Qəbələdə AMEA-nın İctimai Elmlər Bölməsinin və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə gənc arxeoloq alimlərin və tələbələrin beynəlxalq yay məktəbinə start verilib.
Məqsəd respublikada və dünyada arxeologiya sahəsində aparılan tədqiqatların nəticələri və əhəmiyyət kəsb edən əsas istiqamətlər üzrə müzakirələrə gənclərin cəlb olunmasıdır.
Tədbirin açılış mərasimində çıxış edən şuranın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov akademiyada gənc alim və mütəxəssislər üçün yay-qış məktəblərinin təşkilinin ənənə halını aldığını bildirib. O qeyd edib ki, ötən dövr ərzində şuranın təşkilatçılığı ilə Şamaxıda gənc kimyaçılar üçün yay məktəbi, Bakıda isə gənc bioloqlar üçün qış məktəbi uğurla təşkil olunub: "Bu dəfə ictimai elmlər üzrə ixtisaslaşmış tarixçi və arxeoloq gənclərin aktual mövzularda xarici həmkarları ilə birgə fikir mübadiləsinə cəlb olunması nəzərdə tutulub".
F.Salmanov hazırda koreyalı arxeoloqların Qəbələdə tədqiqatlar apardıqlarını və bunun yay məktəbinin iştirakçıları üçün təcrübə baxımından əlverişli olduğunu vurğulayıb.
Sonra tədbirin plenar iclasında AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Antik və ilk orta əsrlər Qəbələ arxeoloji ekspedisiyasinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin "Qəbələdə arxeoloji tədqiqatlar və ilkin nəticələri" mövzusunda məruzəsi dinlənilib.
Qeyd edək ki, 5 gün davam edəcək yay məktəbinin iştirakçılarının dünyanın sivilizasiya tarixi və mədəniyyəti üçün böyük əhəmiyyət kəsb edən Səlbir ərazisinə ekskursiyası nəzərdə tutulur. Bundan əlavə, iştirakçılar çöl tədqiqatlarında da iştirak edəcəklər.