Məktəblilər yay tətilini səmərəli və maraqlı keçirir.
Belə ki, "Yay məktəbi" çərçivəsində Bakı şəhəri 5 nömrəli tam orta məktəbin şagirdləri Bakı Kitab Mərkəzinə ekskursiya ediblər.
Məktəblilər Mərkəzin imkanları ilə tanış olub, oxu zalı, elmi fəaliyyətlə məşğul olanlar üçün tədris guşələrinə baxış keçirib, elektron tablolar vasitəsilə mərkəzdə satılan kitablar haqqında məlumat alıblar.
Bakı Kitab Mərkəzinin qonağı olan məktəblilər burada mütaliə edib, müxtəlif nəşrlərlə yanaşı, ədəbi və mədəni xarakterli təqdimat tədbirlərinin keçirilməsi üçün nəzərdə tutulan məkanlarlara baş çəkiblər.
Ekskursiyanın təşkil olunmasında məqsəd məktəblilər arasında mütaliə mədəniyyəti və oxu vərdişini inkişaf etdirmək, kitaba olan marağı daha da artırmaqdan ibarətdir.
Qeyd edək ki, ödənişsiz qaydada təşkil olunan “Yay məktəbi” Bakı şəhəri üzrə “Məktəblinin dostu” layihəsinin tətbiq olunduğu 32 məktəbi əhatə edir.
“Yay məktəbi” çərçivəsində 2000-ə yaxın şagird üçün təlim, seminar və informativ sessiyalar keçirilir, müxtəlif idman yarışları, ekskursiyalar, əyləncəli saatlar təşkil olunur.
Həftənin 5 günü saat 09:00-dan 14:00-dək davam edən “Yay məktəbi”ndə şagirdlər səmərəli, maraqlı və əyləncəli vaxt keçirirlər.