Naxçıvanda “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” mövzusunda beynəlxalq konfrans keçirilib.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq AMEA-nın Naxçıvan Bölməsinin təşkilatçılığı ilə keçirilən konfransda Naxçıvan Dövlət Universiteti, Naxçıvan Universiteti və Naxçıvanşünaslıq Mərkəzinin əməkdaşları, ölkənin tanınmış alimləri, o cümlədən Türkiyənin Naxçıvan şəhərindəki baş konsulu və türkiyəli elm adamları iştirak ediblər.

 

Əvvəlcə tədbir iştirakçıları ümummilli liderin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, Heydər Əliyev muzeyi ilə tanış olublar.

 

Naxçıvan Universitetində keçirilən konfransı Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid açaraq orta əsrlərdə yaşamış, türk-islam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhfələr vermiş, təsəvvüf və təfsir alimi Nemətullah Naxçıvaninin görkəmli alimlərdən təhsil aldığını deyib. O, Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında” 29 oktyabr 2018-ci il tarixli Sərəncamını xatırladıb, bu istiqamətdə həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

 

Tədbirdə AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Nemətullah Naxçıvani və Naxçıvan” mövzusunda çıxışında isə Nemətullah Naxçıvaninin həyat və fəaliyyətindən, onun İslam aləminin görkəmli alim kimi formalaşmasında Naxçıvanın ictimai-mədəni mühitinin böyük rolundan danışıb. Məlumat verilib ki, həyatının 50 ilə yaxın bir dövrünü Naxçıvanda keçirən, İranda və Türkiyədə yaşayan, təsəvvüf və təfsir sahəsində əsərlərini də burada qələmə alan, fəlsəfi məzmunlu məktəblərinin nümayəndəsi, görkəmli sufi şeyxi və filosof Nemətullah Naxçıvani XV-XVI əsrlərdə yaşayıb-yaratmış Naxçıvanın böyük elm adamlarındandir. Lakin təəssüf ediləsi haldır ki, sovetlər birliyi dövründə islam dini ilə bağlı tədqiqat işləri aparan elm adamlarına imkan verilmədiyi kimi, əvvəlki əsrlərdə bu istiqamətdə fəaliyyət göstərmiş alim və ziyalılarımızın adı və əməlləri də yasaq edilib. Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra bütün bu qadağalar aradan qaldırıldı, görkəmli ziyalılar və elm adamları xalqımıza tanıdılmağa başlanıldı. Bu sırada qürur duyduğumuz görkəmli şəxsiyyətlərimizdən biri olan Nemətullah Naxçıvani xüsusi yer tutur.

 

Konfransda, həmçinin AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Nemətullah Naxçıvaninin elmi irsi və müasirlik”, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu “Nemətullah Naxçıvaninin “Gülşəni-raz” əsəri klassik şərhçiliyinin dəyərli nümunəsi kimi” və Türkiyənin Samsun 19 Mayıs Universitetinin professoru Yaşar Kurt “Tarixi və təsəvvüfi bir şəxsiyyət kimi Nemətullah Naxçıvani” mövzusunda çıxış ediblər.

 

Sonra tədbir iştirakçıları “Təfsir alimi” sənədli filmini izləyib.

 

AMEA-nın Naxçıvan Bölməsində davam etdirilən konfransda “Nemətullah Naxçıvani: dövrü və mühiti”, “Nemətullah Naxçıvaninin irsi və tərcümə məsələləri”, “Nemətullah Naxçıvani və təsəvvüf fəlsəfəsi” və “Nemətullah Naxçıvani yaradıcılığında fəlsəfə və din” adlı bölmələr üzrə elm adamlarının müxtəlif mövzularda məruzələr dinlənilib.

 

Konfrans iştirakçılarının Qarabağlar Türbə Kompleksinə, Duzdağ Fizioterapiya Mərkəzinə, Naxçıvan Duz Muzeyinə, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə, “Xan Sarayı” Tarix-Memarlıq, Möminə xatın və Açıq Səma Altında Muzey Kompleksinə və Yusif Küseyir oğlu Türbəsinə gəzintisi təşkil edilib.