Sağlam rəqabət və innovativ fəaliyyət | |
Son illər ölkəmizin təhsil sistemində aparılan keyfiyyət dəyişikliklərinin əyani nümunəsi kimi inkişaf və innovasiya xarakterli layihələrin, müsabiqələrin həyata keçirilməsi müsbət ənənəyə çevrilib. Bu il artıq üçüncü dəfədir ki, keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihəsinin də təhsil müəssisələri və müəllimlərin bu sahədə xüsusi fəallığına səbəb olduğunu deyə bilərik.
İyulun 3-də Təhsil Nazirliyində təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsinin yekunlarına həsr olunmuş brifinqdə də diqqətçəkən əsas məqamlardan biri layihənin paytaxt Bakı ilə yanaşı, ölkəmizin bütün regionlarını əhatə etməsi oldu.
Təhsil Nazirliyinin Təhsildə innovasiyalar sektorunun müdiri Orxan Abbasov layihənin nəticələri və qaliblər barədə məlumat verərkən qeyd edib ki, müsabiqənin keçirilməsində əsas məqsəd ümumtəhsil müəssisələri və ümumtəhsil müəssisələrində işləyən pedaqoji işçilərin fəaliyyətinin stimullaşdırılması, onlar arasında rəqabətin yüksəldilməsidir. Adından da göründüyü kimi, bu, inkişaf və innovasiya müsabiqəsidir. Bu il 200 ümumtəhsil müəssisəsi və 678 pedaqoji işçi öz innovativ və inkişafa yönəlik layihələri ilə müsabiqəyə qatılıblar.
Təhsil Nazirliyinin Təşkilat Komitəsi tərəfindən yaradılan Ekspert qrupu bu layihələri qiymətləndirib. Ümumilikdə isə 53 təhsil müəssisəsi və 115 pedaqoji işçinin layihəsi müsabiqənin şərtlərinə uyğun, daha rəqabətli və daha innovativ inkişafa yönəlik olduğu üçün qrant layihəsinin qalib elan olunublar. Bu layihələrin icrasına avqustun 1-dən etibarən başlanılacaq və layihələr özlüyündə müxtəlif dövrlərdə icra olunacaq, onların icra müddəti isə bir ili əhatə edir.
Elektronlaşan müraciət
Məlumdur ki, son illərdə təhsil sahəsində icra olunan layihələrin böyük qismi həm də vətəndaş məmnunluğunun təmin olunması faktoruna əsaslanır. Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant layihəsi də bu məmnunluğu təmin edib. O.Abbasovun sözlərinə görə, bu il keçirilən müsabiqənin öncəki müsabiqələrdən əsas fərqi ondan ibarətdir ki, bu il istər müraciətlərin qəbulu, istər layihələrin qiymətləndirilməsi - yəni proses başdan sona qədər elektronlaşıb. Yəni iştirakçılar grant.edu.az portalı vasitəsilə qeydiyyatdan keçib, öz ərizələrini elektron qaydada yerləşdirib. Ekspert komissiyası isə qiymətləndirmə prosesini tam elektron şəkildə həyata keçirib.
Mükafatlandırma
Qeyd edilməlidir ki, müsabiqə özlüyündə 6 sahə üzrə keçirilir, bu sahələr istər idarəetmənin təkmilləşməsi, istər sağlamlıq imkanları məhdud şagirdlərlə iş, istedadlı işaqların bacarıqlarının üzə çıxarılması, eyni zamanda qiymətləndirmə kimi sahələri əhatə edir. Sektor müdiri bildirib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi qərara əsasən layihələrə ayrılan mükafatların həcmi - pedaqoji işçilərin təqdim etdiyi layihələr üçün 10 min manata qədər, ümumtəhsil müəssisələrinin layihələri üçün isə maksimum 100 min manat civarında ola bilər. “Ancaq builki müsabiqədə biz ümumi şərti rəqəm desək, pedaqoji işçilər üçün orta rəqəm 3000 - 3500 manat, ümumtəhsil müəssisələri üçün isə 15- 20 min manat arasında dəyişib. Təbii ki, hər bir layihənin öz fəaliyyət istiqamətinə və smetasına uyğun olaraq büdcələri var. Bütünlükdə müsabiqə qaliblərinin mükafatlandırılması üçün hər il dövlət büdcəsindən 1 milyon manat vəsait ayrılır”.
