Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibləri məlum oldu


Son  illər ölkəmizin təhsil sistemində  aparılan keyfiyyət dəyişikliklərinin əyani nümunəsi kimi inkişaf və innovasiya xarakterli layihələrin, müsabiqələrin həyata keçirilməsi müsbət ənənəyə çevrilib. Bu il artıq üçüncü  dəfədir ki,  keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihəsinin də  təhsil müəssisələri və müəllimlərin bu sahədə xüsusi fəallığına səbəb olduğunu deyə bilərik.

 

İyulun 3-də  Təhsil Nazirliyində təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü  qrant müsabiqəsinin yekunlarına həsr olunmuş brifinqdə də diqqətçəkən əsas məqamlardan biri layihənin paytaxt Bakı ilə yanaşı, ölkəmizin bütün regionlarını  əhatə etməsi oldu.

 

Təhsil Nazirliyinin  Təhsildə innovasiyalar sektorunun müdiri Orxan Abbasov  layihənin nəticələri və qaliblər  barədə  məlumat verərkən qeyd edib ki,  müsabiqənin keçirilməsində əsas  məqsəd  ümumtəhsil müəssisələri və ümumtəhsil müəssisələrində işləyən pedaqoji işçilərin fəaliyyətinin  stimullaşdırılması, onlar arasında rəqabətin yüksəldilməsidir.  Adından da göründüyü kimi, bu,  inkişaf və innovasiya müsabiqəsidir.   Bu il  200 ümumtəhsil  müəssisəsi və 678 pedaqoji işçi öz innovativ və inkişafa yönəlik layihələri ilə müsabiqəyə qatılıblar.

 

Təhsil Nazirliyinin  Təşkilat Komitəsi tərəfindən yaradılan Ekspert qrupu  bu  layihələri qiymətləndirib. Ümumilikdə isə 53   təhsil müəssisəsi  və 115 pedaqoji işçinin layihəsi müsabiqənin şərtlərinə uyğun,  daha rəqabətli və daha innovativ inkişafa yönəlik olduğu üçün qrant layihəsinin qalib elan olunublar. Bu layihələrin icrasına avqustun 1-dən etibarən başlanılacaq və layihələr özlüyündə müxtəlif  dövrlərdə icra olunacaq,  onların icra müddəti isə  bir ili əhatə edir. 

 

 

Elektronlaşan müraciət

 

 

Məlumdur ki, son illərdə  təhsil sahəsində icra olunan  layihələrin böyük qismi həm də vətəndaş məmnunluğunun təmin olunması faktoruna əsaslanır.  Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant layihəsi də  bu məmnunluğu təmin edib.   O.Abbasovun sözlərinə görə,   bu il keçirilən müsabiqənin öncəki müsabiqələrdən əsas fərqi   ondan ibarətdir ki,  bu il istər müraciətlərin  qəbulu,  istər layihələrin qiymətləndirilməsi   - yəni proses başdan sona qədər elektronlaşıb.  Yəni  iştirakçılar grant.edu.az portalı vasitəsilə qeydiyyatdan keçib,  öz ərizələrini  elektron qaydada  yerləşdirib.  Ekspert komissiyası isə  qiymətləndirmə prosesini  tam elektron şəkildə həyata keçirib.

 

 

Mükafatlandırma

 

 

Qeyd edilməlidir ki, müsabiqə özlüyündə 6 sahə üzrə keçirilir, bu sahələr istər idarəetmənin təkmilləşməsi,  istər sağlamlıq imkanları məhdud şagirdlərlə iş,  istedadlı  işaqların bacarıqlarının üzə çıxarılması, eyni zamanda qiymətləndirmə kimi sahələri əhatə edir.   Sektor müdiri bildirib ki, Nazirlər Kabinetinin təsdiq  etdiyi  qərara əsasən layihələrə ayrılan mükafatların həcmi - pedaqoji işçilərin təqdim etdiyi layihələr üçün 10 min manata qədər,   ümumtəhsil müəssisələrinin layihələri üçün  isə maksimum 100 min manat civarında ola bilər.  “Ancaq builki müsabiqədə biz  ümumi şərti  rəqəm desək, pedaqoji işçilər  üçün orta rəqəm 3000 - 3500 manat,  ümumtəhsil müəssisələri üçün isə 15- 20 min manat arasında dəyişib. Təbii ki,  hər bir layihənin öz fəaliyyət istiqamətinə və smetasına uyğun olaraq  büdcələri var.  Bütünlükdə müsabiqə qaliblərinin mükafatlandırılması üçün hər il dövlət büdcəsindən  1 milyon manat  vəsait ayrılır”.

