10 illik tədqiqatın nəticələri açıqlanıb
Almaniyanın Bamberqa Universitetinin alimləri kitablarla erkən tanışlığın uşaqların məktəbdə inkişafına necə təsir etdiyini müəyyən ediblər. Məlum olub ki, valideynlərin körpə yaşlarından kitab oxuduqları uşaqlar məktəbdə öz yaşıdlarından daha müvəffəqiyyətli oxuyurlar. Tədqiqatın nəticələri "School Effectiveness and School Improvement" elmi jurnalında dərc olunub.
Tədqiqatın müəlliflərindən, Bamberqa Universitetinin əməkdaşı Simona Lerlin sözlərinə görə, müşahidələrin nəticələri bir daha təsdiq edib ki, uşaqları kitablarla tanış etmək onlara sürətlə oxumağı və danışmağı öyrətmək üçün nə qədər əhəmiyyətlidir. "Dil bacarıqlarının erkən əldə edilməsi həm də uşağın riyazi qabiliyyətlərini yaxşılaşdırır", – deyə S. Lerlin bildirib.
Alimlər demək olar ki, 10 il ərzində 200 uşağın həyatını müşahidə ediblər. Tədqiqatın başlanğıcında onlar 3-5 yaşlı məktəb yaşına çatmamış uşaqlar arasında test sınağı keçiriblər. Uşaqların nə qədər yaxşı danışa bilməsi, ən sadə məntiqi və riyazi məsələlərin öhdəsindən gələ bilmələri, oxu-yazı bacarıqları qiymətləndirilib. Bundan başqa, alimlər onların valideynlərindən öz uşaqları ilə necə rəftar etmələri, həmçinin onlara hansı mövzuda kitab oxuyub-oxumadıqları barədə danışmağı xahiş ediblər.
Tədqiqata cəlb olunmuş bütün uşaqlar, elə ki, 12-13 yaşa çatıblar, alimlər təkrar testlər keçiriblər və yığılmış statistikanı müqayisə edərək eksperimentə yekun vurublar. Məlum olub ki, kitabların birgə oxunması kimi tamamilə adi bir şey nəinki uşaqların yaxşı oxumalarına və yazmalarına, həm də məktəbdə onların istənilən növ irəliləyişinə güclü təsir göstərib.
Məsələn, valideynləri ilə kitab oxuyan və onlarla birlikdə tez-tez sadə hesablama məsələlərini həll etməyə cəhd edən uşaqlar məktəbdə öz həmyaşıdlarına nisbətən riyaziyyatın öyrənilməsində özlərini daha yaxşı göstəriblər. Bundan əlavə, bu cür erkən təlimin verdiyi effekt bütün eksperiment dövrü ərzində qorunub saxlanılıb.
"Sosial xidmətlər valideyn və dayələri uşaqların təlimi ilə daha fəal məşğul olmağa, onlarla kitab oxumağa, mürəkkəb diskussiyalar aparmağa, oxunmuş kitabların müzakirəsini təşkil etməyə, eləcə də müxtəlif riyazi məsələlərin həllinə inandırmalıdır. Bütün bunlar uşaqlara daha sürətli oxumağı və hesablamanı öyrənməyə kömək edəcək və gələcək həyatda onların müvəffəqiyyət əldə etməsinin bünövrəsini qoyacaq",-deyə S.Lerl bildirib.
Oruc MUSTAFAYEV