Naxçıvan Dövlət Universitetində "İngilis dili və tərcümə" kafedrasının təşkil etdiyi "Ən yaxşı tələffüz" adlı müsabiqə keçirilib. Müsabiqədə "İngilis dili müəllimliyi” ixtisası üzrə I kurs tələbələri iştirak edib.

 

Tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ümummilli lider Heydər Əliyevin  “Mən istəyirəm ki, bizim gənclərimiz Füzulini Azərbaycan dilində, Şekspiri ingilis dilində, Puşkini isə rus dilində oxusunlar” fikrini tələbələrin diqqətinə çatdırıb.Vurğulanıb ki, bu cür tədbirlərin keçirilməsi tələbələrin dilöyrənmə bacarıqlarının formalaşmasında mühüm rol oynayır. Rektor müsabiqə iştirakçılarına uğurlar arzulayıb. 

 

Tələbələr Corc Bayronun “When we two parted” (“Ayrılanda biz”) adlı şeirini ingilis dilində bədii qiraət ediblər.

 

Sonda  Rabiyə Quliyeva şeiri Azərbaycan dilində səsləndirib.

 

On nəfər tələbənin qatıldığı yarışda peşəkar münsiflərin rəyinə əsasən  Fazilə Həsənova müsabiqənin  qalibi seçilib. II yerə Aysun Cəfərova, III yerə isə Ülviyyə Zamanova layiq görülüb. 

 

Qaliblər universitetin diplomu və kitabla mükafatlandırılıblar.

 

Qeyd edək ki, tələbələrin  bədii qiraət etdikləri Corc Bayronun “When we two parted” şeiri "İngilis dili və tərcümə" kafedrasının dosenti Şirməmməd Qulubəyli tərəfindən azərbaycancaya tərcümə edilib.