Naxçıvan Müəllimlər İnstitutunun (NMİ) təşkilatçılığı və muxtar respublikada fəaliyyət göstərən təhsil və elm təşkilatlarının iştirakı ilə “Muxtariyyətin bəhrələri: Naxçıvanda elm və təhsil” mövzusunda respublika elmi konfransı keçirilib.

 

Qeyd edək ki, cari il Azərbaycan dövlətçiliyi tarixində mühüm hadisə sayılan Naxçıvan muxtariyyətinin 95-ci ilidir. Yubiley ili ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 21 yanvar 2019-cu il tarixdə sərəncam imzalayıb. Sərəncamla “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı” təsdiq edilib.

 

Konfransda çıxış edən NMİ-nin rektoru Elbrus İsayev bildirib ki, bugünkü elmi tədbirin əsas məqsədi bütövlükdə muxtar respublikada elm və təhsil sahəsində son 95 ildə, xüsusilə də müstəqillik illərində əldə edilmiş uğurların, görülmüş işlərin elmi təhlilini vermək, ümumiləşdirmələr aparmaq, perspektivlərə dair tövsiyə və təklifləri sistemləşdirməkdən ibarətdir.

 

E.İsayev muxtar respublikanın yaradılmasının tarixi şəraiti və sonrakı inkişafının əsas mərhələlərindən bəhs edib,  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvanın muxtariyyətinə yüksək siyasi qiymət verməsinin, onu Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyət adlandırmasının ölkə və beynəlxalq miqyasda tarixi əhəmiyyətindən danışıb. O vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bütövlükdə muxtar respublikanın, o cümlədən burada elm və təhsilin inkişafının təmin edilməsinə dair qəbul edilmiş qərarlar  xüsusi əhəmiyyət kəsb edir. Məhz bunun nəticəsidir ki, hazırda muxtar respublika özünün 95 illik  tarixinin ən dinamik və dayanıqlı inkişaf dövrünü yaşayır. Muxtar respublika 20 ildən artıq bir dövrdə hərtərəfli inkişaf və tərəqqiyə nail olub.

 

Rektor əlavə edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən 2000-ci ildə qoyulmuş NMİ bu gün özünün yeni inkişaf mərhələsini yaşayır. Belə ki, keçən ilin may ayında dövlət başçısı cənab İlham Əliyev institutun yeni tədris kompleksinin açılışında şəxsən iştirak edib, görülmüş işlərə yüksək qiymət verib. 19 il öncə 21 tələbə ilə bir ixtisas üzrə bakalavriat səviyyəsində kadr hazırlığına başlayan NMİ-də hazırda bakalavriat  və  magistratura  səviyyələrində 14 ixtisas üzrə 1251 tələbə təhsil alır. Onların təhsili ilə 94 nəfərdən ibarət professor-müəllim heyəti məşğuldur. Bu heyətin 7  nəfəri elmlər doktoru, 40 nəfəri fəlsəfə doktorudur. Bu gün institutun ölkə miqyasında nüfuzu artmaqda, beynəlxalq əlaqələri genişlənməkdədir.

 

Konfransın plenar iclasında muxtar respublikada fəaliyyət göstərən təhsil və elm təşkilatlarının rəhbərləri - AMEA Naxçıvan Bölməsinin sədri, AMEA-nın həqiqi üzvü İsmayıl Hacıyev “Muxtariyyət illərində Naxçıvanda elmin inkişafına dövlət qayğısı”, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov “Muxtar respublikada təhsil quruculuğu: tarixi və müasir vəziyyəti”, Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov “Naxçıvan Dövlət Universiteti muxtariyyətin bəhrəsidir”, “Naxçıvan” Universitetinin rektoru, professor İsmayıl Əliyev “Naxçıvanda ali təhsil: dünən və bu gün” mövzularında məruzələrlə çıxış edib. Plenar iclasın sonunda Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin hazırladığı “Naxçıvanda elm və təhsil” adlı televiziya filminə kollektiv baxış olub.

 

Konfrans öz işini 5 bölmədə davam etdirib və 70-ə qədər elmi məruzə dinlənilib, səmərəli müzakirələr aparılıb.      

 

Sonda konfrans iştirakçıları Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş kitab sərgisinə baxıblar.