 

 

Xarakterik istiqamətlər

 

 

Təhsil sistemimizdə  davamlı islahatların və müsbət dəyişikliklərin baş verdiyi indiki şəraitdə ümumtəhsil müəssisələrini və pedaqoji işçiləri hansı xarakterik innovasiyalar  və layihələr maraqlandırır?  O.Abbasovun sözlərinə  görə,  əslində  qrant müsabiqəsi  innovasiya və inkişafla bağlı olduğundan onların bəziləri barədə danışmaq olar.  Məlumdur ki,  son zamanlar ölkəmizdə şagirdlərimizın böyük marağına səbəb olmuş olimpiadaların,   eləcə də Beynəlxalq olimpiadalarda medallarımızın sayı da artır.  Buna görə də bir çox müəllimlərimiz,  mütəxəssislərimiz  tərəfindən təqdim olunan layihələr - istər respublika fənn olimpiadaları, istər beynəlxalq olimpiadalara  hazırlıq,  ümumi vəsaitlərin,  məktəblər tərəfindən məktəbdaxili  qiymətləndirmənin həyata keçirilməsi üçün veb səhifələrin,  portalların,  audio dərsliklərin hazırlanması,  bununla yanaşı,  ümumtəhsil müəssisələrində çalışan pedaqoji işçilər və istedadlı şagirdlər üçün təşkil olunacaq yay məktəbləri, təlim proqramları - bunların hər biri öz spesifikliyi ilə  bizim üçün innovativlik və inkişafa yönəlikdir.

 

 

Əhatəsi genişlənən yaradıcı müsabiqə

 

 

İstənilən layihənin uğurlu icrasını təmin edən mühüm amillərdən biri həm də onun əhatəliliyinin genişləndirilməsidir.  Orxan Abbasova görə,   sevindirici xəbər odur ki,   builki müsabiqəyə  ölkəmizin demək olar  bütün şəhər və rayonlarından olan ümumtəhsil məktəbləri və pedaqoji işçilər tərəfindən müraciətlər daxil olub.  “Bu,  ondan xəbər verir ki,  artıq respublikada bütün ümumtəhsil müəssisələri və pedaqoji işçilər  layihədən xəbərdardırlar.  Biz ümid edirik ki, gələcəkdə müraciətlərin sayı artacaq,  eyni zamanda  biz kəmiyyət artımı ilə yanaşı   keyfiyyətin də yüksəlməsini müşahidə edə biləcəyik”.

 

Qalib layihələrə gəlincə, onlar  əsasən  44  rayon və şəhərdən  olan  ümumtəhsil müəssisələrini  və pedaqoji işçiləri əhatə edir. Qalib layihələri olan ən fəal rayon və şəhərlər Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Quba, Masallı, Bərdə, Şəki, Göygöl və Şəmkirdir.

 

Ümumtəhsil məktəbləri üzrə qalib layihələrdən Bakıdakı  216 nömrəli tam orta məktəbin  “Dünya Uşaq Ədəbiyyatının Səsli Kitabxanası”,   6 nömrəli məktəb-liseyin “Ümummilli lider Heydər Əliyevə həsr olunmuş məktəblilərarası Fibonacci intellektual yarışı” - II mövsüm,  Bakıdakı S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyanın “STEM - Yay məktəbi”,  Füzuli rayon 50 nömrəli tam orta məktəbin “Sabaha uzanan əllər - Robototexnika Mühəndisliyi Akademiyası”,  Cəlilabad  şəhər 8 nömrəli məktəb-liseyin “Oxu və riyaziyyatın tədrisi metodikasında yeni yanaşmalar”,   Gəncə şəhər 26 nömrəli məktəb- liseyin “Robotiks”,  Lənkəran şəhər S.Kazımbəyov adına 6 nömrəli tam orta məktəb-liseyin “İstedadlı uşaqlara dəstək olaq!”,   Qax rayon İlisu kənd Nizami adına tam orta məktəbin “Uğurlu nəticə üçün doğru strategiya”,   Şamaxı şəhər 10 nömrəli tam orta məktəbin “Müəllimlərin STEM tədrisi bacarıqlarının təkmilləşdirilməsi”,   Salyan rayon Arbatan kənd E.Ağayev adına tam orta məktəbin “Məktəb icmalarının inklüziv təhsillə bağlı maariflənməsi”   kimi  layihələri göstərmək olar.

 

Fərdi kateqoriya üzrə qalib gəlmiş layihələrdən isə “Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadaları üçün Fizika üzrə hazırlıq vəsaiti”,   “Müasir məktəb idarəçiliyində innovativ yanaşmaların tətbiqi”,  “Məktəblilərə robototexnika və mühəndislik biliklərinin aşılanması”,  “Oxuyub-anlama bacarıqlarının qiymətləndirilməsi vasitəsi”,  “Robototexnika” laboratoriyasının yaradılması, “Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası”na hazırlıq üçün müasir tədris resursu, “Kiçik Akademiya tədqiqatçıları” müsabiqəsinin keçirilməsi , Təbiət Fənlərinin Tədqiqat və STEM əsaslı tədrisinə aid metodik vəsaitin hazırlanması,  “Səsli dərslik” mobil tətbiqi, “Müasir təhsilin idarə olunması” proqramı  və  digər layihələri göstərmək olar.

 

Sonda qeyd edək ki,  təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.

 

 

Oruc MUSTAFAYEV