Aprelin 21-də Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçiriləcək. “Oxu Günü” uşaq, yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılması məqsədilə təşkil olunur.
“Gəlin birgə oxuyaq!” şüarı altında keçirilən tədbirdə paytaxtın 40 ümumtəhsil məktəb və liseyinin şagirdləri müxtəlif təqdimatlarla çıxış edəcəklər. Məktəblilər bədii əsərlər əsasında hazırlanmış səhnəciklər, pantomim tamaşalar və s. təqdim edəcəklər.
Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı, “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə reallaşdırılacaq tədbir çərçivəsində, həmçinin 30-dək nəşriyyat və kitabxana kitab sərgi-yarmarkası təqdim edəcək.
Tədbirə giriş sərbəstdir.