İdman məktəblərinin yetirmələri II Avropa Oyunlarında böyük uğura imza atıblar
Tarixin bütün dönəmlərində Azərbaycan idmançıları dünya idman tarixinə öz imzalarını atıblar. Keçmiş sovetlər məkanında güləşçilərimiz, boksçularımız, samboçularımız, yüngül atletika təmsilçilərimiz daim ölkəmizin idman şərəfini qoruyaraq respublikalararası yarışlarda müxtəlif kateqoriyalı medallar qazanmaqla qürur mənbəyimizə çevriliblər. Sağlam bədəndə sağlam ruh tərbiyə etmək prinsipi gənclərimizin düşüncə tərzlərini zamanın tələblərinə uyğun şəkildə formalaşdırmağa daha böyük imkanlar yaradıb. Buna görə də uşaq və yeniyetməlik dövrlərindən başlayaraq məktəblilərimizin idmanın müxtəlif növlərinə cəlb olunmasının vacibliyi Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri olub. Artıq müxtəlif idman yarışlarında, olimpiadalarda və dünya birinciliklərində millimizi təmsil edən idmançılarımız hər il idmanın bütün növləri üzrə yüksək nəticələr nümayiş etdirərək qızıl və gümüş medallara sahib olurlar və bayrağımızı dünyanın bütün qitələrində dalğalandırırlar. Bu, olduqca sevindirici və qürurverici haldır. Qələbələrimiz, uğurlarımız göz önündədir. Bu günlərdə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman məktəbləri üzrə “Minsk 2019” II Avropa Oyunlarında iştirak edən, qızıl və gümüş medallar qazanan idmançılarımızla görüşüb qələbə sevinclərini bölüşdük və təəssüratlarını dinlədik. Ən mötəbər yarışlarda rəqiblərini məğlub edərək, bayrağımızı ucaldan bu gənclərin ürək sözlərini, ürək çırpıntılarını dinləmək, onların arzu və istəklərini qələmə almaq necə də xoş idi!
“Vətənimə olan sevgim qalib olmağıma təkan verdi”
Azərbaycan yunan-Roma güləşçisi İslam Abbasov:
- Qubadlı rayonunda anadan olmuşam. Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişəm. Atam güləşlə məşğul olub. İlk dəfə idmanla məşğul olanda yeddi yaşım vardı. Sumqayıtda məşqə gedirdim. Müəllimim də Qərib Əliyev idi. Sonralar Bakıda əsas komandaya üzv oldum. Məşqlər mənim üçün çox maraqlı keçirdi. Atam istəyirdi ki, güləşçi olum. Nəhayət ki, atamın arzularını yerinə yetirdim. Atam hər qələbəmi eşidəndə elə bil ona bir dünya sevinc bəxş edirdim. Ən çətin döyüşüm 2015-ci ildə İranın paytaxtı Tehranda keçirilən Dünya kubokunun finalında oldu. Azərbaycan və Rusiya komandaları arasında həlledici görüş idi. Olimpiya çempionu, rusiyalı David Çakvetadzeni məğlub etmək üçün çox əziyyət çəkdim. Nəticədə ölkəmiz dünya kubokunun sahibi oldu. 2017-ci ildə isə yunan-Roma güləş növü üzrə Dünya Kubokunda qələbəmizdən sonra möhtərəm Prezident cənab İlham Əliyev bizim komandanı qəbul etdi. Qürur duyuram ki, Prezidentimiz biz idmançılarla vaxtaşırı görüşür. Bu, şübhəsiz, bizim məsuliyyətimizi bir daha artırır və yeni qələbələrə ruhlandırır. Biz idmançılar üçün bundan böyük sevinc hissi ola bilərmi?