Xarakterik istiqamətlər
Təhsil sistemimizdə davamlı islahatların və müsbət dəyişikliklərin baş verdiyi indiki şəraitdə ümumtəhsil müəssisələrini və pedaqoji işçiləri hansı xarakterik innovasiyalar və layihələr maraqlandırır? O.Abbasovun sözlərinə görə, əslində qrant müsabiqəsi innovasiya və inkişafla bağlı olduğundan onların bəziləri barədə danışmaq olar. Məlumdur ki, son zamanlar ölkəmizdə şagirdlərimizın böyük marağına səbəb olmuş olimpiadaların, eləcə də Beynəlxalq olimpiadalarda medallarımızın sayı da artır. Buna görə də bir çox müəllimlərimiz, mütəxəssislərimiz tərəfindən təqdim olunan layihələr - istər respublika fənn olimpiadaları, istər beynəlxalq olimpiadalara hazırlıq, ümumi vəsaitlərin, məktəblər tərəfindən məktəbdaxili qiymətləndirmənin həyata keçirilməsi üçün veb səhifələrin, portalların, audio dərsliklərin hazırlanması, bununla yanaşı, ümumtəhsil müəssisələrində çalışan pedaqoji işçilər və istedadlı şagirdlər üçün təşkil olunacaq yay məktəbləri, təlim proqramları - bunların hər biri öz spesifikliyi ilə bizim üçün innovativlik və inkişafa yönəlikdir.
Əhatəsi genişlənən yaradıcı müsabiqə
İstənilən layihənin uğurlu icrasını təmin edən mühüm amillərdən biri həm də onun əhatəliliyinin genişləndirilməsidir. Orxan Abbasova görə, sevindirici xəbər odur ki, builki müsabiqəyə ölkəmizin demək olar bütün şəhər və rayonlarından olan ümumtəhsil məktəbləri və pedaqoji işçilər tərəfindən müraciətlər daxil olub. “Bu, ondan xəbər verir ki, artıq respublikada bütün ümumtəhsil müəssisələri və pedaqoji işçilər layihədən xəbərdardırlar. Biz ümid edirik ki, gələcəkdə müraciətlərin sayı artacaq, eyni zamanda biz kəmiyyət artımı ilə yanaşı keyfiyyətin də yüksəlməsini müşahidə edə biləcəyik”.
Qalib layihələrə gəlincə, onlar əsasən 44 rayon və şəhərdən olan ümumtəhsil müəssisələrini və pedaqoji işçiləri əhatə edir. Qalib layihələri olan ən fəal rayon və şəhərlər Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Quba, Masallı, Bərdə, Şəki, Göygöl və Şəmkirdir.
Ümumtəhsil məktəbləri üzrə qalib layihələrdən Bakıdakı 216 nömrəli tam orta məktəbin “Dünya Uşaq Ədəbiyyatının Səsli Kitabxanası”, 6 nömrəli məktəb-liseyin “Ümummilli lider Heydər Əliyevə həsr olunmuş məktəblilərarası Fibonacci intellektual yarışı” - II mövsüm, Bakıdakı S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyanın “STEM - Yay məktəbi”, Füzuli rayon 50 nömrəli tam orta məktəbin “Sabaha uzanan əllər - Robototexnika Mühəndisliyi Akademiyası”, Cəlilabad şəhər 8 nömrəli məktəb-liseyin “Oxu və riyaziyyatın tədrisi metodikasında yeni yanaşmalar”, Gəncə şəhər 26 nömrəli məktəb- liseyin “Robotiks”, Lənkəran şəhər S.Kazımbəyov adına 6 nömrəli tam orta məktəb-liseyin “İstedadlı uşaqlara dəstək olaq!”, Qax rayon İlisu kənd Nizami adına tam orta məktəbin “Uğurlu nəticə üçün doğru strategiya”, Şamaxı şəhər 10 nömrəli tam orta məktəbin “Müəllimlərin STEM tədrisi bacarıqlarının təkmilləşdirilməsi”, Salyan rayon Arbatan kənd E.Ağayev adına tam orta məktəbin “Məktəb icmalarının inklüziv təhsillə bağlı maariflənməsi” kimi layihələri göstərmək olar.
Fərdi kateqoriya üzrə qalib gəlmiş layihələrdən isə “Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadaları üçün Fizika üzrə hazırlıq vəsaiti”, “Müasir məktəb idarəçiliyində innovativ yanaşmaların tətbiqi”, “Məktəblilərə robototexnika və mühəndislik biliklərinin aşılanması”, “Oxuyub-anlama bacarıqlarının qiymətləndirilməsi vasitəsi”, “Robototexnika” laboratoriyasının yaradılması, “Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası”na hazırlıq üçün müasir tədris resursu, “Kiçik Akademiya tədqiqatçıları” müsabiqəsinin keçirilməsi , Təbiət Fənlərinin Tədqiqat və STEM əsaslı tədrisinə aid metodik vəsaitin hazırlanması, “Səsli dərslik” mobil tətbiqi, “Müasir təhsilin idarə olunması” proqramı və digər layihələri göstərmək olar.
Sonda qeyd edək ki, təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.
Oruc MUSTAFAYEV |
|
05.07.2019 | 09:11 | |
|
|
|