AMEA Naxçıvan Bölməsində beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasının yekunları və bölmənin qarşısında duran vəzifələrə həsr olunan tədbir keçirilib.

 

Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev 2019-cu ilin birinci yarısında aparılan elmi-tədqiqat işlərin nəticələrini diqqətə çatdırıb. O qeyd edib ki, ötən dövr ərzində bölmə əməkdaşlarının 290 elmi məqaləsi, 101 konfrans materialı olmaqla 403 elmi əsəri çap olunub. Elmi məqalələrdən 14-nün impakt faktorlu jurnallarda işıq üzü gördüyünü deyən bölmə rəhbəri 46 əməkdaşın respublikada və xaricdə keçirilən 15 beynəlxalq tədbirdə məruzələrlə çıxış etdiyini vurğulayıb.

 

Bundan əlavə, “Nemətullah Naxçıvani: taleyi və sənəti” məqalələr toplusu çap olunub, “Naxçıvan tarixi-mənbələrdə” və “Naxçıvan Duzdağı” kitabları çapa təqdim edilib. Bölmədə humanitar və ictimai elmlər seriyası üzrə “Xəbərlər” və “Axtarışlar” jurnallarının hər birinin iki nömrəsi çapdan çıxıb.

 

Qurumun beynəlxalq əlaqələrindən söz açan bölmə sədri Türkiyə, İran, Rusiya, ABŞ və Fransanın elm və təhsil müəssisələrinin alim və tədqiqatçıları ilə sıx elmi əməkdaşlığın aparıldığını bildirib. Bu dövrdə Bölmə ilə Türkiyənin İğdır Universiteti arasında elmi əlaqələrə dair memorandum imzalandığı söylənilib.

 

Birinci yarımildə akademik İsmayıl Hacıyev və AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev Türkiyə Elmlər Akademiyası və Qırğızıstan İssık- Kul Dövlət Universiteti tərəfindən “Manas”ın mirasçıları, Türk dünyası mədəniyyətinə xidmət”, akademik İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 8 fevral 2019-cu il tarixli Sərəncamı ilə “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” kitabına görə Naxçıvan Muxtar Respublika mükafatlarına layiq görülüb. Akademik Tariyel Talıbov Naxçıvan Muxtar Respublikasında elm sahəsində səmərəli fəaliyyətinə görə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı, Ümumdünya Təbiəti Mühafizə Fondunun və Bölmənin Fəxri Fərmanları ilə təltif olunub. Kimya üzrə fəlsəfə doktoru Fizzə Məmmədova Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif edilib, Rusiyanın “Akademik” Elmi-nəşriyyat Mərkəzi və “İvanov Manacment Group” Elm-təhsil holdinqinə rəyçi seçilib. Biologiya üzrə elmlər doktoru Fatmaxanım Nəbiyeva Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Elm sahəsində səmərəli fəaliyyətinə görə” Diplomla təltif edilib, biologiya üzrə fəlsəfə doktoru Əfruz Nəsirova Azərbaycan Milli Elmlər Akademiyasının elan etdiyi “Gənc qadınlar elmdə” müsabiqəsində III yerə layiq görülüb, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Qasımov isə Azərbaycan Respublikası Elmi Əlaqələndirmə Şurası yanında Sənətşünaslıq və Memarlıq Problemləri üzrə Elmi Şuranın üzvü seçilib.

 

Bölmənin sədri vurğulayıb ki, ixtisaslı elmi kadrların hazırlanması, tətbiqyönülü işlərin həyata keçirilməsi, ümumiləşdirici əsərlər, monoqrafiya və kitabların hazırlanması əsas vəzifələrimizdən biri olmalıdır:  “Bununla yanaşı, əməkdaşların beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumlarda iştirak etməsinə, respublikanın və xarici ölkələrin elm, təhsil müəssisələr ilə əməkdaşlığın genişləndirilməsinə, arxivlərdə araşdırmaların aparılması və digər tədbirlərin həyata keçirilməsinə diqqəti artırılmalıyıq”.

 

Sonda akademik Tariyel Talıbov, AMEA-nın müxbir üzvüləri Fəxrəddin Səfərli və Əbülfəz Quliyev çıxış edərək elmi göstəriciləri qənaətbəxş hesab edib, gələcəkdə aparılacaq tədqiqatların səmərəliliyini yüksəltməyin zəruriliyini vurğulayıblar.