Müxtəlif illərdə kadetlər, yeniyetmələr və gənclər arasında 5 dəfə dünya çempionu, 5 dəfə Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının qalibi, II Avropa Oyunlarının gümüş mükafatçısı və böyüklər arasında Dünya Kubokunun qalibi olmuşam. Bu uğurları əzmkarlığım nəticəsində əldə etmişəm. Bildiyimiz kimi, Avropa Oyunları böyük bir layihədir və yüksək səviyyədə keçdi. Məşqçilərimiz bizi federasiya oyunlarına yüksək səviyyədə, qrafiklə, sistemli şəkildə hazırlaşdırır.Yarışlara hazırlaşmaq üçün biz idmançılara hər cür şəraitin yaradılmasıdır. Buna görə də öncə federasiyamızın rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Həmişə çalışırıq ki, Vətənə medalla qayıdaq. Ötən il Budapeştdə keçiriləcək dünya çempionatına çox ciddi hazırlaşırdıq. Bilirdik ki, bizi çətin mübarizə gözləyir. Ona görə də var gücümüzlə məşq edirdik. Dünya çempionatında mənim çıxış edəcəyim çəki dərəcəsində 10-a yaxın favorit güləşçi var idi. Güclü rəqiblərlə qarşılaşacaqdım. Bütün gücümü səfərbər etdim. Əziyyətim hədər getmədi, bütün rəqiblərimi üstələyərək ölkəmizə qızıl medal qazandırdım. Həmin anların sevincini sözlə ifadə etmək olduqca çətindir, çünki bu, tək mənim kiminsə üzərində qələbəm deyildi, bu, Azərbaycan millisinin xalça üzərində parlaq qələbəsi idi. Bayrağımız birinci sırada dalğalananda o yüksəkliyə mən də ucalırdım. Bax, budur hər qələbənin biz idmançılara bəxş etdiyi sevinc hisslərinin yaşantısı. Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında isə Ermənistan təmsilçisini məğlub etməklə gəncliyimizin qüdrətini nümayiş etdirdim. Sübut etdim ki, onlar bizdən bütün sahələrdə olduğu kimi idman sahəsində də çox geridir. Açığını deyəcəyəm, baxmayaraq ki, idman həmrəylik, dostluq simvoludur və biz idmançılar bu əqidəyə daim sadiqik, ancaq mən erməni rəqiblə xalça üzərində üz-üzə gələndə özümü qeyri-ixtiyari olaraq idman zalında deyil, səngərdə hiss edirdim və onu məğlub etmək, ona Azərbaycan gəncliyinin gücünü sübut etmək haqqında düşünürdüm. Elə bu əzmkarlığım, Vətənimə olan hədsiz sevgim qalib olmağıma təkan verdi.
“Hər bir valideyn öz övladlarının uğuruna sevinir”
İslamın atası Əzim Abbasov oğlunun idmana gəlişinin tarixçəsini belə xatırlayır:
- 17 il bundan əvvəl idman zalında idik. 28 kiloqram çəki dərəcəsində olan uşaqlar güləşirdilər. Məşqçiyə dedim ki, oğlum bu uşaqları yıxar. Onda İslamın vur-tut 7 yaşı vardı. Məşqçinin razılığı ilə o, xalça üzərinə çıxdı və qalib də gəldi. Elə həmin gündən də İslam güləşlə məşğul olmağa başladı. Hər bir valideyn öz övladının uğurlarına sevinir və bundan qürur hissi duyur. İslam uşaq yaşlarından əziyyətə qatlaşmağı sevir. O, məşq etməkdən zövq alır, yorulmaq bilmir. Bu əzmkarlığının nəticəsidir ki, bir yarışda da ailəmizi, məşqçilərini pərt etməyib, daim qələbə sevincini özü ilə bərabər bizə də yaşadıb. Özü də etiraf edir ki, nə uşaqlıq, nə də gənclik illərinin dadlarını hiss etməyib, bütün günlərini dərsdən sonra xalça üzərində keçirib. O, nə az, nə çox, 23 illik ömrünün böyük bir hissəsini yunan-Roma güləşinə həsr edib. Həyatında çox şeyi idmana, güləşə qurban verib. İslam hər il müxtəlif yarışlarda təxminən 60-a yaxın rəqiblə qarşılaşır. Minskdə II Avropa Oyunlarında 4 görüş keçirtdi. Bütün rəqiblər təcrübəli idmançılar idilər, aralarında zəifi yox idi. İslam bütün görüşlərdə uddu, amma finalda üçqat dünya çempionu Jan Belenyuka uduzdu və ölkəmizə gümüş medal qazandırdı.
Bu gün İslam Abbasov fəxrimizdir, qürur mənbəyimizdir. Azərbaycan Prezidenti İlham Əliyev cənabları onu dəfələrlə qəbul edib, idmanda qazandığı uğurları, əzmkarlığını yüksək qiymətləndirib.
