ABŞ-ın Kaliforniya ştatının Lənkəranla qardaşlaşmış Monterey şəhərinin  “Monterey-Lənkəran Dostluq Assosasiyası”nın icraçı direktoru Nensi Selfric Lənkərana səfəri çərçivəsində Lənkəran Dövlət Universitetinə (LDU) baş çəkib. Xanım Nensini Monterey şəhər şurasının  üzvü, fəlsəfə elmləri doktoru Alan Haffa və Monterey universitetinin azərbaycanlı professoru, fəlsəfə elmləri doktoru Vüsal Eminli müşayət ediblər.

 

LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov ABŞ-Azərbaycan əlaqələri çərçivəsində Monterey və Lənkəran şəhərlərinin dostluq münasibətlərini yüksək dəyərləndirib və işgüzar əlaqələrin davamlı olmasının hər iki tərəf üçün faydalı olacağını deyib.

 

Universitetdə son illərdə aparılan islahatlardan, maddi-texniki bazanın dünya standartlarına uyğun  yenilənməsindən, tələbat duyulan yeni ixtisaslar üzrə kadr hazırlığından söz açan universitet rəsmisi  LDU ilə Kaliforniya şəhərlərindəki ali təhsil müəssisələri arasında dostluq əlaqələrinin yaradılmasında maraqlı olduqlarını vurğulayıb. Rektor müəllim-tələbə mübadiləsinin tərəflər üçün səmərəlili olacağını fikirlərinə əlavə edib.

 

Xanım Nensi Selfric artıq LDU-ya ikinci dəfə səfər etdiyini və bu ali təhsil müəssisəsi ilə bağlı xoş təəssüratının olduğunu deyib. Universitetdə təcrübi məşğələlərə geniş yer ayrılmasını, kadrların praktik hazırlığına böyük önəm verilməsini müsbət təcrübə kimi dəyərləndirən qonaq, bu xətti ardıcıl davam etdirməyi tövsiyə edib.

 

Professor Alan Haffa söhbət zamanı LDU ilə Kaliforniya Universitetləri arasındakı əlaqələrin yaradılmasına yardımçı olacağını bildirib. Əməkdaşlığın birinci mərhələsində tələbə-müəllim mübadiləsi, birgə tədbirlərin keçirilməsi, təcrübi məşğələlərin aparılması və s. məqsədəmüvafiq sayılıb.

 

Amerikalı qonaqların LDU-da təhsil alan tələbələrlə görüşündə isə universitet rəsmiləri iştirak etməyib. Görüş qarşılıqlı dialoq və disskusiya şəraitində keçib. Görüşdən sonra amerikalı qonaqlar xoş təəssüratlarını  LDU rəhbərliyi ilə bölüşüblər. Tələbələrin hazırlıq səviyyəsindən, diskussiya bacarıqlarından, müzakirələrdə fəal iştiraklarından razı qaldıqlarını deyən amerikalı qonaqlar yaradılan şəraitə görə LDU rəhbərliyinə minnətdarlıq bildiriblər.

 

Xatırladaq ki, Monterey və Lənkəran şəhərləri arasında Qardaşlaşmış münasibətlər haqqında müvafiq razılaşma 2011-ci ilin iyun ayında, Lənkəran Şəhər İcra Hakimiyyəti nümayəndələrinin Kaliforniya ştatına işgüzar səfəri çərçivəsində imzalanıb.