Naxçıvan Dövlət Universitetinin (NDU) Elmi Kitabxanasında “Məntiq” adlı dərsliyin təqdimatı keçirilib.

 

Rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, universitetin əməkdaşları tərəfindən  bu cür kitabların yazılması olduqca sevindirici haldır. Bildirilib ki, məntiq hər kəsin bilməsi vacib olan bir elmdir və bütün fərqli sahələrdə də insanların məntiqli olmağa ehtiyacı var.

 

Beynəlxalq münasibətlər kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Yusif Hüseynov 10 fəsildən ibarət olan kitabda məntiqin predmeti və əhəmiyyəti, sual və cavabın məntiqi, əsas formal məntiqi qanunlar, induktiv və analoji əqli nəticə, arqumentasiya və sübutetmə, hipotez və s. kimi mövzuların yer  aldığını bildirib. Diqqətə çatdırılıb ki, bu istiqamətə həsr olunmuş kitab tələbələr üçün təkcə nəzəri baxımdan deyil, həm də praktiki yönümdən faydalıdır.

 

Fəlsəfə və sosial iş kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Abbas Əhmədov nəzərə çatdırıb ki, hüquqşünaslıq və sosial iş ixtisaslarının bakalavr pilləsi tələbələri üçün yazılmış kitabda nəzəri məsələlərin mənimsənilməsini asanlaşdırmaq məqsədi ilə onların hər birinə dair hüquqşünaslıq və sosial iş praktikasından nümunələr gətirilir. Vurğulanıb ki, kitabdan həm də ali məktəblərin digər ixtisaslarında təhsil alan tələbələr, habelə məntiqi müstəqil öyrənənlər də istifadə edə bilərlər.

 

Sonra kitab haqqında fikirlər dinlənilib.

 

Kitabın müəllifi, fəlsəfə üzrə elmlər doktoru, professor Qərib Allahverdiyev universitet mühitində yaradıcı insanların elmi-pedaqoji fəaliyyəti üçün göstərilən dövlət dəstəyinə görə minnətdar olduğunu bildirib.