İyulun 14-dən 21-dək Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının təşəbbüsü ilə Sumqayıt Dövlət Universitetində (SDU) “Odlar Yurdu Azərbaycana səyahət” adlı yay məktəbi təşkil edilib.
Yay məktəbi çərçivəsində müxtəlif seminar, görüş, həmçinin əlverişli turizm məkanlarınına ekskursiya təşkil edilib və tələbələr ölkəmizin tarixi-memarlıq abidələri, təbiəti və milli mətbəxi ilə tanış olublar.
İyulun 20-də yay məktəbinin təntənəli bağlanış mərasimi keşirilib.
SDU-nun rektoru, professor Elxan Hüseynov bildirib ki, yay məktəbinin təşkili, səmərəli görüşlər qarşılıqlı əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verib. Gənclər bilik və bacarıqlarını artırmaqla yanaşı, Azərbaycanın tarixinə və mədəniyyətinə səyahət ediblər. Eləcə də respublikamızda fəaliyyət göstərən universitetlərlə tanışlıq yeni dostlar qazanmaq və təcrübə mübadiləsi üçün əla fürsət olub.
Sonra E.Hüseynov yay məktəbinin iştrakçılarına sertifikat və qiymətli hədiyyələr təqdim edib.
Qeyd edək ki, yay məktəbinə Rusiya Federasiyası və yerli ali təhsil müəssisələrindən, ümumilikdə 70-ə yaxın tələbə qatılıb.