AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Prezident İlham Əliyevin “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi ilə bağlı fərmanlarını iştirakçıların diqqətinə çatdırıb.
Sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri Elxan Məmmədovun “Xalq yaradıcılığında sevginin Ərtoğrol Cavid nümunəsi” mövzusunda elmi məruzəsi dinlənilib. Tədqiqatçı alim Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı sərəncamı xatırladıb.
Məruzəçi qeyd edib ki, Hüseyn Cavid nəslinin layiqli davamçısı Ərtoğrol Cavid qısa lakin mənalı həyat yolunda Azərbaycan elmi, ədəbi, mədəni mühitində özünəməxsus iz qoyub. 200-dən çox unudulmaqda olan el nəğmələrini, folkloru, xalq musiqisi və rəqslərini toplayıb nota köçürüb, onlara ikinci həyat verib. Bildirilib ki, AMEA Hüseyn Cavidin Ev Muzeyinin rəhbəri, filologiya üzrə elmlər doltoru Gülbəniz Babaxanlının təşəbbüsü və tərtibatı ilə nəşr olunan 13 cildlik “Azərbaycan Qeyri-Maddi Mədəniyyət Abidələri və Ərtoğrol Cavid” toplusunun 10 cildində Ərtoğrol Cavidin ölkənin müxtəlif bölgələrindən topladığı folklor nümunələri əksini tapıb. Diqqətə çatdırılıb ki, 3 cildlik “Naxçıvan folkloru antologiyası”nda da Ərtoğrol Cavidin topladığı həmin folklor nümunələri daxil edilib.
Daha sonra elmi-tədqiqat müəssisələrinin şöbə və laboratoriyalarına müsabiqə üçün sənəd qəbulunun yekunu barədə bölmənin elmi katibi Rəşad Zülfüqarov məlumat verib.
İclasda Elmi-təşkilat şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru Orxan Bağırov isə bölmənin elmi müəssisələrində 2019-cu ilin birinci yarısında aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatın keçirilməsi haqqında çıxış edib.
İclasda Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov çıxış edərək Naxçıvan Muxtar Respublikasında xüsusi ilə müalicəvi təsiri olan 800-ə qədər dərman bitkisinin mövcud dolduğunu, onlardan 30 növünün rəsmi dərman bitkisi kimi qəbul edildiyini söyləyib. Bildirib ki, institutun əməkdaşları muxtar respublika ərazsinə təşkil edilən ekspedisiyalar vastəsilə həmin dərman bitkilərinin yayılma zonalarını müəyyənləşdirib, belə bitkilərin tərkibindəki bioaktiv maddələri aşkarlayıb və həmin maddələrin ayrı-ayrı xəstəliklərdə müalicəvi əhəmiyyətlərini öyrəniblər. Bu istiqamətdə aparılan tədqiqatların nəticəsi olaraq “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri” adlı kitab nəşr edilib. Hazırda institutun bir qrup əməkdaşı gigiyenik qaydada, müxtəlif xəstəliklərin müalicəsində istifadə edilməsi üçün xüsusi təcrübələrlə yoxlanılan reseptlər əsasında dərman bitkisi qarışığı hazırlayırlar.
İclasda, həmçinin Təbii Ehtiyatlar İnstitutunun elmi katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayevin 70 illik yubileyinin qeyd edilməsi və səmərəli elmi fəaliyyətinə görə bölmənin Fəxri fərmanı ilə təltif edilməsi ilə bağlı qərar qəbul olunub.
Sonda bir sıra cari məsələlərə baxılıb.