Aprelin 18-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində “Oxu həftəsi”nə start verilib.

 

“Oxu həftəsi”nin əsas məqsədi şagirdlərin bir şəxsiyyət kimi formalaşması, mənəvi aləminin zənginləşməsi, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliə mədəniyyətinin və kitabın mühümrolunun təbliğindən ibarətdir.

Təhsil müəssisələrində “Oxu həftəsi” çərçivəsində Azərbaycanın görkəmli ədiblərinin həyat və yaradıcılığından bəhs edən müzakirələr, müvafiq dərslər, konfranslar, mühazirələr, “Dəyirmi masa”lar və ədəbi-bədii kompozisiyalar təşkil ediləcək.

 

Qeyd edək ki, ənənəyə uyğun olaraq, hər il Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” təşkil olunur. Bu il aprelin 21-də keçiriləcək “Oxu günü”  Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı və “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə reallaşdırılacaq.

 

“Oxu Günü” uşaq, yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılması məqsədilə təşkil olunur.

 

“Gəlin birgə oxuyaq!” şüarı altında keçirilən tədbirdə paytaxtın 40 ümumi təhsil məktəb və liseyinin şagirdləri müxtəlif təqdimatlarla çıxış edəcəklər. Məktəblilərin iştirakı ilə ayrı-ayrı əsərlərin müzakirələri aparılacaq, pantomim tamaşa, fləşmob və kitabların insanın inkişafı baxımından əhəmiyyətini vurğulayan səhnəciklər təqdim olunacaq.

 

Tədbir çərçivəsində 30-dək nəşriyyat və kitabxana tərəfindən bədii-elmi kitabların sərgi-yarmarkası keçiriləcək.