Azərbaycanla Qırğızıstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunan tədbir keçirilib


Qırğızıstan Respublikasının Azərbaycandak  müvəqqəti işlər vəkili Bakıt Yusupov UNEC-də olub. Görüşdə UNEC-in elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov iki ölkə arasında güclü iqtisadi-siyasi əlaqələrin olduğunu bildirib. O, Qırğızıstan ilə Azərbaycan arasındakı diplomatik əlaqələrin əhəmiyyətindən bəhs edib.

 

Qırğızıstan Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Bakıt Yusupov “Qırğızıstanın xarici siyasəti” mövzusunda təqdimat edib. O, UNEC-in tələbələrinə Azərbaycan və qırğız xalqlarının tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birinə sıx tellərlə bağlı olduğunu bildirib. Qırğızıstanda 20 minə yaxın azərbaycanlının yaşadığını qeyd edən B.Yusupov iki ölkə arasında iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafndan söz açıb. Diplomat ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini vurğulayıb.

 

Tədbirdə Qırğızıstanın coğrafiyası, zəngin tarixi, inkişafı, mədəniyyəti, təbiəti, iqtisadiyyatı və təhsili haqqında sənədli film nümayiş olunub. Sonda tələbələrinin suallarını cavablandıran müvəqqəti işlər vəkili UNEC-in tələbələrinin intellektual səviyyəsini yüksək qiymətləndirərək, onlarla tanışlıqdan məmnun olduğunu bildirib.