Lənkəran Dövlət Universitetində (LDU) “Məzun günü” keçirilib. Tədbir Dövlət himnimizin səslənməsi ilə başlayıb.
Universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov LDU-nun uğurlarından, son illərdə maddi-texniki bazanın yenilənməsi və dünya standartlarına uyğunlaşdırılması istiqamətində görülən çoxşaxəli işlərdən danışıb. Universitet rəsmisi əmin olduğunu bildirib ki, bu gün müstəqil həyata mütəxəssis kimi vəsiqə alan 616 məzun LDU-nun adını hər yerdə uca tutacaq, onlara bəslənilən etimadı doğruldacaqlar. N.İbrahimov təhsilin keyfiyyətinin artırılması, məzunların mütəxəssis kimi səviyyəsinin yüksəldilməsi, hazırlanan kadrların müasir tələblərə cavab verməsi istiqamətində başlanan kompleks işlərin bundan sonra da davam etdiriləcəyini deyib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçisi Asif İmanov, rayon Ağsaqqallar Şurasının sədr müavini, LDU İctimai şurasının sədri Sərhad Məmmədov, valideyn Mahir Qurbanov, magistr Emil Ağabəşirov, bakalavr Təhmasib Rəhimov çıxışlarında məzunlara xoş arzularını çatdırıblar, onlara gələcək həyat yollarında uğurlar arzulayıblar.
Tədbirdə təhsilini uğurla başa vuranlar da mükafatlandırılıb. LDU-nu fərqlənmə diplomu ilə bitirən bakalavr və magistrlərə diplomlar təqdim edilib. Tələbəlik dövründə ictimai fəallığı ilə seçilən məzunların bir qrupuna diplom və fəxri fərmanlar verilib.
“Məzun günü” tələbələrin hazırladıqları konsert proqramı ilə yekunlaşıb.