Qəbələdə gənc arxeoloq alim və tələbələrin beynəlxalq yay məktəbi öz işini başa vurub. Tədbir AMEA-nın İctimai Elmləri Bölməsi ilə Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı əsasında keçirilib.
Beş gün davam edən yay məktəbinin keçirilməsində məqsəd respublikada və dünyada arxeologiya sahəsində aparılan tədqiqatların nəticələrini müzakirə etmək, əhəmiyyət kəsb edən əsas istiqamətlər üzrə müzakirələrə gəncləri cəlb etmək, çöl-tədqiqat işlərində onların peşəkarlığını artırmaq olub.
Tədbir çərçivəsində respublikanın elmi və ali təhsil müəssisələrində çalışan tarixçi və arxeoloq tədqiqatçı gənclər üçün “Master class”lar təşkil olunub, maraqlı elmi məruzələr dinlənilib. Bundan əlavə, gənclərə “Web of Sciences” və “Scopus” bazalarında referatlaşmış elmi jurnallarda məqalələrin nəşri, tələblər və imkanlar tədris olunub, həmçinin “Vikipediyada Azərbaycan arxeologiyasının təbliği səviyyəsi” adlı elmi interaktiv müzakirələr aparılıb. Eyni zamanda arxeoloji sənədli filmlər nümayiş olunub və müxtəlif intellektual oyunlar keçirilib.
Yay məktəbinin iştirakçıları, o cümlədən dünyanın sivilizasiya tarixi və mədəniyyəti üçün böyük əhəmiyyət kəsb edən “Səlbir” ərazisində təşkil olunan çöl-ekpedisiya işlərində iştirak etməklə praktiki tədqiqatlar həyata keçiriblər.
Tədbirin sonunda yay məktəbinin nəticələri müzakirə edilib və fəal iştirakçılara sertifikatlar verilib.