoloji xüsusiyyətlərini öyrənmək, siniflərdə və qruplarda sosial-psixoloji mühiti tədqiq etməkdir.

 

Daha sonra təhsil şöbəsinin psixoloqu İstək Bəxtiyarova məktəblərdə psixo-pedaqoji işin aparılması, maarifləndirici tədbirlərin keçirilməsi, valideyn komitələri ilə iş, sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərə qarşı mübarizə, sosial şəbəkələr və onlardan istifadə, şagirdlərdə iradi-psixoloji keyfiyyətlərin formalaşdırılması və gücləndirilməsi istiqamətində görüləcək işlər barədə ətraflı məlumat verib.

 

Sonda psixoloqları maraqlandıran suallar cavablandırılıb.

 

Şakir CƏFƏROV