“Prezidentimiz əməyimi yüksək qiymətləndirib”
Sərbəst güləşçi Hacı Əliyev:
-1991-ci ildə Naxçıvan şəhərində anadan olmuşam. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil almışam. 2010-cu ildən Azərbaycan yığmasında çıxış edirəm. Böyük qardaşım Yaşar Əliyev də idmanın sərbəst güləş növü ilə məşğul olur. Qardaşım 2013-cü ildə Avropa çempionatında bürünc medal qazanıb. Qeyd edim ki, mən 2008-ci ilin mayında Türkiyənin Antalya şəhərində keçirilən yeniyetmələr arasında “Qələbə Kuboku” turnirinə qatıldım. Həmin yarışlarda 54 kiloqram çəki dərəcəsində mübarizə apararaq turnirin bürünc medalını qazandım. Bu, şübhəsiz, məni hədsiz ruhlandırdı və növbəti nailiyyətim Latviyanın Dauqavpils şəhərində keçirilən yeniyetmələr arasında Avropa Çempionatında oldu. Mən inadkarlıq nümayiş etdirərək 54 kiloqram çəki dərəcəsində finala gədər bütün rəqiblərimi inamla məğlub etdim. Sonra Latviyanın paytaxtı Riqa şəhərində keçirilən beynəlxalq turnirə qatıldım və yarışı 5-ci yerdə başa vurdum. 2009-cu ildə isə növbəti nailiyyətlərim ölkədaxili yarışlarda oldu. Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin xatirəsinə həsr olunan gənclər arasında turnirdə bütün rəqiblərim üzərində qələbə qazandım və yarışın çempionu oldum. Dekabr ayında isə böyüklər arasında birincilik qazandım. Azərbaycan Kubokunda bütün rəqibləri məğlub edərək turnirin qalibi oldum. Ukraynanın paytaxtı Kiyev şəhərində baş tutan beynəlxalq turnirdə də qüvvəmi sınadım, amma medalçılar sırasına düşə bilmədim, çünki rəqiblərim gözlədiyimdən də qat-qat güclü oldular. Ancaq bu uğursuzluq məni zərrəcə ruhdan salmadı. Məşqçilərimiz bizə ruhdan düşməyək deyə daim bir fikri təlqin edir ki, idmanda belə hallar qəbulediləndir. Bu, doğrudan da belədir, iki rəqibin yalnız biri qalib ola bilər.
2010-cu ildə Bakı şəhərində baş tutan Avropa Çempionatında 60 kiloqram çəki dərəcəsində mübarizə apardım, birinci görüşdə, 1/8 final mərhələsində Almaniya güləşçisi Tim Şlyeyxer ilə qarşılaşdım. Həmin görüşün birinci hissəsində məğlub olsam da (0:1), ikinci və üçüncü hissələrdə müvafiq olaraq 3:0 və 3:1 hesabı ilə növbəti mərhələyə vəsiqə qazandım. Ümumiyyətlə, 2010-cu il mənim üçün uğurlu il oldu. Bakı şəhərində keçirilən “Hünər meydanı” və Gəncə şəhərində İsax Cəfərovun xatirəsinə həsr olunan turnirlərdə də bütün rəqiblərimi məğlub edərək qızıl medala sahib oldum. 2011-ci ildə artıq 20 yaşım vardı. Uğurlarım getdikcə artırdı. Bolqarıstanın Burqas şəhərində baş tutan “Dan Kolov və Nikola Petrov” Memorialında 8-ci yeri tutdum. Yeniyetmə və gənclər arasında keçirilən Azərbaycan Güləş Federasiyasının (AGF) Kuboku uğrunda beynəlxalq yarışın finalında Toğrul Əsgərova uduzdum və turnirin gümüş medalına layiq görüldüm. Bütün yarışlara qətiyyətlə hazırlaşıram, ancaq qalib gəlmək əzmi ilə məşqlər edirəm. 2014-cü ildə Daşkənddə, 2015-ci ildə Las-Veqasda, 2017-ci ildə isə Parisdə baş tutan dünya çempionatlarının qalibi olmuşam. 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında da öz gücümü sınamışam. Birinci görüşdə Cənubi Koreya güləşçisi ilə qarşılaşdım. Həmin görüşdə 12:2 hesabı ilə vaxtından əvvəl qələbə qazandım və bürünc medala layiq görüldüm. II Avropa Oyunlarında medal estafetimi davam etdirərək qızıl medal qazandım.
Azərbaycan Prezidenti İlham Əliyev əməyimi daim yüksək qiymətləndirib. I Avropa Oyunlarında qazandığım bürünc medala görə “Tərəqqi” medalı ilə, XXXI Yay Olimpiya Oyunlarında qazandığım bürünc medala görə isə “Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu” ilə mükafatlandırılmışam.
