Naxçıvan Dövlət Universitetində (NDU) 2019-ci ilin birinci yarısında yerinə yetirilən işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.

 

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasından irəli gələn vəzifələr və 2019-cu ilin I yarısında görülmüş işlərlə bağlı çıxış edib.

 

Bildirilib ki, hesabat dövrü ərzində universitetin Tibb fakültəsinin yeni tədris korpusunun istifadəyə verilməsi, tibb sahəsində elmi kadr potensialının artırılması istiqamətində muxtar respublika rəhbərinin atdığı məqsədyönlü addım və universitetə bu sahə üzrə kadr hazırlığına verdiyi dəstəkdir. Rektor tədris bazasının daha da möhkəmləndirilməsi məqsədilə yeni fənn kabinələri və laboratoriyalarının qurulması, yaxud mövcud olanların zənginləşdirilməsi istiqamətində görülən işlərdən danışıb.

 

Universitetin beynəlxalq əlaqələrindən danışan rektor vurğulayıb ki, ali təhsil ocağı hal-hazırda ERASMUS+layihəsi çərçivəsində ERASMUS+AESOP,  ERASMUS+PETRA, Key Action layihələrinin üzvüdür. Bu layihələr çərçivəsində bir çox yerli və Avropa Universitetləri ilə əməkdaşlıq edilir. Ali təhsil ocağının Boloniya bəyannaməsinin müddəalarına müvafiq olaraq tələbə və müəllimlərin akademik mobilliyini əsas saymaları və  bu istiqamətdə tələbə mübadiləsini davam etdirdikləri diqqətə çatdırılıb.

 

Universitetin “Dünya iqtisadiyyatı və menecment”  kafedrasının müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Ceyhun Məmmədov isə qeyd edib ki, hazırda universitetin 12 fakültəsində bakalavr təhsil səviyyəsinin əyani və qiyabi şöbələrində 60 ixtisas üzrə 5336, magistratura təhsil səviyyəsində isə 81 ixtisaslaşma üzrə 326 magistrant və doktorantura səviyyəsi üzrə 165 doktorant və dissertant təhsil alır. Ali təhsilin qeyd edilən səviyyələri üzrə mütəxəssis hazırlığı ilə 43 kafedranın 360 professor-müəllim heyəti məşğul olur. Bildirilib ki, hesabat dövrü ərzində universitetdə 2 beynəlxalq səviyyəli, 2 respublika elmi-praktik konfrans keçirilib. Bu müddət ərzində  universitetin əməkdaşları tərəfindən 15 monoqrafiya, 7 dərslik, 29 dərs vəsaiti, 55 metodik vəsait və fənn proqramı, 78-i xaricdə olmaqla 573 elmi məqalə, 10-u xaricdə olmaqla 32 tezis nəşr olunub. Bu ilin altı ayı ərzində universitetin 3 əməkdaşı dosentlik, 1 əməkdaşı isə elmlər doktoru diplomu alıb. Vurğulanıb ki, universitetin beynəlxalq əlaqələrinin ilbəil genişlənməsinin sübutudur ki, bu il universitetdə təhsil alan 1 nəfər xarici dissertant da fəlsəfə doktoru alimlik dərəcəsi qazanıb.

 

Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı universitet qarşısında yeni vəzifələr-innovasiya layihələrinin məqsədyönlü axtarışı və reallaşdırılması, elmi nailiyyətlərin və yeni texnologiyaların sahibkarlıq strurkturlarına ötürülməsi, investorlar üçün cəlbedici ola biləcək layihələrin hazırlanması və s. kimi vəzifələr müəyyənləşdirir. İrəli sürülən məqsədlər ali məktəblərin innovasiyalı inkişafın aktiv subyektlərinə çevrilməsini tələb edir.

 

İclasda Müalicə işi ixtisası üzrə VI kurs tələbəsi Bənövşə Qasımova “Naxçıvan Dövlət Universitetinin ictimai həyatında tələbələrin rolu” mövzusunda çıxış edib.

 

Sonda rektor  S.Məhərrəmov ixtisaslı kadrların yetişdirilməsi, gənclərin elmi-tədqiqat işlərinə cəlbi, tədris və elmi-metodik vəsaitlərin müasir dövrün tələblərinə uyğun hazırlanması, müvafiq ixtisaslar üzrə təcrübi dərslərin hami təşkilatlarda keçirilməsinə diqqətin artırılması istiqamətində konkret tapşırıqlar verib, yaradılan şəraitdən səmərəli istifadənin vacibliyini vurğulayıb.