ADPU-da bununla bağlı təqdimat keçirilib


Aprelin 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) PETRA layihəsi çərçivəsində keyfiyyətin təminatı sahəsində öyrənilmiş Avropa təcrübəsi ilə bağlı təqdimat keçirilib. Təqdimatda ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra və şöbə müdirləri,  müəllimlər iştirak ediblər.

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov  giriş sözündə universitetin tərəfdaşlarından biri olduğu PETRA layihəsi çərçivəsində tədris və təlim, keyfiyyətin təminatı ilə bağlı müasir Avropa təcrübəsinin öyrənilməsinin əhəmiyyətindən danışıb. Rektor qeyd edib ki, adıçəkilən layihə çərçivəsində əməkdaşlarımızın xarici təcrübəni öyrənmək imkanı əldə etmələri müsbət haldır. Beynəlxalq layihələrin hazırlanması və həyata keçirilməsi ilə bağlı işləri daha da inkişaf etdirmək, universitetdə bütün sahələrdə keyfiyyətin təmin olunmasına şərait yaradan müasir təcrübəni tətbiq etmək olduqca faydalıdır.

 

ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov  ali təhsil müəssisələrinin daha da inkişaf etməsində layihələrin, xüsusilə də, beynəlxalq layihələrin özünəməxsus yer tutduğunu vurğulayıb.

 

Sonra ADPU-nun keyfiyyətin təminatı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov "Azərbaycan universitetlərində tədris və təlimin təkmilləş­dirilməsi" (Promoting Excellence in Teasching and Learning in Azerbaijani Universities – PETRA) layihəsi çərçivəsində keyfiyyətin təminatı ilə bağlı öyrənilmiş Avropa təcrübəsi haqqında geniş təqdimat edib. O, layihə çərçivəsində keçirilmiş görüşlər, xüsusilə ötən ilin noyabr ayında baş tutan Ankara səfəri və mart ayında reallaşmış Avstriya səfəri haqqında məlumat verib.  R.Sadıqov layihənin mahiyyəti, tərəfdaşları,  əsas məqsədləri və gözlənilən nəticələr, keyfiyyətin təmin olunmasında mühüm rol oynayan amillər, o cümlədən, ali məktəbdə özünüqiymətləndirmənin, müxtəlif məmnunluq sorğularının keçirilməsi barədə də danışıb.

 

“Ümumi tarix” kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Vəli Əliyev, Tədris Departamentinin direktoru, dosent Sənan Əliyev, tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov çıxış edərək təqdimatı   yüksək qiymətləndirib,  fikir və təkliflərini bildiriblər.