“Hacı bütün ümidlərimi doğrultdu”
Hacı Əliyevin məşqçisi Qırxlar Bədəlovun öz yetirməsi haqda söylədikləri:
- Hacı mənim bütün ümidlərimi doğrultdu. Mən onunla məşqlərə başladığım ilk günlərdən hiss edirdim ki, bu gənc gözəl idmançı olacaq və mənim əməyim hədər getməyəcək. Belə də oldu. Hacının ötən bu illər ərzində qazandığı uğurları sadalamaqla qurtaran deyil. Deyərdim ki, cəngavər idmançıdır, xalça üzərinə çıxanda tamam başqalaşır, sanki döyüş meydanında hiss edir özünü. O, həm də vətənpərvər bir oğuldur. Hər yarışda, “müəllim, Vətənimin üzünü hökmən ağ edəcəyəm”, - deyir və edir də. Hacının birincilik qazandığı yarışlarda Azərbaycan bayrağı birinci qalxanda mən onun üzünə diqqət yetirirəm, sanki qanad açıb uçacaq. Bu müqayisəolunmaz sevinc hisslərini biz onunla birgə yaşayırıq.
Qeyd edim ki, biz 14-22 sentyabr tarixlərində Qazaxıstanın paytaxtı Nursultan şəhərində keçiriləcək 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatına da ciddi hazırlaşırıq. Bu yarışda da Azərbaycan idmanının qüdrətini nümayiş etdirəcəyik.
İlk medal gimnastlarımızdan gəldi
Növbəti həmsöhbətlərim olan Azərbaycan gimnastları Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi:
- Milli Gimnastika Arenasında məşq zamanı onlarla görüşdük. Söhbət zamanı öyrəndim ki, Abdulla Əl-Məşayxi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının I kurs tələbəsidir. Ruhidil Qurbanlı isə paytaxtdakı 277 nömrəli tam orta məktəbin şagirdidir. Bu cütlük öz istəkləri ilə gimnastikanın ən maraqlı, eyni zamanda mürəkkəb və çətin növlərindən biri olan akrobatika gimnastikasını seçiblər. Məşqçi İradə Qurbanova bu cütlüyün bir-birini tamamladığını söylədi. Onlar ən uğurlu cütlüklər olduqlarını bütün yarışlarda təsdiqləyirlər. Sevinirəm ki, mən də bir məşqçi olaraq bu seçimimdə yanılmamışam. Biz məşqlər zamanı yorğunluğun nə demək olduğunu bilmirik. Hərbdə belə bir qayda var: təlimlərdə çətinliklərə dözməlisən ki, döyüşdə asanlıqla qalib gələ biləsən. İdman da belədir, yarışlara hazırlıq dövründə bacardığından da artıq çalışsan, qələbə səninlə olacaq. Bizim bu cütlüyü, sözün tam mənasında, söylədiklərimə nümunə çəkmək olar. Onlar öz məşqlərindən zövq alırlar. 2016-cı ildən müxtəlif səviyyəli yarışlara qatılırlar. İndiyədək 15 ölkədə - Polşada, Belçikada, Portuqaliyada Norveçdə, Rusiyada, Qazaxıstanda, Çində və sair dövlətlərdə öz güclərini sınayıblar. 2017-ci ildə Polşanın Jeşuv şəhərində keçirilən akrobatika gimnastikası üzrə 28-ci Avropa çempionatında “temp” proqramı üzrə final çıxışlarımızla komandamızın hesabına 3-cü bürünc medalı yazdırdıq. İlk dəfə idi ki, qitə çempionatında ən güclülər arasında mübarizə aparırdıq. Öz proqramlarımızı daha uğurla icra edərək, medalçılar sırasında dayanmağı bacardıq. “Minsk 2019” - II Avropa Oyunlarında da Azərbaycan komandasının aktivinə ilk medalı məhz Ruhidil Qurbanlı ilə Abdulla Əl-Məşayxi yazdırıblar. Gimnastlarımız dinamik hərəkətlər üzrə qarışıq cütlüklərin yarışında 28,830 xal toplayaraq gümüş, balans hərəkətləri üzrə qarışıq cütlüklərin yarışında 28,160 xalla bürünc, qarışıq hərəkətlər üzrə qarışıq komandaların yarışında isə 29,540 xalla gümüş medala sahib olublar.
Azərbaycan yığmasının akrobatika gimnastikası üzrə baş məşqçisi İradə Qurbanovanın öz yetirmələri haqda söylədiklərini həyəcansız dinləmək mümkün deyildi. O, əməyinin ona yaşatdığı sevinc hisslərini qürurla ifadə edirdi. Söhbətimizin sonunda İ.Qurbanova söylədi ki, bu cütlük sentyabrda Portiqaliyada Dünya kubokuna, oktyabr ayında isə İsraildə Avropa çempionatına qatılacaq. Çalışacaqlar Vətənə növbəti medalları qazandırsınlar
Sifai SƏFƏROVA